ArxivIslamXəbər lentiXəbərlər

Rövşən Əhmədzadə: “On dörd nur”

Bütün həmd və sitayişlər aləmlərin Pərvərdigarı, yenilməz qüdrət sahibi olan Allah-təalaya məxsusdur. Onun nurundan xəlq olunan, hər bir eyb, nöqsan, səhv, xəta, unutqanlıq, günah və bir sözlə bütün maddi-mənəvi çirkinlikdən uzaq olan 14 Məsuma (ələyhimussalam), ən gözəl xalis salavat və salamlar olsun.
Möminlərə şəriət məsələlərindən əlavə Quranın buyuruğuna əsasən üç əsas vəzifə də vacibatdan sayılır. Belə ki, ayələri araşdırarkən Əhli-beytə (ələyhimussalam) məhəbbət bəsləmək (Şura surəsi, ayə 23), itaət etmək (Nusa surəsi, ayə 59) və Onları vasitəçi tutmaq (Maidə surəsi, ayə 35) Qurani-Kərimdə açıq-aşkar bəyan olunur və əlbətdə ki, bu barədə heç bir şəxsin üzr və bəhanəsi qəbul olunmazdır.
Digər önəmli vəzifələrdən biri də on dörd Məsumu (ələyhissalam) ləyaqətimiz qədər tanımaq və Onlara olan mərifətimizi artırmaqdır. Hədisdə buyurulur: “Hər kəs öz dövrünün İmamını tanımadan dünyadan köçsə, onun ölümü sanki cahiliyyət dövrünün, münafiqlərin, kafirlərin və yolunu azmışların ölümü kimidir.” (Usulu kafi, c.1,səh.180).
Əlbətdə ki, Məsumun adını, ləqəbini, nəsəbini, ailəsini, anadan olduğu ili, şəhadət tarixini və s. tanımaq və bilmək kifayət deyildir. Burada məqsəd başqadır. Yəni İmamın Allah tərəfindən höccət və xəlifə olduğunu, Ona itaətin vacibliyini, Onun kamil bir insan və məsum olduğunu, həmçinin Onun Allahın iznilə hər yerdə hazır olduğunu və əməllərimizi gördüyünü dərk etsin.
Rəvayətdə deyilir: “Bir nəfər İmam Sadiqdən (ələyhissalam) İmama mərifətin nə olduğunu soruşur. Həzrət buyurur:
یَعْلَمُ أَنَّهُ إِمَامٌ مُفْتَرَضُ الطَّاعَةِ غَرِیبٌ شَهِید
“Allah tərəfindən İmama itaətin vacibliyini və din uğrunda qürbətdə şəhid olduğunu bilsin.” (Vəsailuş-şiə, c. 14, səh. 554).
Həqiqətən də ayə və rəvayətlərə diqqət yetirdikdə Əhli-beytin (ələyhimussalam) bütün məxluqlardan fərqləndiyinin məqam və mərtəbələrinin çox-çox uca olduqların şahidi oluruq. Bu müqəddəs şəxslərin məqamı Allah dərgahında o qədər yüksəkdir ki, hər kəs tanış olarsa, Onların vücuduna və əzəmətinə daha çox heyrət edəcəkdir. Məlumdur ki, bizim heç vaxt Əhli-beyti (ələyhissalam) tərif etməyə, yaxud tanıtdırmağa gücümüz çatmaz. Sadəcə vasitəçilik edib Onların buyuruqlarını yada salmaq istəyirik:
1) “Allah-təala ən birinci olaraq 14 Məsumun (ələyhimussalam) nurunu yaratdı və onları əziz tutdu. Mutəal Allah bütün aləmləri, varlıqları məhz Onlara xatir yaratdı və Onlara xatir Öz rəhmətini bütün varlıqlara şamil etdi. Allah-təala 14 Məsumun (ələyhimussalam) Özlərinin bəndəçilik, qabiliyyət və mərifətlərinə görə Onları hər bir varlıqdan üstün qərar verdi. Onlar, Allah-təalanın ən şərəfli, ən istəkli, ən itaətkar və ən mərifətli yaranmış məxluqlarıdır. Belə ki,bütün canlı və cansızların vücuda gəlməsinin səbəbkarları yalnız 14 Məsumdur (ələyhimussalam). (Usulu kafi, c.1, səh. 177; Biharul-ənvar, c. 1, səh.107).
