Aktual

Qarabağ Konfransı niyə təxirə salındı?

Bu günlərdə Azərbbaycan mətbuatında belə bir xəbər yayıldı ki, 6 noyabrda Təbrizdə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qarabağ Konfransı təxirə salınıb. Əlbəttə, hər hansı bir konfransın təxirə salınması o qədər də təəccüblü bir məsələ deyil. Müəyyən hadisələrlə, məsələn, maliyyə problemləri ilə və sair problemlərlə bağlı olaraq konfranslar təxirə salına bilər. Bu konfransın da təxirə salınması elə bir təəccüb yaratmazdı əgər səbəb və

 Qarabağ Konfransı niyə təxirə salındı?

bu səbəbin mahiyyətində dayanan məntiq aydın olsaydı.

Təşkilatçılar tərəfindən mətbuata verilən açıqlamalara görə əsas səbəb ondan ibarətdir ki, Azərbaycan hökuməti belə bir tədbirin keçirilməsini istəmir. Axı bu necə konfransdır ki, Azərbaycan hökumməti onun keçirilməyini istəmir?

Gəlin konfransın adına diqqət edək: “Təbrizdə Beynəlxalq Qarabağ Konfransı” . Azərbaycan hökuməti konfransın adındakı hansı sözə narazılıq edib? Konfransın Qarabağa həsr olunmasınamı? Niyə? Məgər Azərbaycan hökuməti Qarabağ probleminin həmişə gündəmdə qalmasında və həm Azərbaycan mətbuatında, həm də xarici mətbuatda Qarabağla bağlı məlumatların yayılmasında maraqlı deyilmi? Məgər Azərbaycan hökuməti Qarabağla bağlı hər il milyonlarla dollar vəsait xərcləmirmi ki, Qarabağ problemi gündəmdə olsun və dünya xalqlarına Azərbaycan həqiqətləri çatdırılsın? Həm akademik, həm də kütləvi nəşrlərdə, QHT və hökumət tədbirlərində, həm orta nəktəb, həm də ali məktəb auditoriyalarında, həm dərsliklərdə və mahnılarda məgər Qarabagla baglı məlumatların, araşdırmaların aparılması üçün hökumət səy göstərmirmi?

KİV-də və rəsmi dövlət hesabatlarında yayılan məlumatlara istinad edərək demək olar ki, “bəli hökumət belə fəaliyyətlər üçün xeyli vəsait ayırır və Qarabağ probleminin gündəmdə qalması üçün lazım olan tədbirləri görür”. Belə olan halda Təbrizdə keçirilməsi nəzərdə tutulan bu konfransın adının Qarabağla bağlı olması bəs nədən onu razı salmayıb? Bəlkə Konfransın “beynəlxalq” olması hakimiyyəti müəyyən qədər narahat edib? Yox, bu da ola bilməz! Qeyd etdiyimiz kimi, Qarabağ probleminin beynəlxalq arenaya çıxması və Qarabağ həqiqətlərinin dünya ölkələrinə yayılması məsələsi üçün də hökumt xeyli səy göstərir. Ən azı səy göstərdiyi haqda məlumatlar verir. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları mütəmadi olaraq Qarabağla bağlı tədbirlər keçirmələri haqqında məlumatlar yayırlar. Qarabağa həsr olunan konfransların, mahnı müsabiqələrin, rəsm sərgilərinin keçirilməsi, idman yarışlarının təşkili və sair və ilaxır tədbirlərin beynəlxalq səviyyədə yayılmasına hakimiyyət həmişə xüsysi diqqət götərdiyini bildirir.

Bəlkə bu tədbirin “konfrans” adlanması və burada Azərbaycandan, Rusiyadan, Türkiyədən və İrandan xeyli sayda ziyalının, qeyri-hökumət təşkilatlarının toplanması və Qarabağla bağlı iki günlük geniş fikir mübadiləsi etməsi hakimiyyəti narahat edib? Yox, bu da ola bilməz! Çünki hakimiyyət Qarabağla bağlı məlumatların geniş tərkibdə müzakirə edilməsinə qətiyyən qısqanclıqla yanaşmır, əksiunə belə tədbirlərdə nə qədər çox insan iştirak edərsə tədbir bir o qədər mühüm nəticələrlə başa çatmış hesab olunur.

