ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Valideynlər narahatdır: Seksual hərəkətlər etməkdə ittiham olunan yeniyetmə vəzifəlinin qohumudur

Ötən il də həmin məktəbdə deputatlardan birinin oğlu ilə bağlı eyni ittihamların irəli sürüldüyü deyilir

Bakının Səbail rayonunda yerləşən 6 saylı orta məktəbin valideynləri yanvarın əvvəlində məktəbdə 2-ci sinif şagirdinə qarşı seksual hərəkətlər edilməsi ilə bağlı irəli sürülən ittihamların ört-basdır ediləcəyindən narahatdırlar. Meydan TV-yə müraciət edən valideynlər bildiriblər ki, ittihamda adıçəkilən 7-ci sinif şagirdi vəzifəli şəxsin yaxın qohumudur. Bu səbəbdən də hadisə başqa məcraya yönləndirilib.
Yanvarın 10-da mətbuata açıqlama verən azyaşlının valideyni bildirib ki, çarəsizdir, övladına qarşı seksual hərəkətlər etməklə ona travma yaşadıblar.
“Hər kəsin övladı var və bunu yaşamasın deyə yazıram. 3 dəfə uğursuz hamiləlikdən, çətin və ağır müalicələrdən 7 il sonra övladım dünyaya gəlib və bir daha ana olmayacağımı bilirdim. Övladımı 6 saylı məktəbə qoyduq, uşağın üzərində nəzarətim güclü idi. Uşaq mənə olanları danışdı və şok yaşadım. 8 yaşlı oğlum 7-ci sinif şagirdlərinin bu murdar əməllərini etiraf etdi. Uşağın bədəni çimdik-çimdik idi”,-ana bildirib.
Qeyd edib ki, övladı dərsdən sonra məktəbdə ingilis dilindən hazırlığa qalıb, həmin uşaq da 7-ci sinif hazırlığına gedib. 7-ci sinif şagirdi və dostu oğlunu tutaraq ona video göstərib və gördüklərini icra etməyə məcbur ediblər:
“Uşaq günlərdir ürək bulanmasından əziyyət çəkirdi. Bunu danışanda təşviş və qorxu içində idi. Məktəbin direktoru uşaqları uzaqlaşdıracağına, məsələni həll edəcəyinə söz verdi, amma nədənsə həllini tapmadı. Çünki 7-ci sinif şagirdinin valideyni nəyəsə güvənib bizə “videogörüntü göstər” deyir. 8 yaşlı uşaq 2 min 400 nəfər arasında bu uşaqları göstərir. Hətta o anda mən başqa şagirdi göstərdim, övladım dedi ki, ana, səhv deyə bilmərəm”.
Azyaşlını müayinə edən kliniki psixiatr ailəyə uşağın travma yaşadığını təsdiqləyən arayış verib. Ana deyib ki, 7-ci sinif şagirdi ingilis dili müəlliminin 5 yaşlı övladına, 3-cü sinif uşağına da porno videolar göstərib, onlardan bunu icra etmələrini istəyib. 7-ci sinif şagirdinin başqa uşaqlara göndərdiyi səs yazısı var. O, ancaq pis ifadələrlə danışır və video çəkərək başqa uşaqları manipulyasiya edir.
Ananın ittihamlarından dərhal sonra Elm və Təhsil Nazirliyi azyaşlıya qarşı seksual hərəkətlər edilməsi xəbərlərini təkzib edib. Eləcə də məktəb rəhbərliyi mətbuata açıqlamasında əvvəlcə adı hallandırılan 7-ci sinif şagirdinin məktəbdən uzaqlaşdırıldığını söyləsə də, sonradan uşağın məktəbə qaytarıldığını, hər iki uşağın hazırda dərslərə qatıldığını bildirib.
Valideynlər isə bildiriblər ki, ikinci sinif şagirdinin valideynləri qorxudulub, ona görə də hazırda onlar mətbuata açıqlama vermək, eləcə də şikayət etməkdən çəkinirlər.
“Baxmayaraq ki, azyaşlının da ailəsi imkanlıdır və uşağın nənəsi çox aktiv və ötkəm qadındır. İnanmaq istəmirik ki, kimdənsə çəkinib geri çəkilsin”, – valideynlərdən biri deyib.
Adının açıqlanmasını istəməyən həmin valideyn deyib ki, məktəbdə ötən il də belə hadisə baş verib, deputatlardan birinin 11-ci sinifdə oxuyan oğlu 6-cı sinif şagirdinə qarşı seksual hərəkətlər edib. Amma hadisənin üstü qapadılıb.
“Hadisə hər iki uşaq kursda olarkən baş verib. 7-ci sinifdə oxuyan oğlan tualetdə azyaşlıya porno video göstərərək uşaqdan eyni hərəkətlər etməsini istəyib. Oğlan psixoloqa ifadəsində video göstərdiyini etiraf edib, amma hərəkət etmədiyini deyib”, -valideyn danışıb.
7-ci sinifdə təhsil alan şagirdlərdən biri isə sayta danışıb ki, sinif yoldaşı söyüşlə danışmaqla ona və sinif yoldaşlarına təsir edə bilib:
 “İdmanla məşğul olur. Dəfələrlə qızların anası söyüş söydüyünə görə sinifdən uzaqlaşdırılmasını tələb etsə də, direktor məktəbdən çıxarmır. Çünki anası həkim, atası hüquqşünasdır, babası da vəzifəlidir”.
Digər valideyn isə deyib ki, ayın 9-da azyaşlının valideynləri polis əməkdaşları ilə birgə məktəbə daxil olaraq kameralara baxıb. Kamera görüntüsündə heç nə aşkarlanmayıb. Səhəri gün 7-ci sinif şagirdlərinin valideynlərinin iştirakı ilə iclas keçirilib.
“Uşaqlar dedilər ki, hadisə uşaqlar kursda olarkən baş verib. Həmin vaxt digər üç uşaq məktəbdə olmayıb. Amma videonu göstərən uşaq pis münasibətdə olduğu sinif yoldaşlarının da adını çəkməklə fikirləri özündən yayındırmağı bacarıb. Uşaq 7-ci sinifdə oxumağına baxmayaraq diribaşdır. Hətta polis əməkdaşına valideyni olmadan telefonunu verməkdən, danışmaqdan imtina edib”,-valideyn bildirib.
Mehriban Vəliyeva. Foto: “Azərtac”
Hadisədən bir neçə gün sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva 6 saylı məktəbdə olub. Vəliyeva “APA”-ya açıqlamasında 2-ci sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edildiyini də bildirib.
Vəliyeva məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görüldüyünü deyib.
Valideynlərdən biri isə deyib ki, kamera görüntülərinin silinməsi mümkün deyil. Çünki valideyn polislə birgə məktəbə gələndə direktor məktəbdə olmayıb. Bununla belə, uşağın porno görüntülərə baxdığı təsdiq olunub.
Meydan TV dəqiqləşdirib ki, hadisəni törətməkdə təqsirləndirilən 7-ci sinif şagirdinin anası Birinci vitse-prezidentin katibliyinin rəis müavinlərindən birinin bacısı qızıdır. Meydan TV azyaşlıların kimliyinin qorunması səbəbindən həmin şəxsin adını açıqlamır.
Azərbaycanın Prezidenti İlham Əliyev də sözügedən məktəbdə təhsil aldığından bu təhsil ocağı “prezident məktəbi” kimi tanınır və daha çox imkanlı şəxslər övladlarının həmin məktəbdə oxumasını istəyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button