2) “Biharul ənvar” da ouyuruq: “Bizi bəndəçilik mərtəbəsindən yuxarı qaldırmayın və bundan sonra hansı ali məqamı istəsəniz bizə nisbət verin.” (c. 25, səh. 274).
3) 14 Məsum (ələyhimussalam) hətta digər Peyğəmbərlərdən məqam və mənzilət baxımından üstündür. Onlar hətta 123999 Peyğəmbərin etdiyi “tərki-əvla”nı (üstün bir əməli tərk edib onun əvəzinə yaxşı bir əməli yerinə yetirmək) belə etməmişlər. (Təfsire-nümunə”, c.1, səh. 435; Ovsaful-əşraf və s.).
4) Əhli-beyt (ələyhissalam) aləmlərin ən bilikli və ən kamil yaranmışlarıdır. Onlarda olan elm -“lədunni”, digər insanlarda isə “iktisabidir”. Yəni 14 Məsum (ələyhissalam) bir kəsdən dərs almamış və heç kimin yanında elmlərini artırmamışlar. Onlara əta olunan elm yalnız Allah tərəfindəndir. Əhli-beyt (ələyhimussalam) dünyanın bütün lüğətlərinə və dillərinə, o cümlədən bütün heyvanların, quşların, həşəratların və s. danışıqlarına bələddirlər. Onlar haqq ilə batil arasında olan bir nişanə və onları biri-birindən ayıranlardır. (Biharul- ənvar, c.1, səh. 97 və c.100, səh.287, 18-ci rəvayət; Əvalim, c. 2, səh. 40; Nəhcul- bəlağə, 189-cu xütbə).
Biz insanlarda isə elm kəsbidir, yəni hər hansı bir məlumatı ələ gətirmək üçün ya oxumağımız, ya öyrənməyimiz, ya da soruşmağımız gərəkdir.
5) 14 Məsum (ələyhissalam) Allah-təalanın başqa məxluqları ilə müqayisə oluna bilməz. Belə ki, Həzrəti Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) hədislərin birində belə buyurur: “Biz Əhli beyt (ələyhissalam) ilə heç kəs müqayisə oluna bilməz.” (Zəxariul-uqba, səh.17).
Başqa bir hədisdə buyurulur: “Bizi bəndəçilik mərtəbəsindən yuxarı qaldırmayın və o zaman bizim haqqımızda nə deyirsinizsə, deyin! Onsuz da Allahın bizə əta etdiyi məqam və mənziləti heç vaxt dərk edə bilməzsiniz.” (Biharul- ənvar, c.25, səh.274).
Yəni Məsum (ələyhissalam) bildirmək istəyir ki, bizi Allah səviyyəsinə qaldırmayın və ondan sonra barəmizdə hər nə istəyirsinizsə, deyin. Təəssüflə qeyd etmək lazımdır ki, bəziləri cahillik üzündən ifrata varmış, Həzrəti İsanı (ələyhissalam) Allahın övladı hesab edən bəzi məsihilər kimi zəlalətə düçar olmuşlar.
