ArxivNardaranXəbər lentiXəbərlər

”Nardaran işi”: Söyülməkdənsə, on il yatmağı üstün tuturam

”Mənə dedilər yaz ki, zibillikdən silah tapmısan”

“Mənim yetmiş yaşım var. Mən uşaq deyiləm ki, silahla bayıra çıxam”.

Bu sözləri məhkəmədə təqsirləndirilən Əmirli Əliyev deyib.

Oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər – Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda polis əməkdaşları ifadə veriblər.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Kamil Məmmədov deyib ki, Əli Şahbazovla Əmirəli Əliyevin evində keçirilən axtarışda iştirak edib. Onlardan silah və Taleh Bağırzadənin müraciət kitabçası olduğu iddia edilən kitabçanın tapıldığını deyən şahid hər şeyi olduğu kimi danışdığını bildirib.

Əmirəli Əliyev isə bildirib ki, onda silah və kitabça olmayıb:

“Həmin vaxt Nardaranda əməliyyat keçirilmişdi, hər yerdə polis var idi. Silah olsaydı, aparıb həyətdəki quyuya atardım. Mən o kitabı heç vaxt görməmişəm. Mənim övladlarımı həbs etmişdilər. Dedim: “Onları buraxın, məni həbs edin, bir silah ittihamı verərsiniz”. Onlar da razılaşdılar. Mənə on il də versələr, yalan danışa bilmərəm”.

İclasda ifadə verən BMCMİ-nin digər əməkdaşı Ramil Səlimov isə İsa İbrahimovla Ramil Əliyevin evində axtarışda iştirak etdiyini, onlardan silah tapıldığını deyib. İsa İbrahimov isə deyib ki, onu ailəsi ilə hədələyiblər:

“Mənə dedilər: “Səni buraxsaq, atanı həbs edəcəyik”. Mən də buna razı olmadım. Dedilər: “Yaz ki, qəbirsanlıqdan silah tapmısan”. Mən də dediklərini etdim”.

O, evində silah olmadığını, silahı polislərin qoyduğunu deyib.

Ramil Əliyev isə deyib ki, onu saxlayanda polislərlə şərt kəsib:

“Dedim ki, gedək evə baxın, amma kişi kimi axtarın. Onlar da istehza ilə dedilər ki, elə edəcəyik. Protokolu da evdə yox, polis şöbəsində yazdılar. Mənə dedilər yaz ki, zibillikdən silah tapmısan. Mən də razılaşdım. Söyülməkdənsə, on il yatmağı üstün tuturam. Mən buradan azad olmaq üçün danışmıram. Sadəcə həqiqət nədir onu deyirəm. Bizim buradan düşməyimiz kimdənsə asılı deyil. Allah belə məsləhət bilib. Allah da bizi buradan çıxaracaq. Sizi Allaha tapşırmışam “.

İclasda Ağa-əli Yəhyayevin evində axtarış zamanı hal şahidi kimi iştirak edən Rəşad Verdiyev də ifadə verib. O da evindən silah çıxdığını deyib.

A.Yəhyayev isə deyib ki, onları Taleh Bağırzadəyə görə həbs ediblər:

“Bizi terrorçu kimi qələmə verirlər. Lakin cəmiyyətdə bizdən ziyansız adam yoxdur. Allahımız bizi qoruyur”.

Təqsirləndirilən Nahid Qəhrəmanov isə deyib ki, onların heç kiminlə düşmənçiliyi yoxdur:

“Bizim nə şahidlə, nə hakimlə düşmənçiliyimiz var. Bizim düşmənçiliyimiz məktəbdə hicabı qadağan edənlədir. Avropada heyvanların da hüquqları qorunur. Azərbaycanda günahsız insanlara belə ağır ittiham verilir. Azərbaycanda məhkəmə yoxdur. Biz bilirik yuxarıdan nə desələr, onu edəcəksiniz. Nə qədər cəza verəcəyinizi də bilirik. Bizim vəkilimiz Allahdır”.

Proses oktyabrın 13-də davam edəcək.

2015-ci ol noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı ilahiyyatçı Taleh Bağırzadə və bir neçə nəfər tərəfdarı həbs edilib.

Elçin Qasımov Nardaran hadisələrindən öncə – noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Qasımova Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham verilib. Daha sonra ittihamların sırasına daha 11 maddə əlavə olunub. İttihamlar arasında terrorçuluq, kütləvi iğtişaş törətmə, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi maddələr var.

Onlar ittihamı qəbul etmirlər və işgəncəyə məruz qaldıqlarını bildirirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button