ArxivIslamXəbər lentiXəbərlər

“Qüds günü” və Fələstin məsələsi

3 səmavi dinin “beşiyi” nədən dinlərin qardaşlıq məkanı deyil, savaş səbəbi oldu?

Hər il Ramazan ayının sonuncu Cümə günü dünyanın əksər ölkələrində “Qüds günü” kimi qeyd olunur. Yürüşlər, mitinqlər təşkil olunur, İsrailin Fələstini işğal etməsi qınanır. “Qüds günü” artıq uzun illərdir dünyada Fələstinin işğalı, müsəlmanların ilk qibləsinin yad edilməsi tarixinə çevrilib. Bu günün isə öz tarixçəsi var.

Qeyd edək ki, dünyanın ən qədim şəhərlərindən olan Qüds hər 3 səmavi dinin – İslam, Xristianlıq və Yəhudiliyin müqəddəs şəhəri hesab olunur. Hər 3 dinin yaranmasında və əsas mətnlərində bu şəhər müqəddəs məkan kimi olaraq qeyd edilir. Yəhudilik, xristianlıq və nəhayət müsəlmanlar üçün Qüdsün özünməxsus yeri və anlamı var. Qüdsdə yerləşən “əl-Əqsa” məscidi isə müsəlmanlar üçün xüsusi statusa sahibdir. Çünki müsəlmanların ilk qibləsi, yəni ibadət edərkən üzlərini tutduqları şəhər Qüds idi, Həzrəti Məhəmməd (s.ə.s) bu şəhərdən “meraca” gedib. “Əl-Əqsa” Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən “Məscid əl-Əqsa” adlandırılıb. Ancaq bu müqəddəs məkanın tarixi İslamdan çox-çox qədimə gedir.

“Beyt əl-Maqdis” və ya “Beytül Müqəddəs” adlanan məbəd Quranda adı keçən həzrəti Davud Peyğəmbərin zamanında inşa olunub. Ancaq rəvayətə görə, Həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu Həzrəti Süleymana nəsib olur. “Məscid əl-Əqsa”nın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub, tikinti 7 ilə başa gəlib.

Hədislərə görə, ilk vaxtlarda məbədin adı “Beyt əl-Maqdis” kimi qeyd olunurmuş. Ancaq sonradan Quranda da nəql olunan “Məscid əl-Əqsa” adından istifadə olunmağa başlayır. Rəvayətə görə, Həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində Həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabut Səkinə) “Məscid əl-Əqsa”ya qoyub. Lakin sonrakı illərdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı Buhtunnasr (İbranicə Nabuchodonosor-Nabukednazar) məscidi qarət edərək sandıqla birlikdə digər qiymətli əşyaları Babilə aparıb.

Sonradan “Məscid əl-Əqsa” bərpa olunsa da, eramızın 70-ci ilində Qüdsü işğal edən Roma İmperiyasının orduları şəhəri və eləcə də “Məscid əl-Əqsa”nı yandırıb dağıdırlar. Bu təqvim eyni zamanda “Məscid əl-Əqsa”nın yəhudiliklə əlaqəsinin sona çatdığı dövr hesab olunur.

Bizim eranın 123-cü ilində Bizans İmperiyası “Məscid əl-Əqsa”nı təmir edir. “Məscid əl-Əqsa”nın yenidən parlaması isə İslamiyyətlə başlayıb. İslamın ilk illərində Həzrət Məhəmmədin (s.ə.s) Meracı hadisəsi baş verir. Bu hadisə zamanı İslam Peyğəmbəri “Məscid əl-Həram”dan (Məkkədəki Kəbə) “Məscid əl-Əqsa”ya gəlir və burda namaz qılır.

Bu dövrdə “Məscid əl-Əqsa” həm də müsəlmanların qibləsi, yəni namazda üzlərini çevirib ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən 16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu bəyan olunur. Ancaq “əl-Əqsa” müsəlmanların ilk qibləsi olaraq müqəddəs məkan olaraq tanınır.

