ArxivXəbər lentiXəbərlər

Qiymətlər artır, xalq susur, müxalifətsə…

Hamı qiymət artımından danışır. Ölkədə ciddi bahalaşma ajiotajı yaşanmaqdadır. Azərbaycan cəmiyyəti bu dəfə də gözləmə mövqeyi tutaraq, prosesləri öz axarına buraxıb. Qarşıdan da parlament seçkiləri gəlir.

İqtidar arxayındır və anlayır ki, vətəndaşlar ölkədə baş verən haqsızlıqlara seyrçi qalırlar. Qiymət artımına da reaksiyalar ciddi deyil. Bunu anlamaq da mümkündür. İnsanlar səmərəsiz mübarizə metodlarından beziblər. Lakin milyonlarla insanın öz taleyinə biganə qalmasına haqq qazandırmaq çətindir. Digər tərəfdən, xalqı da günahlandırmaq absurddur. Xalq son 20 ildə dəfələrlə ən ağır şərtlər altında öz sözünü deyib. Son illər mübarizənin səmərəsiz olması proseslərə mənfi təsir göstərib. Lakin xalqı öz gücünə və qələbəyə inandırmaq hələ də mümkündür. Ənənəvi şüar və taktika ilə isə buna nail olmaq son dərəcə çətindir.

Qiymət artımı hər bir vətəndaşın vəziyyətini pisləşdirir. Bu baxımdan, sosial tələblərlə aksiya keçirtmək müxalifət üçün göydəndüşmə olmalı idi. Lakin bu baş vermədi.

Əslində, müxalifət dərhal, vaxt itirmədən sosial tələblərlə küçə və meydanlara axışmalı, iqtidara qarşı irimiqyaslı aksiyalara başlamalı idi. Seçkilərə qədər itirilən vaxt xalq qəzəbinin, etiraz buxarının azalması üçün kifayət qədər böyük zaman kəsiyidir.

Az da olsa güman etmək olar ki, heç olmasa seçkilərə qədər müxalifət bütün daxili narazılıqları bir kənara qoyacaq və hamının maraqlarına birbaşa zərbə vuran “qiymət artımına yox deyək” şüarı ilə protest elektoratını birləşdirməyə cəhd göstərəcək.

Ölkə daxilində aksiya, digər narazılıqlar üçün şərait yaranıb, xarici amillər də müxalifətin “çörəyinə yağ sürtür”. Məntiq onu deməyə əsas verir ki, müxalifət bu şansdan bəhrələnəcək və Ukrayna proseslərini kölgədə qoyacaq aksiyalara başlayacaq. Bunu çoxları düşünür.

Lakin son 20 ilin proseslərini daha soyuqqanlı izləyən müşahidəçi anlayır ki, müxalifət bu dəfə də bunu edə bilməyəcək. Bəlkə də bu, belə də olmalıdır. Cəmiyyət özü ağır vəziyyətdədir. Ölkədə siyasi nümunələr, ölçülər, dəyərlər sistemi dəyişməyənə qədər belə də olacaq. Azərbaycanda siyasi sistemin iflası ilə yanaşı hakimiyyətin ayrı-ayrı qruplarının sürətlə silahlanması prosesi müşahidə olunur.

Azərbaycan xalqı rasional olduğu qədər də ayıqdır. 1988-ci ildən bu yana dəyişməyən müxalifətçilik şüurunu, qarşılıqlı ittihamları, agent axtarışını həzm edə bilmir.

Müxalifətin bir-birinə qarşı ardıcıl, təşkil olunmuş hücumları ümumi müxalif düşüncəyə zərbələr vurur. Eyni zamanda geniş xalq kütlələrinin protestlərə daha fəal müdaxiləsinin qarşısını alır.

Baş verənlər bir daha onu vurğulamağı zəruri edir ki, siyasi sistem tam iflas içindədir. Keyfiyyətcə yeni siyasi sistem yaradılmayınca müsbət dəyişiklik də baş verə bilməz.

Lakin cəmiyyət özü də taqətsiz vəziyyətə salınıb və bütün məsuliyyəti yalnız müxalifətin üzərinə yıxmaq yanlışdır. Proseslərin bir baş qəhrəmanı var. O da xalqın özüdür. Yalnız xalq bütün ssenariləri pozmağa və layiq olduğu yaşamı qazanmağa qadirdir…

Azər RƏŞİDOĞLU/musavat

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button