6) Əhli-beyt (ələyhimussalam) Allah-təalanın izni ilə asimanlarda, yer üzündə, mələkut aləmində olan hər bir şeyə tam agahdırlar. Onlar hətta Allahın izni ilə bütün insanların fikrindən nələr keçirdiyini bilir və hər şeyi görürlər. Həmçinin onlar keçmiş, indiki və gələcək zamandakı hadisələrdən Allahın izni ilə xəbərdardırlar. Mütəal Allah Əhli-beyti (ələyhissalam) bütün sirrlərdən, o cümlədən dünyəvi elmlərdən, varlığın həqiqətlərindən və qeybi elmlərdən agah etmişdir. Hədisdə buyurulur: “Onlar (Məsumlar) əgər bir şeyi bilmək istədikdə bilir, istəmədikdə isə bilmirlər.” (Biharul-ənvar, c.26, səh.56).
Başqa sözlə desək, Onlar bir şeyi bilmək istədikləri vaxt Onlara əta olunan “nuraniyyət məqamı”-na nəzər yetirməklə bilirlər. Lakin belə deyil ki, Onlar həmişə həmin “nuraniyyət məqamı”-na diqqət yetirmiş olsunlar.
Bu rəvayətə diqqət edək: “İslam ordusu muharibələrin birindən Mədinəyə qayıdarkən şəhərə bir fərsəx qalmış “Bəqə” adlanan quyunun yanında Həzrəti Muhəmməd (sallallahu ələyhi və alihi və səlləm) Öz qeyb elmi ilə nuraniyyət məqamına nəzər yetirməklə Mədinə şəhərində münafiqlərdən birinin ölüm xəbərini səhabələrinə çatdırdı.
Bir müddət keçdikdən sonra tufan nəticəsində Peyğəmbərin də dəvəsi yanaşı olmaqla bütün dəvələr itdi. Həzrət itmiş dəvələri axtarmaq üçün fərman verdi. Münafiqlərdən biri isehza edərək dedi: “Bu kişi qeybdən bizə bir nəfərin ölüm xəbərini verir, amma öz dəvəsinin harda olmasından xəbəri yoxdur.” Onun bu sözünü Peyğəmbərə çatdırdıqda buyurdu: “Mənim dəvəm filan dərədə qumluğa batmışdır.”
Səhabələr həmin dərəyə gedib həqiqətən də Həzrətin sözünün doğru olduğunun şahidi oldular. (Biharul-ənvar, c.26, səh.56).
İmam Əli (ələyhissalam) buyurur: “Məni əldən verməmişdən (yəni bu dünyadan köçməmişdən) qabaq hər nə istəyirsinizsə, soruşun! Mən göylərin yollarına yerin yollarına daha yaxşı bələdəm.” (665 sual və cavab, səh.120, Əllamə Təbatəbai).
7) 14 Məsum (ələyhissalam) təşrii vilayətə malikdirlər. Yəni Allahın izni ilə Onlar mütləq hakimiyyətə malik olmaqla bərabər insanların bütün şəri məsələlərinə qeydsiz və şərtsiz dəxalət edə bilərlər. Məsələn, Məsum (ələyhissalam) birbaşa məsləhət bildiyi hər hansı bir kişinin arvadına təlaq verə bilər. Kişinin razı olub-olmaması şərt deyil. Çünki Onun gördüyü həqiqəti biz müşahidə edə bilmirik. Həmçinin Məsumlar (ələyhimussalam) təkvini vilayətə də malikdirlər. Yəni Allahın izni ilə varlıq aləminin bütün işlərinə dəxalət edib hər bir dəyişiklik apara bilərlər. (Məkasib, səh.153).
8) Allahın istəyi Onların istəyi, Onların istəyi Allahın istəyidir. Onlar Allahın danışan dili, vuran əli, görən gözüdürlər. Rəvayətdə deyilir: “İkinci xəlifənin dövründə bir kişi həcc ziyarətini yerinə yetirərkən gözləri ilə zina (naməhrəmə baxmaq) edir. İmam Əli (ələyhissalam) yaxınlaşıb ona bir sillə vurur. Həmin kişi gedib ikinci xəlifəyə şikayət edir. Xəlifə kişidən kim tərəfindən vurulduğunu soruşduqda o, barmağı ilə təvaf edən Həzrət Əliyə (ələyhissalam) işarə edir. Xəlifə deyir: “Səni Allahın gözü görmüş və Allahın əli vurmuşdur. Mən bir söz deyə bilmərəm.” (Biharul ənvar, c.25, səh.120).
