ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putindən Xankəndi gedişi: “REFERNDUM” İYİ GƏLİR – Laçın dəhlizinə STOP

Xankəndidə yaşayan ermənilər geniş etiraz aksiyası keçirərək Azərbaycanın tərkib hissəsi olmaq istəmədiklərini ortaya qoyublar.

 ərazidəki qondarma rejim Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağı barədə bəyanat da qəbul edib.

Putin Qorbaçovlaşır

Ötən həftə Kremlin iç üzünün Valdayda açılması barədə yazı təqdim etmişdik.

Bəlkə də Rusiya liderinin həmin çıxışındakı imperializm təhdidlərini ilk qabardan da biz olduq. Çünki həmin çıxış erməniləri o tin, bu tin dolaşmaqdansa, Putin və onun siyasətinə sığınmağa çağırış idi. Vladimir açıq şəkildə dedi ki, əgər İrəvan Ağ Evin sülh variantındakı kimi Qarabağı bütünlüklə Azərbaycan ərazisi kimi tanımaq istəmirsə, Moskva alternativlər fikirləşə bilər. Həmin nitqində Kreml rəhbərinin Bakının mövqeyinə gözəyarı baxmağı, xalaxətri toxunmağı da Nobel Sülh mükafatına layiq görülmüş Qorbaçovsayaqlıqdır. Yadımdadır ki, iki il öncə rusiyalı politoloq Maksim Şevçenko belə demişdi:

“Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli bəyanatı imzalamaqla Putinə jest etdi və onu erməni xilaskarı statusunda saxladı. Yoxsa Laçını hərb yolu ilə geri götürmək Bakının əlində 1 saatlıq iş idi və Xankəndidəki ermənilərin İrəvanla əlaqəsi kəsiləndən sonra heç döyüşdə yox, acından qırılacaqdılar”.

Sitatın əsas siyasi eyhamı belə idi ki, Putin bu yaxşılığı unutmaz. 70 yaşlı insanda yaddaş problemi normaldır. Özü də Lavrov kimiləri böyrünü kəsdiribsə, çox yaxşılıq unudula bilər. Ukraynada Qərblə cırmaqlaşan Rusiya Cənubi Qafqazı da onlarla bölüşmək fikrində deyil. Əks halda Brüssel danışıqlarını sözdə dəstəkləyən Kremldən sülhün Ağ Ev versiyasına boykot gəlməzdi. Burada başqa məqam hamıya bəllidir. Sübhünü raketlə açanlara sülh lazım deyil.

Sülhün dalana dirənməsi

Sülh imzalansa, Cənubi Qafqaz regionu Rusiyaya “otval” vermiş olacaq. Çünki Paşinyanın son çıxışları erməni ictimaiyyətini o həqiqətə öyrəşdirməyə hesablanıb ki, “Qarabağ Azərbaycandır və bunu bütün dünya belə qəbul edir”. O ki qaldı Nikolun “Ermənistan ərazisindən heç bir Zəngəzur dəhlizi açılmayacaq” bəyanatına, işin altında başqa sirr yatır:

• Nikol sülhə imza atıb Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla rus sülhməramlılarının 2025-dən o yana orada qalmamasına nail olmaq istəyir. Qərbdən İrəvana gələn tapşırıq “rusların şələ-şüləsini yığışdırıb bölgədən çıxması”dır. Məhz bu səbəbdən Paşinyan Zəngəzur dəhlizinə etiraz edir. Çünki sözügedən koridorun təhlükəsizliyinə nəzarəti Rusiya reallaşdırmalıdır. Hazırda sezilən planın ilk ştrixi sülhməramlı missiyanın bölgədən çıxarılmasıdır. Ardınca:

