ArxivXəbər lentiXəbərlər

Şok məlumat: 20 Yanvar faciəsində ABŞ-ın da əlinin olması üzə çıxdı

“Bakıya qoşun yeridilməsində ABŞ senatorlarının müraciəti müəyyən ilhamverici rol oynayıb və Qorbaçovu belə bir qanlı addım atmağa ruhlandırıb”

20 Yanvar qırğının törədilməsində ABŞ-ın da müəyyən qədər təsirinin olduğunu təsdiqləyən sənəd ortaya çıxıb. Hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində Mixail Qorbaçova ünvanladığı ermənipərəst müraciətin mətni yayılıb. Məlum olub ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir qrup üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib.

APA-nın “Karabakhrecords.info” saytına istinadən verdiyi məlumata görə, amerikalı senatorların müraciətində deyilir ki, son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməni qaçqın vəziyyətinə düşüb.
Müraciətdə deyilir ki, Azərbaycana göndərilən sovet zabitləri vəziyyəti vətəndaş müharibəsi kimi təsvir ediblər: “Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik”.
Politoloq Qabil Hüseynlinin fikrincə, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi üçün qəbul etdiyi qərarın icrasına ABŞ-dan göndərilmiş həmin müraciətin təsir göstərdiyi şübhəsizdir: “Düzdür, qərar SSRİ-nin Siyasi Bürosu səviyyəsində qəbul edilmişdi. Amma həmin qərarın icrasında Mixail Qorbaçovda tərəddüdlər var idi. Amerikanın senator və konqresmenlərinin həmin müraciəti bu qərarın icrasını xeyli sürətləndirdi. Həmin dövrdə SSRİ-nin təbliğatı Azərbaycanda guya müsəlman fundamentalizminin baş qaldırdığını, qısa müddətdə Azərbaycanda teokratik müsəlman rejiminin qurula biləcəyini təbliğ edirdi. Bütün bu təbliğatların əsaslı olub-olmadığını ABŞ kəşfiyyatı dəqiqləşdirmədən Vaşinqton bu təbliğata inanmağa başlamışdı. Üstəlik də erməni lobbisi ABŞ-da Azərbaycana qarşı təbliğat aparırdı ki, guya Bakıda, Qarabağda müsəlmanlar erməni əhalini qırırlar. Təəssüf ki, ABŞ o zaman bu təbliğatın da təsiri altına düşmüşdü. Adıçəkilən senatorların Mixail Qorbaçova müraciətində bu təbliğatın öz sözünü dediyi açıq görünür. Müraciətdə Azərbaycanın Ermənistanı da blokadaya aldığı qeyd olunur ki, bu da tamamilə əsassız fikirlərdir.
Müraciətdə açıq şəkildə bildirilir ki, SSRİ rəhbərliyi Bakıda, Qarabağda guya ermənilərə qarşı həyata keçirilən təzyiqləri, qətlləri durdurmaq üçün ciddi tədbirlər görməlidir. Mixail Qorbaçov ABŞ-dan edilən bu müraciətdən sonra arxayınlaşdı, tərəddüdləri aradan qalxdı və Bakıya qoşun yeritmək göstərişini verdi. Beləliklə, aydınlaşır ki, 20 yanvarda Bakıya qoşun yeridilməsində ABŞ senatorlarının müraciəti müəyyən ilhamverici rol oynayıb və Qorbaçovu belə bir qanlı addım atmağa ruhlandırıb”.
Q.Hüseynli onu da bildirdi ki, 20 Yanvarla bağlı aparılmış istintaq da sonradan sübut etdi ki, Azərbaycanda heç bir müsəlman fundamentalizmi, əlində silah mübarizə aparan yoxdur. Mübarizə dinc xalqın milli azadlıq mübarizəsidir: “ABŞ-ın heç bir əsas olmadan SSRİ və erməni təbliğatına inandığı da sübuta yetdi. Xəlil Rza kimi xalq şairini həbs etdilər. Sonra gördülər ki, onun şeirlərindən başqa silahı yoxdur. Etibar Məmmədov, Nemət Pənahlı da həbs edildilər. İstintaq zamanı sübut edildi ki, onlar da sırf dinc siyasi mübarizə aparan milli adamlardır, onların İslam fundamentalizmi ilə heç bir əlaqəsi yox idi. Amerika senatorlarının da həmin müraciətinin həm ABŞ üçün, həm Con Kerri və digər məktub müəllifləri üçün başucalığı gətirən addım olmadığı sübuta yetib. Dünyanın bir nömrəli dövlətinin həmin dövrdə nə dərəcədə səriştəsizlik etdiyi bəlli oldu”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button