ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran məhbusları” “kars”a salınıblar

“Nardaran məhbusları” “kars”a salınıblar
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə əlaqədar üçüncü qrupun tərkibində mühakimə olunan 12 nəfərin hamısı mayın 1-də keçirilən məhkəmə iclasından sonra «kars»a salınıb. Bu haqda AzadlıqRadiosuna təqsirləndirilən şəxslərdən Ruzi İsmayılovun vəkili Şəhla Hümbətova məlumat verib.

Vəkil bildirib ki, ötən iclasda təqsirləndirilən şəxslərin jurnalistlərin zaldan çıxarılmasına etiraz etməsi onların cəzalandırılmasına səbəb olub. Onlar məhkəmədən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına qaytarılan kimi dərhal cərimə kamerasına aparılıblar. Bir neçə saat sonra təqsirləndirilən şəxslərdən doqquzu «kars»dan çıxarılıb. Amma Zülfüqar Mikayılov, Ruzi İsmayılov və Ramil Seyfullayev üç gün orada saxlanılıb.

Mayın 1-də Nardaran məhbuslarının məhkəməsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Elman Bayramov dindirilib. Təqsirləndirilən şəxslər bu idarədə onlara ən çox işgəncə verənlərdən biri kimi Bayramovun adını çəkir.

Polis əməkdaşı ifadə verərkən mikrofondan istifadə olunmayıb. Deyilənlərin zalda eşidilmədiyini hakimin nəzərinə çatdıran vetenugrunda.az saytının əməkdaşı Arzu Abdulla məhkəmə zalından çıxarılıb. Bu saytın baş redaktoru, Azərbaycan İslam Partiyasının sabiq sədr müavini Rövşən Əhmədli buna etiraz etdiyinə görə hakim onun özünün də zaldan çıxarılmasına göstəriş verib.

Bundan sonra hakim Elman Bayramovun dindirilməsini davam etdirmək istəsə də, təqsirləndirilən şəxslər etiraz ediblər. Bildiriblər ki, onlara qarşı haqsızlığın, verilən işgəncələrin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin iştirakı vacibdir. Ona görə də, media nümayəndələrinin iştirakı təmin olunmasa, onlar da məhkəmədə iştirak etməyəcəklər.

Etirazlarla əlaqədar hakim məhkəməni yarımçıq dayandırmalı olub.(faktxeber.com)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button