ArxivXəbər lentiXəbərlər

Politoloq Qüds məsələsini şərh etdi

Zərdüşt Əlizadə: “ABŞ sionistlərinin ərazi iddiasının arxasında durur”

1995-ci ildə ABŞ Konqresində belə bir qərar verildi ki, ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdə deyil, Qüdsdə yerləşdirilməlidir. Uzun illər bu qərar həyata keçirilməyib və ABŞ prezidenti Donald Tramp da bu məsələnin qüvvəyə minməsini 6 ay təxirə salmışdı. Həmin vaxt artıq başa çatıb və ABŞ mediası Trampın bu qərarı qüvvəyə mindirəcəyini yazır. Bununla əlaqədar Ərəb Dövlətləri Liqası toplanaraq bəyanat səsləndiriblər.

Bəs, ABŞ səfirliyi Qüdsə köçürülərsə nə baş verər? FaktXeber.com məsələ ilə əlaqədar politoloq Zərdüşt Əlizadədən münasibət öyrənib.

Politoloq vurğuladı ki, Fələstin-İsrail məsələsinin tənzimlənməsində Qüds ən çox mübahisə doğuran mövzulardan biri olub: “Çünki Qüds həm yəhudi dinində, həm də İslam dinində müqəddəs bir yerdir. Hamı bilir ki, Quran ayəsinə və hədislərə görə, Məhəmməd Peyğəmbər Buraq adlı məxluqun belində məhz Qüdsdən merac edib. Buna görə də, bu məkan müsəlmanlar üçün müqəddəs yerdir. Eyni zamanda yəhudilər üçün də müqəddəsdir.”

Zərdüşt bəyin sözlərinə görə, bu ərazi münaqişəsinin həllərindən biri kimi belə bir təklif var idi ki, Qüds heç kimin hüquqi mənsubiyyətində olmasın, üç dünya dininin – yəhudiliyin, xristianlığın və İslamın müqəddəs bir məkanı kimi azad şəhər olsun: “Qüdsün bir hissəsi qanuna görə İsrail torpağıdır. İsrail Qüdsü öz paytaxtı elan edəcəksə, onda Qüdsün bitərəf, azad, dinlərin beşiyi şəhəri olması təklifi səsləndirilir.”

Siyasətçi bildirdi ki, Fələstin dövləti bir çox dünya dövlətləri, o cümlədən Azərbaycan tərəfindən tanınıb, Bakıda bu ölkənin səfirliyi var. Bununla belə, dövlət de-yure yaradılsa da, de-fakto yaradılmayıb: “Bu gün Fələstin dövləti yaradılacaqsa, o zaman onların paytaxtı hələlik Ramallah sayılacaq. Onlar da məcbur olacaqlar Qüdsün bir hissəsini özlərinə paytaxt eldan eləsin. Bu çox məntiqsiz və acınacaqlı vəziyyətdir.”

Zərdüşt bəy İsrailin Qüdsü öz paytaxtı elan etməsinin arxasında sionist ideologiyasının durduğunu vurğuladı: “Onların ideologiyasına görə, Qüds İsrailin bütöv, bölünməz paytaxtıdır. Onlar siyasi məzhəb kimi İsrailin Qüdsün hamısını tutmasını qarşılarına məqsəd qoyub. Amerika da Qüdsü İsrailin paytaxtı kimi tanımaqla, bu sionist ideologiyaya dəstək verir və göstərir ki, xaçpərəst dünyasının digər dövləti kimi onlar yəhudi sionistlərinin ərazi iddiasının arxasında dururlar.”

“Dünənə kimi İsrailin paytaxtı Təl-Əviv idi, səfirliklər də orda yerləşirdi. Amerika da dünənə kimi münsif kimi çıxış eləməyə çalışırdı, guya yəhudiləri, müsəlmanları birləşdirmək, barışdırmaq istəyirdi, indi bu qərarı ilə birbaşa yəhudi sionizminin tərəfdarı olduğunu sübuta yetirir”, – deyə politoloq sözlərini yekunlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button