ArxivXəbər lentiXəbərlər

REAL-ı irana bağlamaq realdırmı?

Yanvarın 27-də virtualaz.org saytında Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb. Məqalədə REAL üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilirdi.

Yazıda iddia olunduğuna görə, görüşdə REAL-çılar İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etməyə boyun olaraq, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alıblar.

“REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib”, – məqalədə bildirilir.

Bundan sonra Baş Prokurorluq araşdırma başladıb.

REAL rəsmiləri bu iddiaları qətiyyətlə rədd edirlər.

REAL-ın icraçı katibi Natiq Cəfərli məqalədə deyilənləri “cəfəngiyat, sərsəmləmə” adlandırır və şərhə ehtiyac görmür. O, İran səfirliyinin rəsmisi ilə 8 gün öncə görüşdüklərini danmır, amma deyir ki, REAL-ın ofisində indiyədək 20-ə yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndələriylə görüşlər keçirilib:

“Absurd bir yazıdır, bununla bağlı ajiotaj yaratmaqda məqsəd REAL-ın hədəf götürülməsidir. Milçəkdən fil düzəldərək, belə cəfəng yazı yazanlara cavab verməyi belə, adam özünə sığışdırmır”.

Natiq Cəfərli baş prokurorun araşdırma başlamaq barədə ildırımsürətli göstərişini REAL-a qarşı “öncədən hazırlanmış aksiya” sayır: “Məqsəd – müxalif təşkilatı zəiflətməkdir”. İcraçı katib dərhal da əlavə edir: “Birinci təzyiq deyil, sədrimiz dörd ildir həbsdədir”.

Siyasi şərhçi Azər Rəşidoğlunun ehtimalına görə, baş verənlər REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı Avropa qurumlarından gələn təzyiqlərlə bağlıdır.

Azər Rəşidoğlu da adıçəkilən qurumun İranla bağlı olmasına inanmır: “Bu gün ictimai rəydə REAL Hərəkatı qərbyönümlü qurum kimi tanınır. Onun İrana bağlanması Qərb ictimai rəyində çaşqınlıq yaratmağa yönələ bilər. İstənilən qurum beynəlxalq qurumlarla, o cümlədən Azərbaycanda akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri ilə görüş keçirə bilər. Ona görə də REAL-çıların İran səfirliyinin nümayəndəsi ilə görüş keçirməsində dövlət və ya Konstitusiya əleyhinə heç bir addım yoxdur. Güman edirəm ki, bu, İlqar Məmmədovun azad olunmasıyla bağlı Avropa təşkilatlarının çağırışlarını əngəlləməyə oxşayır”.

Bu gün isə REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib. Azər Qasımlı deyib: “Müstəntiq mənə 5 saat İran səfirliyinin əməkdaşı ilə görüşdən suallar verdi”.

Azər Qasımlının sözlərinə görə, yanvarın 19-da İranın Azərbaycandakı səfirliyinin əməkdaşı REAL-ın ofisinə gələrək, onlarla görüşüb: “Almaniyanın, ABŞ-ın, Böyük Britaniyanın, digər səfirliklərin də əməkdaşları bizim ofisdə olublar. İran səfirliyinin əməkdaşı ilə görüşdən dərhal sonra mətbuat üçün açıqlama yaydıq, “facebook” səhifələrimizdə fotolar paylaşdıq”.

Azər Qasımlı deyir ki, istintaqı REAL-ın partiyalaşması məsələsi də maraqlandırıb və o bu istiqamətdə də sualları cavablandırıb: “Birinci gün də təşkilatın icraçı katibi Natiq Cəfərli istintaqa çağrılıb”.

Bu gün, yanvarın 28-də ABŞ səfirliyinin diplomatları Zia Saed və Vilyam Soli REAL Hərəkatının ofisində təşkilat rəhbərliyilə görüş keçiriblər.

Bu barədə REAL rəsmisi Natiq Cəfərli məlumat verib.

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli, İdarə Heyətinin üzvləri Erkin Qədirli, Azər Qasımov və Rəsul Cəfərov diplomatlarla ölkədəki ictimai-siyasi vəziyyəti, iqtisadi inkişaf perspektivlərini, təşkilatın sədri İlqar Məmmədovun hələ də qanunsuz həbsdə saxlanılması, o cümlədən son 2 gündə REAL-a qarşı artmaqda olan təyziqləri müzakirə ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button