ArxivXəbər lentiXəbərlər

Saytlar hakimiyyətin siyasətini ifşa etdiyinə görə bloklanır

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində “Azadlıq” qəzeti, “Meydan.tv” və “Azadlıq” radiosunun saytlarının bloklanmasına bir daha münasibət bildirib:

“Bu ilin mart ayının 26-dan etibarən ölkədə “Azadlıq” qəzeti, “Meydan.tv” və “Azadlıq” radiosunun səhifələrinə girmək bloklanıb, yəni yasaqlanıb. Təxminin 3 həftədən artıqdır ki, ölkə əhalisi alternativ məlumat əldə etmək, etibarlı informasiya almaq hüququndan məhrum edilib. İnsanların informasiya hüququnun pirat üsullarla qarşısının alınması heç şübhəsiz ki, siyasi sifarişin açıq təzahürüdür və bilavasitə yüksək dövlət qurumlarının tapşırığına əsasən həyata keçirilir.
Ən maraqlısı odur ki, Azərbaycandan kənar bütün ölkələrdə qeyd edilən media orqanlarının saytlarına giriş sərbəstdir və bu məsələdə heç bir problem yoxdur. Deməli qadağanlıq ancaq Azərbaycan ərazisində keçərlidir və bu da ölkə hakimiyyətinin əhalinin azad informasiya almaq hüququna qarşı yönəlmiş anti-konstitusiyon aktdır., mətbuat haqqında qanunun birbaşa pozulması, ölkəni qanunlarla deyil, göstərişlərlə idarə etməyin açıq təzahürüdür. Əvvəllər də belə hallar müşahidə edilib, lakin həmin vaxtlar qadağalar total xarakter daşımayıb. Hazırda qeyd edilən media qurumlarının saytlarına girişə total şəkildə qadağa qoyulub.
Burada digər bir sual meydana çıxır: Niyə məhz bu saytlar bloklanıb? Cavabı çox sadədir: məhz bu saytlar öz informasiya siyasətində hakimiyyətin korrupsiya, yalan, talan, büdcə oğurluğu və digər natəmiz əməlləri barədə cəmiyyətə doğru-düzgün məlumat verməyə çalışır. Niyə məhz bu bloklama martın 26-dan başladı? Məlum olduğu kimi martın 22-də Milli Şura özünün mitinq qərarını mətbuat üçün açıqladı. Mitinqin tarixi bəlli olan kimi anti-mitinq addımı kimi hakimiyyətin göstərişi ilə bu 3 media qurumunun saytlarına giriş yasaqladı ki, insanlar mitinqin tarixi və yeri haqqında məlumat ala bilməsinlər. Hətta, mitinq günü bir sıra provayderlər “Məhsul” stadionu ərazisində internet xidmətini belə kəsməli olmuşdur.
Bəs sual olunur mitinqdən sonra niyə bloklama qaldırılmır? Bu bir eksperiment idi. Hakimiyyət bu eksperimentdən yararlandığın zənn edir. Növbəti hədəfdə sosial şəbəkələr olacaq və bizim ölkə tək partiyalı bir sistem olaraq XXI əsrdə Şərqin qapısında kommunizmin korrupsiyada şölələnən mayakına çevriləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button