9) Duada oxuyuruq: Onlar Allahın “ismi əzəm”-idirlər. Hər kəs Onları tanısa, sanki Allahı tanımışdır. Onlara olan mərifət və məhəbbət eyni ilə Allaha olan mərifət və məhəbbətdir. Onlara mərifət tapmadan heç bir müsbət nəticəyə yetişmək olmaz və heç bir ibadət Allah dərgahında qəbul deyildir. (Rəcəbiyyə duası).
10) Came-kəbirə duasının müxtəlif qismətlərində aşağıdakı ibarətlərə rast gəlirik: “Varlığın başlancığı Allahı iradəsi və Sizin vasitənizlə surət tapmışdır və Sizin vasitənizlə də sona çatacaqdır. Allah Öz hidayəti ilə Sizləri əziz etmiş, Öz bürhanını Sizə məxsus etmiş, Sizi seçərək Öz nuruna layiq bilmiş, Öz ruhu ilə Sizi möhkəm etmişdir. Haqq Sizinlədir, Sizdədir, Sizdəndir və Sizə doğrudur. Siz haqqın mənşəyi və mənbəyisiniz. Sizdən üz çevirənlər dindən çıxanlar, əmrinizə tabe olanlar sizə birləşənlər, haqqınızı tapdalayıb Sizdən qabağa keçənlər isə məhvə məhkum olanlardır. Sizin adlarınız şirin, nəfsləriniz kəramətli, əzəmətiniz cəlalətli, əhdiniz vəfalı, vədəniz sadiq, kəlamınız nur, əmriniz təkamülə sövq edən, vəsiyyətiniz təqva, əməliniz xeyir, adətiniz ehsan, doğru rəyiniz elmdir. Sizin xatirinizə İlahinin rəhmət yağışı nazil olur. Sizin xatirinizə qəm-qüssələr yox olub aradan gedir və aləm Sizin nurunuzla ətrafa işıq saçır. Sizin vasitənizlə qəza-qədər aləmində hər cür dəyişiklik surət tapır. Sizin xatirinizə ağaclar, güllər çiçəklər, yaşıllıqlar torpaqdan bitərək bar verir və s…”
11) Seyyid Haşim Bəhranini “Burhan” adlı təfsirinin “İmamın sifətləri” bölməsində buyurulur: “Ey Tariq! İmam Allahın kəlamı, Allahın sifəti, Allahın yer üzündəki canişini, Allahın nuru, Allahın ayə (nişanə)-sidir.”
12) Əhli beyt (ələyhimussalam) hər bir halda biri-birinin oxşarı və biri-birinin tayıdırlar. Yəni əgər İmam Sadiq (ələyhissalam) İmam Hüseynin (ələyhissalam) əvəzinə o zamanın İmamı olsaydı, eyni ilə İmam Hüseyn (ələyhissalam) kimi qiyam edərdi. Yaxud əksinə olaraq üçüncücü İmam altıncıcı İmamın əvəzinə o dövrün İmamı olsaydı, İslam maarifinin yayılmasında addım atardı. (Nümunə təfsiri, Ali İmran surəsi, 61-ci ayə).
13) 14 Məsumun (ələyhimussalam) nuru bütün Peyğəmbərləri, mələkləri və cinləri hidayət etmiş, onların müəllimi, ustadı olmuş və onları İslam maarifi ilə tanış etmişlər. (Biharul-ənvar, c.23 və c.25).