Bəs nədən Azərabycan hökuməti bu tədbirin keçirilməsinə mane olub? Bəlkə Konfransda Qarabağla bağlı Azərbaycanın maraqlarının əleyhinə hansısa bir bəyanatın və ya çıxışların olmasından narahat olub! Yox, bu da tamamilə istisna edilir! Belə ki, Konfransın təşkilatçılarının mətbuata verdikləri açıqlamalara görə, konfransa dəvət olunmuş nümayəndələr əsasən Azərbaycan alimləri, ictimai və siyasi xadimləri, həmçinin Türkiyə və Rusiyadan dəvət olunmuş Azərbaycanın Qarabağla bağlı mövqeyini müdafiə edən ziyalılar olduğundan orada Azərbaycanın maraqları əleyhinə qətiyyən hər hansı çıxışlar ola bilməzdi. Mən tamamilə əminəm ki, özünü ziyalı hesab edən və ya elmi tədqiqatla məşğul olan, həmçinin ictimai-siyasi fəaliyyətlə məşğul olan hər hansı bir azərbaycanlı Qarabağın Azərbaycan əraziləri olduğuna, həmçinin bu ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına şübhə etsin!
Deməli, Konfransa dəvət almış bütün alimlər, ziyalılar, siyasi və ictimai xadimlər birmənalı olaraq Azərbaycanın maraqlarını müdafiə edəcəkdilər. Onlar beynəlxalq hüquq normalarına istinad edərək Qarabağ probleminin Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd edəcəkdilər. Yəni Konfransda səsləndirilə bilən bütün fikirlərdə Azərabcycanın haqlı olduğu və Qarabağın Azərbaycan ərazisi olduğu, Ermənistan tərəfindən milyonlarla insanın hüququnun pozulduğu bir daha vurğulanacaqdı. Deməli, bu konfransda hər hansı nümayəndə tərəfindən Azərbaycan maraqlarına zidd çıxışların olması tamamilə istisna edilir və buna əsaslanaraq konfransın keçirilməsinə mane olmağa heç bir əsas yoxdur!

Deməli, Azərbaycan hökuməti bu konfransın keçirilməməsinə səy göstərərkən Konfrans iştirakçılarının nə deməsi ilə də o qədər maraqlanmayıblar və onların nə deməsi konfransın təxirə salınmasına əsas ola bilməzdi.

Bəs hansı səbəbdən Azərbaycan hökuməti konfransın keçirilməsini istəməyib? Ümumi sabəblər siyahısından yuxarida dediklərimizi çıxarsaq, onda yeganə səbəb kimi bir səbəb qalır. O da belə Konfransın məhz TƏBRİZDƏ keçirilməsi faktıdır. O yerdə ki, birincisi, milyonlarla insan Azərbaycan xalqının problemini öz problemi hesab edir; ikincisi, dini təəsübkeşlik yüksək həddədir, üçüncüsü neçə illərdir ki, Qarabağla bağlı susqunluqda ittiham edilir, dördüncüsü, ermənistanla əməkdaşlıqda ittiham edilir, beşincisi, Qarabağ problemini guya nizama salmağa çalışan Qərb dövlətlərinə inamsızlıq var və sair. Doğrudan da belə bir konfrans Vaşinqtonda, Londonda, Parisdə və sair kimi şəhərlərdə təkil edilsəydi Azərbaycan hökuməti onun əleyhinə çıxacaqdımı? Əlbəttə yox! Əksinə belə konfransların Azərbaycan mətbuatında geniş işıqlandırılması üçün lazım olan bütün tədbirlər görüləcəkdi. Görəsən, bu şəhərlərdə belə tədbirlərə dəvət almış insanlar Azərbaycanın güc strukturları tərəfindən təzyiqlərə mərus qalacaqdılarmı? Əlbəttə yox! Əksinə, onlar Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çıxardıqları üçün təşəkkür alacaqdılar.