638-ci ildə ikinci xəlifə Ömər Suriyaya səfəri zamanı “Məscid əl-Əqsa”nı ziyarət edib. Məhz xəlifənin tapşırığı ilə məscid yenidən bərpa olunub və ibadətə açılıb. Eyni zamanda İslamın təkallahlı dinlərə olan hörmətinin bir nümunəsi olaraq “əl-Əqsa” məscidində həmin vaxt yəhudilərin də ibadət etməsi üçün icazə verilib. Həmçinin Qüdsdəki xristian kilsələri də ibadətə açılıb. Sonradan Əməvi xilafəti dönəmində “əl-Əqsa” yaxınlığında Qubbət əl-Səhra məscidi tikilir.

1099-cu ildə Qüdsü işğal edən Avropanın səlibçi ordusu şəhəri tamamilə qarət edib yandırır. Bu zaman xristian səlibçilər xristianlıq tarixində mühüm yeri olan “Məscid əl-Əqsa”nı da qarət edib yandırırlar. Daha sonra səlibçilərin Qüdsdəki hakimiyyəti dönəmində “Məscid əl-Əqsa” kilsəyə çevrilir. Ancaq xristianların Qüdsdə hakimiyyəti 88 il davam edir.

1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman orduları Qüdsü azad edir. “əl-Əqsa” kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayır. Qeyd edək ki, “Məscid əl-Əqsa” bir ibadət ocağı, müqəddəs məkan olmaqla yanaşı, həm də İslam təhsil mərkəzi rolunu oynayıb. Əməvi, Abbasi, eləcə də Əyyubilər və Məmlüklər zamanında məscid həm ibadət, həm də dini təhsil mərkəzi kimi fəaliyyətini davam etdirib.

1517-ci ildə Yaxın Şərqin Osmanlı İmperiyasının ərazilərinə qatılması ilə “Məscid Əqsa”nın uzun bir sabitlik dönəmi başlayıb. Osmanlılar İslamda böyük yeri olan “Məscid əl-Əqsa”ya xüsusi diqqət göstəriblər, daim təmir və bərpası, xidmət edilməsini təmin ediblər.

Ötən uzun bir dönəmdə hər 3 dinin ardıcılları Qüdsdə dinc yanaşı yaşayıb, müqəddəs məkanlarında hər kəs aid olduğu dinini yaşayıb. Ancaq 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Avropa yəhudilərinin qədim torpaqlarda yəhudi dövləti qurması ideyası bütövlükdə Yaxın Şərqə qan və fəlakət gətirdi. 20-ci əsrin əvvəllərində gizli şəkildə, fələstinlilərdən torpaqları satın almaqla yaşayış məntəqələri, fermalar quran yəhudilər 1918-ci ildə Birinci Dünya Mühairbəsinin başa çatması, Osmanlı İmperiyasının dağılması ilə daha da fəallaşırlar. Fələstin əraziləri Britaniya İmperiyasının işğalı altına düşür və bu tarixdən sonra Fələstin ərazilərinin yəhudiləşməsi sürətlənir. İlk yəhudi təşkilatları yaranır və silahlı yəhudi dəstələri fəslətinliləri qovmağa başlayır. Münaqişə daha da böyüyür və İkinci Dünya Müharibəsində Yaxın Şərq müəyyən qədər diqqətdən kənarda qaldığı üçün yəhudilər Fələstində ciddi şəkildə təşkilatlanaraq möhkəmlənirlər.

1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edir. BMT qətnaməsinə əsasən bölgədə iki dövlət yaradılmalı, Qüds şəhəri isə 3 dinin müqəddəs şəhəri olaraq neytral, beynəlxalq statuslu şəhər olmalı idi.

Ancaq yəhudilər 1948-ci il mayın 15-də dövlət elan edir və fələstinlilər dövlət yarada bilmir. 1948-ci ildə baş verən savaşda İsrail Qüdsün qərb hissəsini, 1967-ci ildəki 6 günlük savaşda isə bütövlükdə şəhəri işğal edərək orda öz qaydalarını qoymağa başlayır. 1968-ci il oktyabrın 10-da Ayətullah Xomeyni Fələstinin “Əl-Fəth” təşkilatının nümayəndələri ilə görüşdükdən sonra şəri zəkat vergisinin bir hissəsini Fələstin mücahidlərinə ayırması barədə fətva verir. Bu hadisə Fələstin münaqişəsinin dini çalarını daha da gücləndirir. Artıq bu münaqişə müsəlmanlar üçün ilk qiblənin işğalı hadisəsi idi, onun azadlığı uğrunda mübarizə isə bir növ müqəddəs vəzifəyə çevrilir.