14) Zürarə İmam Baqirdən (ələyhissalam) İmamın nişanələri barəsində soruşduqda buyurdu: “…O cümlədən İmam dünyaya gəldikdə pak və sünnət olunmuş vəziyyətdə olar. Heç vaxt cunub (muhtəlim) olmaz. Gözləri yatar, lakin ürəyi oyaq olar. Mənasız söz danışmaz. Arxasındakı hər bir şeyi qarşısındakı kimi görər. Qaiti müşk iyi verər və xaric olan kimi torpaq onu gizlədər…” (Usulu-kafi, c.3, səh.85).
15) Məsumlar uşaq çağından məqam və mənzilət sahibidirlər. Belə ki, Səfvan ibni Yəhya İmam Rzadan (ələyhissalam) sonra İmamın kim olduğunu soruşur. O, müqabilində duran Əbu Cəfərə (İmam Muhəmməd Təqiyə ələyhissalam) işarə edib buyurdu: “Məndən sonra İmam odur.” Dedim: “Fəda olum sizə, onun ki, üç yaşı vardır.” Buyurdu: “Yaşın az olması imamətə zərrə qədər də ziyan yetirməz. Həzrəti İsaya da beşikdə ikən peyğəmbərlik əta olundu.” (Usulu-kafi, c.3, səh.65).
16) Məsum İmamların (ələyhissalam) dünyaya gəlməsi belə adi insanlardan fərqlənir. Belə ki, İshaq ibni Cəfər deyir: “ Atamdan beləveşitdim: “Allahın vəsisi anasının bətnində qərar tapdıqda bir gün müddətində Onun anasının halı dəyişir, süstləşir və bihuş olur. Sonra ona yuxuda bir oğlan uşağına hamilə qaldığı müjdəsi verilir. O, yuxudan oyandıqda sağ tərəfindən belə bir səs eşidir: “Xeyirə hamilə qadın, xeyir gətirdin və axırın da xeyirdir. Səbrli və alim oğluna görə gözün aydın olsun.”
Bundan sonra İmamın anası rahatlıq tapıb yüngülləşir və heç bir ağrı hiss etmir. Nəhayət vaxt gəlib çatdıqda o, evin içində izdihamlı səslər eşidir. Gecə gəlib çatdıqda ondan bir nur xaric olur və İmam iməkləyən halda dünyaya gəlir. Sonra həmin vəziyyətdə ikən yerində fırlanır və üzü qibləyə dayanıb üç dəfə asqırır, barmağı ilə Allaha həmd-səna üçün işarə edir. O, sünnət olunmuş halda dünyaya gəlir və gülümsədikdə bəzi dişləri görünür. Müqabilində bir nur parıldayır. Onun sağ biləyində isə bu ayə yazılmış olur: «Rəbbinin sözü düzgünlük və ədalət baxımından kamil oldu. Onun sözlərini əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!» (Ənam surəsi, ayə 115).
17) 14 Məsumdan (ələyhimussalam) biri dünyasını dəyişdikdə, onun qüslünü, kəfənini, meyyit namazını, bir sözlə dəfnə aid olan bütün əməlləri yalnız Məsum yerinə yetirir. Rəvayətdə deyilir: “Əhməd ibni Hilal İmam Rzadan (ələyhissalam) soruşdu: “Vaqifiyyə” firqəsi Sizin öz atanıza qüsl verdiyinizə inanmır və deyirlər ki, İmam Kazım (ələyhissalam) şəhadətə yetişdikdə Siz Mədinədə olmusunuz. Belə olan halda necə ola bilər ki, atanıza qüsl vermiş olasız?” İmam buyurdu: “Onlara birbaşa de ki, İmama İmamdan başqa heç kim qüsl verə bilməz.” (Usuli- kafi, c.3, səh.71). Həmçinin İmam Hüseyni (ələyhissalam) İmam Səccadın (ələyhissalam) vasitəsi ilə dəfn edilməsi tarixdə məşhurdur.
Pərvərdigara ! Məsumları (ələyhimussalam) düzgün tanımaqda bizə yardım et və Onlara qarşı olan mərifətimizi artır. Amin, ya Rabbəl aləmin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button