Deməli, əsas problem konfransın mahiyyəti ilə bağlı deyil, onun HARADA keçirilməsi ilə bağlıdır. Bəs nədən bu konfransın Təbrizdə keçirilməsi Azərbaycan hökumətini bu qədər narahat edib? Əlbəttə, mən tamamilə əminəm ki, bu məsələdə Azərbaycan hökumətinə müəyyən təzyiqlər olub. Çünki həm Təbdizdə, həm də Tehranda Azərbaycan-İran münasibətlərinə, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə həsr edilmiş konfranslar tez-tez keçirilir. Amma Azərbaycan hakimiyyətinin digər konfranslara yox, məhz Qarabağla bağlı konfransa mane olması bu konfransla bağlı maraqlı tərəflərin narahatçılığından xəbər verir. Bu maraqlı tərəflər isə birincisi ermənistan lobbisi, ikincisi, Qarabağ problemini guya həll etməyə çalışan Qərb təşkilatları, üçüncüsü İranın regiondakı münaqişələrlə bağlı aktivləşməsini istəməyən Qərb ölkələri və Rusiya, dördüncüsü isə İran-Azərbaycan əlaqələrinin genişlənməsində maraqlı olmayan qüvvələr, xüsusilə İsrail ola bilər.

Təbdizdə Qarabağla bağlı konfransa mane olmaq üçün Azərbaycan hökumətinə təzyiq edən qüvvələrdən birincisi erməni lobbisi ola bilər. Əlbəttə, bu lobbi belə təzyiqləri birbaşa edə bilməz. Lakin Erməni lobbisinin həm ABŞ-da, həm Rusiyada, həm də Avropa ölkələrində güclü olduğunu nəzərə alsaq, doğrudan da belə təzyiqlərin mümkünlüyünə inanmaq olar. Təbrizdə Beynəlxalq Qarabağ Konfransı öz formatına görə əsasən azərbaycanyönlü olduğundan və ora ermənistanın maraqlarını müdafiə edən şəxslərin dəvət olunmaması erməni lobbisini narahat edə bilərdi. Odur ki, İran cəmiyyətində Qarabağla bağlı ermənistana qarşı ictimai fikrin formalaşmasına mane olmaq üçün erməni lobbisi bu gücündən istifadə edib Azərbaycan hakimiyyətinə təzyiq edə bilərdi.
Təbdizdə Qarabağla bağlı konfransa mane olmaq üçün Azərbaycan hökumətinə təzyiq edən qüvvələrdən ikinicisi, yəni Qarabağ problemini guya həll etməyə çalışan Qərb təşkilatları da belə Konfransın keçirilməməsi üçün “canfəşanlıq” edə bilər. Belə ki, son zamanlar Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ciddi tənqid edilir. Artıq hamiya bəllidir ki, Minsk qrupu çərçivəsində bu problem həll edilən deyil. Getdikcə hamiya bəlli olur ki, Minsk qrupunun fəaliyyəti bu münaqişənin həllinə deyil, tərəfləri nəzarətdə saxlamağa yönəlib. Beləliklə, Qərb ölkələri münaqişəni nəzarətdə saxlayaraq gələcəkdə onu öz maraqlarına uyğun idarə etmək istəyirlər. Beləliklə, Qarabağ problemi artıq iki dövlətin-Azərbaycan və Ermənistan dövlətlərinin başı üstündə asılmış “Domokl qılıncına” çevrilib. Qarabağ probleminin mahiyyəti, tarixi və həlli ilə bağlı hər hansı konfransın ATƏT-in nəzarəti olmadan keçirilməsi gələcəkdə onların siyasətinin iç üzünü aça bilər. Belə olan halda Qarabağ münaqişəsi və onun “həll prosesi” Qərbin nəzarətindən çıxa bilər. Odur ki, belə konfransların Minsk qrupunun nəzarətində olmayan təşkilatlar tərəfindən və nəzarətdə olmayan ərazilərdə, məsələn İranda keçirilməsinə Qərb təşkilatlarının mane olması tamamilə inandırıcıdır.

