ArxivXəbər lentiXəbərlər

Azərbaycan-İran münasibətlərinin inkişafı Ermənistanı narahat edir

Erməni əsilli iranlı musiqiçi Meysam Hodratın qanunsuz olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi və buna görə adının Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxslər” siyahısına salınması erməni mətbuatında hay-küyə səbəb olub.

Ermənistan mətbuatı tərəfindən bu hay-küyün salınması və bunun “tanınmış İran musiqiçisi”nin adının “qara siyahı”ya salınması kimi qiymətləndirilməsi təsadüfi xarakter daşımır.

Əvvəla qeyd edək ki, adıçəkilən musiqiçi qanunsuz səfərini mart ayında həyata keçirib. Ermənistan mətbuatının isə indi ayılması o qədər də təəccüblü deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, son illər ərzində yüksələn xətlə inkişaf edən İran-Azərbaycan münasibətləri Ermənistanı narahat etməyə başlayıb.

Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və İran idmançılarının bu yarışda iştirakı və razı qalmaları, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən dəmir yolunun Ermənistandan deyil, Azərbaycandan keçərək İranı Rusiya ilə birləşdirməsi, qarşılıqlı investisiya yatırımlarının və ticarət dövriyyəsinin artması, İran və Azərbaycan prezidentlərinin dostluq əlaqələri və bir sıra başqa amillər Ermənistanın yuxusunu ərşə çəkib. Özünün işğalçılıq siyasəti nəticəsində təcrid olunmuş vəziyyətə düşməsinin günahını qonşu dövlətlərdə axtaran rəsmi Yerevan indi də Azərbaycan ilə İranın münasibətlərini korlamağa səy göstərir. Lakin İran qədim dövlətçilik ənənələrinə malik olan bir dövlət kimi belə məsələlərə o qədər də əhəmiyyət vermir. Bunu İranın Azərbaycandakı səfirliyinin nümayəndəsi Məhəmməd Rza Nəcəfinin bəyanatından da anlamaq çətin deyil. Diplomat bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və dəstəkləyir. “Biz belə bir musiqiçini tanımırıq və Dağlıq Qarabağa rəsmi qaydada hər hansı bir musiqiçinin getməsi mümkün deyil”.

Erməni əsilli fleytaçının işğal edilmiş Dağlıq Qarabağa getməsinə gəlincə isə qeyd etmək lazımdır ki, bu şəxsi xarakter daşıyıb. Musiqiçi sadəcə olaraq həmvətənlərinin sözünü yerə salmayıb. O ki qaldı onun Ermənistan mətbuatına müsahibə verərək “Dağlıq Qarabağla İranın münasibətlərini yaxşılaşdırmağa çalışıram” deməsinə, qeyd etmək lazımdır ki, ona bu səlahiyyəti heç kəs verməyib. İranın bu məsələyə rəsmi mövqeyini yuxarıda göstərdik. Adının mətbuatda hallanması ilə özünü qəhrəman hesab edən Meysam Hodratın bilsin ki, İranın xarici siyasətini həyata keçirən tanınmış diplomatları var. O isə sadəcə tütək çalandır.(AZƏRTAC)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button