ArxivXəbər lentiXəbərlər

“Əgər vəhdətimiz olsaydı Xocalı soyqırımı olmayacaqdı”

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının üzvü Sahil Rzalı həbsxanadan Azərbaycan xalqına müraciət etdi:

“Əslində günlərdir ki, canımdakı şiddətli ağrının acısını çəkməkdəyəm. Səhhətimdə yaranmış bu ağrılar ağrıkəsicinin bir müddət “sığalından” sakitləşsə də, daha şiddətli şəkildə yenidən bərpa olur.

Bütün bunların bu günə-26 fevral kimi qanlı tariximizə adiyyatı yoxdur. Amma bu gün bir daha hiss etdim ki, bizim bütün ağrılarımızın Xocalı soyqırımına adiyyatı var. Eyni zamanda Xocalıda baş verən bütün dəhşətlərin bizim hamımıza, hətta yüz il, min il sonra doğulacaq həmvətənlərimizə dəxli var. Əslində Xocalı soyqırımı ilə bağlı deyilən ən yaxşı sözlər elə şiddətli ağrını hiss etdirməyən ağrıkəsici kimidir. Bu qədər böyük dəhşəti, bu qədər dərin acını, ağrını necə unutmaq olar?

O Xocalıda axıdılan qanlardır ki damarlarımızda qaralır, düyünlənir… bu qanın yaddaşındakı o vəhşətdir ürəyimizi partladan.

Bu gün Xocalıda qarnı yarılan hamilə azərbaycanlı qadının şəkli asıldı gözlərimdən və günlərdir ağrılarımdan qıvrıldığıma utandım. Biz niyə o qadınlarımızın harayına çata bilmədik? Niyə bizim körpələrin başını ermənilər üzüb, təpə düzəltdilər? Biz hardaydıq? Bəli, Xocalı soyqırımının qaranlıq sirrini çözmək üçün bircə bu sual bəs edər: BİZ bir xalq olaraq hardaydıq o gecə?

Əziz həmvətənlərim, əziz xalqım, Xocalı soyqırımının səbəblərini min cür izah etdilər. Amma əslində bir səbəb var idi. Bu səbəb hələ də davam edir və bizi hələ də qətliamların qurbanına, oyunların məğlub tərəfinə çevrir. Biz bir yumruq kimi birləşsəydik erməni bizim bir qarış torpağımızı ala bilməzdi. Ən böyük fəlakətimiz parçalanmağımızdadır.

Əziz xalqım, biz birləşməliyik, əgər birləşməsək…

Bu gün hələ də azərbaycanlı qadınlar ermənilərin əsirliyində zorlanır, bizim ləyaqətimiz təhqir olunur. Bu gün öz doğmaca anasının məzarını ziyarət edən soydaşlarımız, öz ata yurdunda erməni tərəfindən əsir alınır və göz bəbəyimiz olan Şuşamızda, Azərbaycanın qədim mədəniyyət beşiyi olan, erməni işağlında inildəyən Şuşamızda əsir saxlanılır.

Xocali soyqırımında Şəhid olan 2 yaşlı həmvətənimizin ruhu bizi bağışlamaz əgər birləşməsək…

O Böyük Qələbə Gününün, Qarabağımızı, bütün işğalda olan torpaqlarımızı azad edəcəyimiz o Müqəddəs Günün xatirinə BİRLƏŞƏK!

Bütün Xocalı Şəhidlərinə Allahdan rəhmət diləyirəm!

Biz Sizi unutmadıq! Sizin qisasınızı alacağımıza hər gün and içdik!”

YADDAŞ:

2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Müsəlman Birliyi Hərəkatının üzvi olan Sahil Rzayev dindarların arasında olub.

O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün azadlıqdan məhrum edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button