ArxivXəbərlər

Ordu üçün yığılan pullar dövriyyəyə buraxılır?

Hökumət hər il hərbi büdcəsini artırır və bunu fəxrlə deyir, digər tərəfdən isə insanlardan bir çox hallarda məcburi şəkildə pul yığır.

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb. Müdafiə Nazirliyinin açıqlamasında 2014-ci il iyul 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 55 616 001 manat, 211 791 ABŞ dolları, 593 avro pul daxil olduğu bildirilir. Fonda yığılan vəsaitin hazırki məbləği ötən ayla müqayisədə təxminən 902117 manat artıb.
Yardım Fonduna yığılan vəsait barədə MN tərəfindən mütəmadi məlumat yayılır. Ancaq bu vəsaitin hansı ehtiyaclara xərclənməsi barədə isə məlumat yoxdur. REAL Hərəkatının İdarə Heyətinin üzvü Cəsur Sümərinli Silahlı Qüvvələrə Yardım Fondunun mövcudluğunu hökumətin hərbi siyasətindəki ziddiyyət kimi qiymətləndirir. Onun fikrincə, hökumət hər il hərbi büdcəsini artırır və bunu fəxrlə deyir, digər tərəfdən isə insanlardan bir çox hallarda məcburi şəkildə pul yığır:
“Vətəndaşların maaşlarından çox vaxt məcburi halda pul çıxırlar. Bu hallar daha çox Neft Şirkətinin işçiləri ilə baş verirdi, hər ay onların məvaciblərindən pul çıxırdılar. Bu da ciddi etirazlarla qarşılanırdı və artıq bir neçə ildir ki, bu proses dayandırılıb. Digər problemli məsələ isə Fonda köçürülən iri məbləğdə pulların mənbəyi ilə bağlıdır, onların hardan daxil olması gizli saxlanılır. Belə məlumatlar var ki, Fonda çirkli pullar cəlb edilir. Bəzən yüksək vəzifəli şəxslər Silahlı Qüvvələrə kütləvi yardım edirlər. Bir sözlə, bu Fond həm məcburi şəkildə toplanılan, həm də qaranlıq vəsaitlərin mənbəyi kimi qəbul edilir”.
Fonda yığılan vəsaitin xərclənməsinə gəlincə, Cəsur Sümərinli bildirdi ki, indiyə qədər Fonddakı vəsaitdən istifadə olunmayıb və hətta belə şayiələr də var ki, bəzi şəxslər həmin vəsaiti sadəcə dövriyyəyə buraxıblar: ”Fondun vəsaitinin necə idarə olunması barədə heç bir hesabat verilmir. Məlumat ancaq vəsaitin toplanılması barədədir. Reallıqda həmin vəsaitlə hansı əməliyyatların aparılması barədə ictimaiyyətə heç bir məlumat verilmir. Dörd milyard manatlıq hərbi büdcəmiz olduğu halda neçə milyonluq Yardım Fondunun saxlanılması mənasız bir işdir”.
İndiki formatda bu Fondu çox mənasız bir qurum hesab edən ekspert bildirdi ki, əslində bu iş başqa cür təşkil olunmalı idı: “Peşəkar silahlı qüvvələrə keçid prosesində xidmət göstərmək istəməyən vətəndaşların ödəyəcəkləri rəsmi vəsaitlər hesabına yaradılmalı idi. Hesab edirəm ki, bu Fond ümumiyyətlə ləğv olunmalıdır və yeni bir statusda yaradılmalıdır. Biz REAL Hərəkatı olaraq təklif edirik ki, müqaviləli ordu sisteminə keçmək lazımdır. İlk öncə ordu 50%-50% nisbətində təşkil olunmalıdır. Yəni ordu yarımüqaviləli, yarımükəlləfiyyətli – hərbi çağırış yaşına çatmış vətəndaşlardan ibarət olmalıdır. Bu halda orduda qulluq etmək istəməyən insanlar müəyyən ödəmə ilə silahlı qüvvələrin inkişafına yardım göstərməlidilər”.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.
Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər./cumhuriyyet/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button