– Ermənistan KTMT-ni tərk edir

– Gümrüdəki rus hərbi hissəsi qapanır

– Moskva ilə Metsamor ortaqlığı dayandırılır

– Sərhəd mühafizəsində Rusiyaya xitam

– Türkiyə və Azərbaycanla sərhədlərin açılışı

– Zəngəzur dəhlizi ilə bağlı anlaşma

Yəni Qərbdən İrəvana izah ediblər ki, Ermənistanı Rusiya ilə birləşdirəcək dəmiryol xətləri bu ölkəyə talonla növbədə durmaqdan başqa heç nə verməyəcək. Amma haylar Azərbaycanın regional layihələrində daha çox qazanacaqlar. Pekindən Londona uzanacaq “bir yol, bir kəmər” layihəsinin orta və cənub xətlərində yer ala biləcəklər. Süqutla iylənən Ermənistan haba çevriləcək və inkişaf edəcək. Onsuz da Rusiyadakı iqtisadi durum və perspektivsizliklərdən oradakı ermənilər xəbərdardırlar. Sadəcə, Kreml sahibinin “oliqarx kruqu”nun qorxusundan narazılıqları hıçqırıq qədər səssizdir.

Rusiya da bölgənin ona “аривидерчи, малышка” oxumaq istədiyini duyur. Yoxsa milyarder Ruben Vardanyanı məsuliyyət zonasındakı separatçı rejimə yollamaz, öz ad günündə Qarabağ ermənilərinin onun təsviri olan kətanı yelləməklərinə nail olmazdı. İndi də Qarabağdakı qondarma rejimin geniş aksiyalarını təşkil edir ki, sülhə mane olsun. Yaxud beynəlxalq tribunada “referendum hüququ”nu qabartmaq fikrindədir. Hər halda Donetsk və Luqanskı özünə birləşdirdiyi kimi Qarabağı da özəlləşdirməyə cəhd etməz. Halbuki orada rus kimliklərin (şəxsiyyət vəsiqəsi) paylanıldığı barədə iki ildir ki, xəbərlər dolaşmaqdadır. Putin Ukraynada məğlub olduğunu dəqiqləşdirsə, bunu etməyə qadir görünür. Lakin bunu etmək ağılsızlıqdır. Belə ki:

1. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır

2. İki ölkə arasında heç ili çıxmayan müttəfiqlik bəyannaməsi var

3. Kreml Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsindən agahdır

Bilir ki, sənəddə üçüncü ölkənin müdaxiləsində Türkiyənin müdaxiləsini şərtləndirən bənd var. Türkiyə isə NATO-nun ikinci ən güclü ordusudur. Yəni öz sərhədlərinə bitişik cəbhədə Ukrayna ilə bacarmayan Rusiyanın Cənubi Qafqazda “Turan ordusu” ilə baş edəcəyi mümkünsüzdür. 44 günlük savaşda Ermənistana silah yardımı üçün Qazaxıstan və İrana yalvar-yaxarda qalmışdılar. Rahat deyə bilərik ki, Rusiyada vəziyyət ruscadır.

Laçın dəhlizi və sülhməramlı nankoru

Bakı bütün baş verənlərin fonunda Laçın koridorunu bağlasa, çobanın çomağı münasib yerinə qayıdar, küçükləri zingildəməz, itləri də hürməz. Buna kifayət qədər əsasımız var. Elə sülhməramlıların fəaliyyətini də dayandıra bilərik:

a) Laçın koridoru Zəngəzur dəhlizinə paralel işləməlidir

b) Sülhməramlıların Qarabağa yerləşdirilməsi ilə separatçıların tərksilahı eyni vaxta olmalı idi

Rusiya isə sülhməramlı missiyalarını Qarabağdakı erməniləri müdafiə kimi qələmə verir. Əslində isə onların işi oradakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Yəni Qarabağda ikillik fəaliyyətlərindən sonra Xankəndidəki ermənilər Azərbaycanın bir hissəsi kimi yaşamağa etiraz edirsə, rus sülhməramlıların fəaliyyəti “odnorazovu qoruyucu” təsiri bağışlayır. Hər halda qanunsuz birliyi daha da özbaşınalaşdırmağın başqa adı yoxdur. Moskva yeni dünya düzəninin içində düzənlik yaratmaq fikrindədir, ancaq o çöllük-biyabanda bağ salmaq olmur. Qarabağı almaq isə heç olmur. Buna baxmayaraq, Rusiya liderinin eqosu “ölmək ölməkdir, bəs xırıldamaq nədir” rejimindədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button