ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Prezidentin əmisinin vəkili: “Bu qərar məni ölümə məhkum etməkdir”

“Mən vəkil ola-ola belə edirlərsə, görün sıravi vətəndaşlara qarşı nələr edirlər”

Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, ictimai-siyasi fəalları müdafiə edən bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi üçün səs verən Sümbülə Əliyevanın özü bir həftədir ki, həbsdədir.
Martın 20-də yaşadığı evdə saxlanılan vəkil külli miqdarda mənimsəmə, vergidən yayınma kimi əməllərdə ittiham olunur.
3 ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı cinayət işi üzrə məhkəmə prosesi gedir.
Son bir ilə yaxın müddətdə məhkəmə iclaslarına gəlmədiyinə görə dekabrın 30-da hakim Mahmud Ağalarov onun haqqında axtarış qərarı çıxarmışdı.
Sümbülə Əliyevanı polis əməkdaşları martın 20-də gecə saatlarında evindən aparıb.
O vaxtdan onun Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olduğu bildirilir.
İşgəncələr Əlyehinə Araşdırmalar Mərkəzindən verilən məlumata görə, təcridxanada Sümbülə Əliyevanın vəziyyəti pisləşib.
Polis idarəsinə təcili tibbi yardım çağırılıb.
Sümbülə Əliyeva martın 20-də, bayram axşamı gecə saat 23 radələrində evində həbs edilib. Hazırda Yasamal Rayon Polis İdarəsinin tabeliyindəki müvəqqəti saxlanma yerində olan 70 yaşlı vəkil Sümbülə Əliyevanın səhhəti qəfil pisləşib. Dərhal təcili yardım briqadası çağırılıb. Həkimlərin səyi nəticəsində Sümbülə xanım kritik vəziyyətdən çıxarılsa da, səhhəti qeyri-sabit olaraq qalır”, – İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzindən bildirilib.
Sümbülə Əliyeva özü də həbsindən öncə açıqlamasında səhhətində problemlər olduğunu bildirmişdi.
Təqsirləndirilən vəkil özü haqqında çıxarılmış həbsli axtarış qərarını onu “ölümə məhkum etmək” kimi qiymətləndirmişdi.
O iddia edir ki, baş verənlərin arxasında Vəkillər Kollegiyasının rəhbərliyi dayanır.
Onun sözlərinə görə, haqqındakı məhkəmə qərarını oxuyanda məhkəmədə həbs olunması məsələsini Vəkillər Kollegiyasını təmsil edən Gülşən Salmanovanın qaldırdığını bilib.
Gülşən Salmanova hazırda “Mərkəz” vəkil bürosunun rəhbəridir.
Əvvəllər 1 saylı hüquq məsləhətxanası adlanan bu quruma vaxtilə Sümbülə Əliyeva da rəhbərlik edib.
O məhz bu büroya rəhbərlik etdiyi dövrdə yeyintiyə yol verməkdə ittiham olunur:
“Mənim haqqımda çıxarılan axtarış qərarı əsassızdır. Çünki mən səhhətimdəki problemlərlə əlaqədar məhkəməyə getməmişəm. Dekabrın 30-u da daxil olmaqla, həmişə işimə baxan hakimin katibi ilə əlaqəm olub, səhhətimə görə gələ bilmədiyimi demişəm, sənədləri, ərizələri göndərmişəm. Qərardan bilmişəm ki, mənim həbsimlə bağlı tələbi irəli sürən Vəkillər Kollegiyasını təmsil edən Gülşən Salmanova olub. Əslində, o heç kimdir, Vəkillər Kollegiyasının rəhbərliyinin göstərişini yerinə yetirir, razılaşdırılıb”.
Hamı bilir ki, allergik xəstəyəm, nəfəs çatışmazlığından əziyyət çəkirəm. Faktiki bu qərar həyatımı təhlükəyə atmaqdır. Həyatım təhlükədədir. Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri də, hakim də bilir. Bu qərar məni ölümə məhkum etməkdir. Mən vəkil ola-ola mənə qarşı belə edirlərsə, görün sıravi vətəndaşlara qarşı nələr edirlər”, – Sümbülə Əliyeva bildirib.
Sümbülə Əliyeva bundan əvvəl də bir dəfə – 2021-ci ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yeni başlayan ərəfədə məhkəmə zalında həbs olunmuş, təxminən 10 gün sonra ev dustaqlığına buraxılmışdı.
Həmin vaxt onun haqqında cinayət işinə hakim Eldar Mikayılovun sədrliyilə baxılırdı.
Bir müddət sonra Eldar Mikayılov yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyinə görə Sümbülə Əliyeva haqqında cinayət işinin məhkəmə araşdırması Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə edildi.
Dəfələrlə məhkəməyə gəlmədiyinə görə onun haqqında həbsli axtarışdan əvvəl məcburi gətirilmə qərarı çıxarılmışdı.
O zaman da mediaya açıqlamasında sağlıq durumunun ağır olduğunu bildirmişdi. Demişdi ki, belə bir vəziyyətdə barəsində məcburi gətirilmə qərarı çıxarılmasını düzgün saymır.
Onun sözlərinə görə, son dövrlərdə iki dəfə ağır əməliyyat keçirib, məhkəməyə bu haqda bildiriş də göndərib.
Sümbülə Əliyeva əvvəlki 1 saylı hüquq məsləhətxanası, indiki “Mərkəz” vəkil bürosuna rəhbərlik etdiyi dövrdə oranın üzvü olan vəkillərin 200 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.
İttihama əsasən, hüquq məsləhətxanasının hesabına köçürülən və mənimsənildiyi iddia olunan vəsaitlərin bir hissəsi müdafiəçi kimi çıxdıqları işə görə vəkillərə ödənilən qonorarlar olub. Bir hissəsi də vəkillərdən tutulan vergi və sosial sığorta haqları olub.
Bu üzdən Sümbülə Əliyeva haqqında cinayət işində Vəkillər Kollegiyasının Rəyasət Heyətilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti də zərərçəkmiş qismində tanınıb.
Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrilə ittiham olunur.
Məhkəmədə dindirilən vəkillər Sümbülə Əliyevanı ittiham edib, ondan pullarını tələb ediblər. Lakin Sümbülə Əliyeva özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir.
Sümbülə Əliyeva uzun müddət Prezident İlham Əliyevin mərhum əmisi Cəlal Əliyevin vəkili olub.
Mərhum akademikin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırdığı işlərdə də onu Sümbülə Əliyeva təmsil edirdi. Həmin məhkəmə proseslərinin sonunda bir neçə jurnalist həbs edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button