Təbdizdə Qarabağla bağlı konfransa mane olmaq üçün Azərbaycan hökumətinə təzyiq edən qüvvələrdən üçüncüsü isə İranın regiondakı münaqişələrlə bağlı aktivləşməsini istəməyən Qərb ölkələri və Rusiya ola bilər. Bu ölkələr, xüsusilə, ABŞ və Rusiya regionda prosesləri tam şəkildə nəzarətdə saxlamağa çalışır. Son 30 ildə İranın iqtisadi, siyasi və hərbi baxımdan xeyli güclənməsi ABŞ-da ciddi narahatlıq yaradır. “Parçala və hökm sür” siyasətini həyata keçirən ABŞ Cənubi Qafqazda inteqrasiya proseslərini qətiyyən dəstəkləməz. İranın Qarabağ münaqişəsi ilə bağlı aktivliyinin genişlənməsi, İran cəmiyyətinin bu proseslərə qoşulması, regionda getdikcə güclənən yeni mərkəzin formalaşması ehtimalı ABŞ-ın Cənubi Qafqaz siyasətinə tamamilə ziddir. Belə geosiyasi reallıqda İranda, xüsusilə onun etnik azərbaycanlılar yaşayan ərazisində Qarabağla bağlı konfransın təşkili ABŞ-ın xarici siyasətinə ciddi təhdid yaradır.

Təbdizdə Qarabağla bağlı konfransa mane olmaq üçün Azərbaycan hökumətinə təzyiq edən qüvvələrdən dördüncüsü İran-Azərbaycan əlaqələrinin genişlənməsində qətiyyən maraqlı olmayan qüvvələr, xüsusilə İsrail ola bilər. Belə ki, son iki yüz ildə, yəni Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğalı həyata keçiriləndən Sovet ittifaqı dağılana qədər olan dövrdə Rusiya, daha sonra isə, yəni son 20 ildə Qərb dövlətləri və İsrail Azərbaycan cəmiyyətinin İran cəmiyyəti ilə yaxınlaşmasına mane olan siyasət həyata keçiriblər. Bu siyasətin reallaşması üçün bütün imkanlardan, siyasi, iqtisadi, hərbi, informasiya və sair imkanlardan geniş istifadə edilib. Bütün belə dağıdıcı vasitələrin əsas məqsədi ondan ibarət olub ki, Azərbaycan və İran cəmiyyətləri arasında qarşılıqlı inam və etibar olmasın. Bu məqsədə çatmaq üçün dövlətlərarası sərhədlərdə keçidlərin çətinləşdirilməsindən və “tikanlı məftillərin sıxlaşdırılmasından” tutmuş, bir-birlərinin mal və xidmətlərindən imtina edilməsinədək, həmçinin siyasi və mədəni əlaqələrin azalmasınadək müxtəlif “tədbirlər” görülüb. Son 20 ildə isə Qarabağla bağlı Azərbaycan cəmiyyətində İranla əlaqədar etimadsızlıq düşüncəsinin dəstəklənməsi və İranın guya Ermənistana kömək etməsi ilə bağlı informasiyaların yayılması da bu qəbildən olan “tədbirlərdəndir”. Lakin son 200 ildə hər cür ağlasığan və bəzi hallarda “ağlasığmayan” belə tədbirlərin həyata keçirilməsinə baxmayaraq, İran cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasındakı min illərlə formalaşan və möhkəmlənən dostluq və qardaşlıq əlaqələrini məhv etmək mümkün olmayıb.

Deməli, İranda Qarabağla bağlı beynəlxalq tədbir belə qardaşlığı və dostluğu, qarşılıqlı etibarı və inamı möhkəmləndirə bilərdi. Bu yaxınlaşma isə iki qardaş xalqın gələcək inkişafını istəməyən qüvvələrə, həmçinin Azərbaycanın yeraltı və yerüstü sərvətlərinə yiyələnmək istəyənlərə qətiyyən sərf etmir.
Beləliklə, bu gün tamamilə aydındır ki, Təbrizdə Qarabağla bağlı Beynəlxalq Konfransın keçirilməsinə etiraz Azərbaycan hakimiyyətinə edilən təzyiqlərlə birbaşa bağlıdır. Lakin bir həqiqəti qətiyyən unutmaq olmaz ki, İran-Azərbaycan əlaqələrinin genişlənməsinə xarici qüvvələr nə qədər cəhd etsələr də tarixin öz imperativləri var. Bu imperativlər qlobal, regional və lokal problemlərlə yetişir. Onların qarşısını zorla almaq mümkün deyil! İmperativlər yetişəndə xalq öz taleyini müəyyən etmək üçün hər cür maneyə qəhrəmanlıqla sinə gərə bilir!

Mayis Güləliyev
Azərbaycan Yaşıllar Partiyasının sədri

faktxeber

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button