ArxivXəbər lentiXəbərlər

Şuşanın işğalından 26 il ötür

Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 26 il ötür.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı.

Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü.

Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.
Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button