ArxivXəbər lentiXəbərlər

“Şeyxülislamın açıqlaması Konstitusiyaya uyğun deyil”

Fevralın 14-ü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə din adamlarını ölkə başçısı İlham Əliyevi prezident seçkilərində dəstəkləməyə çağırıb.
qafqaz.ir rakurs.tv-nin xeberina gore.QMİ-də toplantı keçirən A.Paşazadə deyib ki, İlham Əliyev hakimiyyətə gələndən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub.
QMİ sədri qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar əziyyət çəkib, yalnız müstəqillikdən sonra rahat ibadət edilməyə başlanılsa da, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müsəlmanlar birləşməyə başlayıb. Allahşükür Paşazadə həm də dindarlara yaradılan şəraitdən narazılıq etməməli olduqlarını vurğulayıb:
“Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükür edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur”.
Dinin dövlətdən ayrı olduğu bir ölkədə bu cür çağırış doğrudurmu?  
“Azərbaycanda heç bir qanun işləmir”
Bunu Politoloq Zərdüşt Əlizadə Toplum Tv-yə açıqlamasında qeyd edib. Onun sözlərinə görə, rəsmi din xadimləri hər zaman hakimiyyəti müdafiə edirlər:
“Bu dövlətdə nə düzdür ki, bu da düz olsun? Azərbaycanda heç bir qanun işləmir. Burada hər şey şərtidir. Heç nəyə təəccüblənmirəm. Din xadimlərinin bu açıqlamaları da hakim sinifə xidmətdir. Bildiyimiz kimi, din hakim siniflərin əlində cəmiyyəti əsarətdə saxlamaq üçün bir vasitədir. Onlar özlərinə yaxın din xadimləri və dini qurumlar vasitəsi ilə əzilənlərə, soyulanlara, döyülənlərə, satılanlara deyirlər ki, müqavimət göstərməyin, Allahı və dini unudun. Əslində, haqq və ədalət dini olan İslamdan da bu məqsədlə istifadə edirlər. Dini özlərinin gəlir mənbəyinə çeviriblər. Halbuki İslam dini, Allah və peyğəmbərlər, dini kitablar müsəlmanlardan ədalət tələb edir, onlara zülmə qarşı çıxmağı istəyir. Bunlar isə insanlara təklif edirlər ki, haqsızlığı müdafiə edin. Vəssalam. İslam dininin xadimləri zaman-zaman istər padşahların dövründə, istər çarların vaxtında, istərsə də sovet dönəmində yalnız və yalnız hakimiyyəti müdafiə ediblər. Qeyri-rəsmi din xadimlərini demirəm, çünki onlar içəridədirlər. Onları hakim siniflər sevməyib və nəticədə təzyiqə məruz qalıblar. Çünki onlar dinin tələb etdiyi kimi hərəkət ediblər”.
“Dövlətdən hansısa asılılığı olmayan din xadimləri açıq şəkildə hansısa namizədi dəstəkləyə bilərlər”
Hüquqşunas Səməd Rəhimli isə hesab edir ki, qanunla din xadimləri siyasətə qarışa bilməzlər: “Konstitusiya din xadimlərinin passiv seçki hüququnu, yəni seçkidə namizəd olmaq hüququnu məhdudlaşdırır. Bundan əlavə, din dövlətdən ayrıdır. Yəni din xadimləri siyasi məsələlərə (idarəçilik və bürokratik) qarışa, dövləti məsələlərin həllində dini arqumentlər və maraqlar əsas götürülə bilməz. Amma Konstitusiya hər bir vətəndaş kimi din xadimlərinə də aktiv seçki və hansısa namizədi açıq şəkildə dəstəkləmək hüququnu tanıyır. Bu baxımdan dövlətdən asılılığı və marağı olmayan din xadimləri açıq şəkildə hansısa namizədi dəstəkləyə bilərlər. Lakin Qafqaz Müsəlmanları İdarəsi qeyri-dövlət qurumu olsa da, dövlət tərəfindən bu və ya digər formada dəstəklənir və dövlət həmin quruma müəyyən qanuni səlahiyyət verib. Yəni İslam dini icmaları Qafqaz Müsəlmanları İdarəsindən bir növ asılıdır. Belə olduqda Qafqaz Müsəlmanlar İdarəsini müstəqil dini qurum, onun rəhbərini də müstəqil din xadimi kimi qəbul etmək mümkün deyil. Dövlətdən maddi dəstək də alırlar və dövlət İslam dini icmalarına dair onlara nəzarət funksiyası verib. Başqa sözlə, Qafqaz Müsəlmanları İdarəsinin para-publik funksiyaları da var. Bu halda Qafqaz Müsəlmanlar İdarəsi və onun təmsilçisi hər hansı siyasi namizədi dəstəkləməməlidir.
Para-publik funksiyası olan bir dini qurum konkret bir namizədin xeyrinə hərəkət edirsə, bu, dünyəvilik prinsipi baxımından da problemlidir. Nəticə olaraq, dövlətlə qarşılıqlı asılılığı olan Qafqaz Müsəlmanları İdarəsinin konkret siyasi namizədə dəstək verməsi həm seçki təşviqatında haqlı rəqabətlə, həm də dünyəvilik prinsipi ilə uzlaşmır və Şeyxülislamın açıqlaması Konstitusiyaya uyğun deyil”.
0

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button