1969-cu ildə avstraliyalı bir fanatik protestant “Məsciq əl-Əqsa”nı yandırır. Ancaq bəzi iddialara görə, məscidin yandırılmasını İsrail xüsusi xidmət orqanları təşkil edir. Bu hadisə müsəlman dünyasında böyük etirazlara səbəb olur. Bu hadisə o zaman İsrailin ən yaxın müttəfiqlərindən biri olan İranda da ciddi etirazlara səbəb olur. İranlılar şahdan israrla israillilərin ölkədən çıxarılmasını tələb edirlər. Vəziyyətin gərginləşdiyini görən şah “Məscid əl-Əqsa”nı təmir etdirəcəyini bəyan edir. Ancaq Ayətullah Xomeyni bu qərarı tənqid edir və müsəlmanları hər vəchlə fələstinliləri müdafiə edib İsrailə qarşı mübarizəyə səsləyir.

Sonrakı illərdə – 1980-cı və 1982-ci illərdə iki dəfə “əl-Əqsa” məscidinin uçurdulmasına cəhdlər olub. Müşahidəçilərə görə, İsrail hökuməti Fələstin və müsəlman müqavimətinin simvoluna çevrilmiş məscidi müsəlmanlardan təmizləmək, sırf “yəhudiləşdirmək” üçün müsəlmanları ordan çıxarmaq üçün ətrafda yeni təmir-tikinti aparmağa çalışır. Bu isə öz növbəsində müsəlmanların sərt etirazına səbəb olur.

Məhz bu illərdə Ayətullah Xomeyni fətva verərək hər il Ramazan ayının sonuncu Cümə günündə müsəlmanların Qüdsü yad etməsi, fələstinlilərə dəstək günü kimi qeyd etməyə çağırır. Artıq 35 ildir ki, müsəlman dünyası Ramazanın son Cüməsini fələstinli müsəlmanlarla həmrəylik günü kimi qeyd edir.

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Fələstin məsələsində yenidən durğunluq yarandığı müşahidə edilir. Məsələ ondadır ki, son illərdə Avropa ölkələri Fələstin dövlətinin tanınması istiqamətində addımlar atsa da, Trampın Qüdsün İsrailin paytaxtı olaraq tanıyacağı və ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köcürəcəyi vədi münaqişənin həlli ilə bağlı ümidləri azaldıb. Fələstinin taleyi indi əvvəlki illərlə müqayisədə daha ümidsizdir. Çünki müsəlman dünyası artıq Yaxın Şərqdəki daha “isti” münaqişələrə diqqət kəsilib. Digər tərəfdən, daxili müharibələr, terror hərəkətləri Fələstin münaqişəsini bir mənada arxa plana atıb.

Ancaq istənilən halda siyasi, mədəni, insani hüquqları məhdudlaşdırılan, ağır blokada və təzyiq altında yaşayan fələstinlilərə dünyanın diqqətini cəlb etmək, müsəlman aləminin gündəmində saxlamaq üçün “Qüds günü” hələ də aktualdır. 3 dinin müqəddəs şəhərinin gələcək statusu, bütün dinlərin ardıcıllarının yenidən dinc, azad və qayğısız yaşadığı bir şəhərə şevrilməsi üçün mütləq mütərəqqi dünyanın müdaxiləsi lazımdır. Çünki indiki İsrail hakimiyyəti Qüdsün statusuna ifrat mövqedən yanaşır və fələstinlilərin haqlarını tanımaq istəmir. Bu yanaşma qaldığı müddətdə Fələstində uzlaşma və sülhün əldə olunması mümkün deyil. Bu səbəbdən də Fələstin və Qüds məsələsinin daim aktual olaraq gündəmdə saxlanılması, mütərəqqi dünyanın İsrailə Qüds təzyiqi etməsinə ehtiyac var. Əks halda dünyanın ən qədim “dinlər şəhəri” hələ uzun illər dinlərin savaş səbəbi olaraq qalacaq.

Kənan Rövşənoğlu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button