ArxivmədəniyyatXəbər lentiXəbərlər

“Ümidi Allaha qalanlar”ın yataqxanasından reportaj… – FOTOLAR

Artıq havalar soyuyub və qarşıdan şaxtalı qış günləri gəlir. Qaçqınların məskunlaşdıqları yataqxanaların vəziyyəti isə heç də ürəkaçan deyil.
Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlər artıq 22 ildən artıqdır ki, acınacaqlı vəziyyətdə yaşayırlar. Hər kəs oranı «qaçqınlar məhəlləsi» olaraq tanıyır. Əslində isə bura Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasıdır.
Mindən çox qaçqın ailəsinin məskunlaşdığı yataqxananın həyətinə daxil olduq. Bizi ilk qarşılayan ətrafdakı binaların balkonlarından sallanmış paltarlar, ağzı açıq qalmış kanalizasiya quyuları, havasızlıqdan yaranan pis qoxu, rütubətdən göyərmiş divarlar, bir-birinin boğazına dolanmış naqillər, palçıqlı küçələr və kanalizasiyadan axan sular oldu. Bu «mənzərə»ni görmək üçün qaçqınların məskunlaşdıqları istənilən yataqxanaya getmək olar. Demək olar ki, hər birində eyni vəziyyətdir.

«Bizim ümidimiz Allaha qalıb»

Sakinlərin sözlərinə görə, uzun illərdir ki, yataqxanada qaz yoxdur: «Bu binalara qaz çəkilməyib. Ona görə də, hər ehtiyacda elektrik enerjisindən istifadə edirik. Havalar soyuyub. Otaqları qızdırmaq üçün istilik sobalarından istifadə edirik. Amma bunun da faydası az olur. Otaqlar yaxşı qızmır, uşaqlar da üşüyür. Qış aylarında daha da pis olacaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin əməkdaşları qış günlərində öz isti evlərində yatacaqlar. Onlar bizi düşünmürlər. Bizim ümidimiz Allaha qalıb».

«Kiçik bir zəlzələ olsa, bina çökə bilər»

Şikayətçilər deyirlər ki, yataqxananı təmir etsələr də, fərq etməyəcək. Artıq bina yararsız hala düşüb: «Gördüyünüz kimi, kanalizasiya suları aşıb-daşır. Hər tərəfi pis qoxu bürüyüb. Həftədə bir neçə gün bu durumdayıq. Daha baxan yoxdur. Binanın hər tərəfindən üstüaçıq naqillər sallanır, elektrik xətləri tez-tez qırılır, divarlar nəmişlikdən göyərib, kiçik bir zəlzələ olsa, bina çökə bilər. Bəzi yerlərdə yaşayan qaçqınları yaxşı yerlərə köçürüblər. Çünki yaşadıqları ərazi plana düşüb. Bizi isə köçürən yoxdur. Gözləyək, görək, bizim yataqxana da nə vaxtsa plana düşəcəkmi?»

«Evimizə qonaq gələndə biabır oluruq»

Adının çəkilməsini istəməyən bina sakinlərindən biri isə liftin nasaz olmağından şikayətləndi: «Özüm müəlliməyəm. Doqquzmərtəbəli binanın 8-ci mərtəbəsində qalıram. Liftimiz tez-tez xarab olur. Bəzən qapısı bağlanmır. Açıq qalan aralıqdan birtəhər liftə minirik, o formada mənzilimizə qalxırıq. Bəzən isə lift qəfil dayanır və saatlarla liftdə qalırıq. Artıq bezmişik… Bina sakinlərindən pul toplayıb, usta gətirdirik. Təmir edirlər, bir müddət sonra yenə eyni vəziyyət təkrarlanır. Sanki qəsdən edirlər ki, tez-tez pul qazana bilsinlər. Binanın komendantı yoxdur. Əvvəllər var idi, ona da heç kim pul vermədiyi üçün daha işləmir. Ona görə də, bina üfunət iyi verir. Birinci mərtəbəni, lifti tualet kimi istifadə edənlər də var. Evimizə qonaq gələndə biabır oluruq. Bizim günahımız nədir, axı..? Qaçqınıq deyə belə vəziyyətdə yaşamalıyıq?»

«Uşaqlara valideynləri başa salmırlar ki, blok tualet deyil»

«Günah həm də bizim özümüzdədir. Natəmizliyi özümüz yaradırıq. Kimsə bayırdan gəlib, bizim binanın qabağına və arxasına içində uşaq bezləri olan zibil atmır. Bunu burada yaşayanlar edirlər. Pəncərədən zibili, çay qalığını aşağıya atırlar. Sonra şikayət edirlər ki, hər tərəf zibillikdir. Binanın blokuna giriləsi deyil. Üfunət iyi gəlir. Uşaqlara valideynləri başa salmırlar ki, blok tualet deyil» – bu sözləri də yataqxana sakinlərindən biri olan Səməd Vəliyev dedi.
Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir.



















Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button