ArxivXəbər lentiXəbərlər

Məqsədyönlü dövlət siyasəti

Müstəqil Azərbaycanın hakimiyyəti məqsədyönlü siyasət yürüdür. Gecə-gündüz bütün məscid və media minbərlərindən səslənən laqqırtı, çərənləmə və boşboğazlıqlara rəğmən, bu məqsəd çox aydındır. Bu məqsəd nədir? Heç kim tərəfindən əngəl görmədən Azərbaycan adlı dövlətin sərvətini mənimsəmək, döğmaların və can-ciyərlərin özəl mülkiyyətinə çevirmək.

Lakin axı əngəllər var! Nədir bu əngəllər? Xalq adlanan, fəqət əslində əksəriyyəti dikgəzən ikiayaqlı məməli məxluqatdan ibarət bu kütlənin içərisində elələri tapılır ki, arsız-arsız bağırır: “Mənə də ver”! Necə yəni “sənə də verək”? Axı sən kimsən? Bİz çəkən zəhməti sən çəkmisən? Biz oturan yerdəmi oturursan? Yoxsa sənin dədən mənim dədəmə taydır? Odur ki, belə arsızları susdurmaq üçün güc qurumlarına müvafiq tapşırıqlar verilir və onlar da canla-başla “milli dövlətin əsaslarını qorumaq”la məşğul olurlar.

Nədir bu məşğuliyyət? Dərindən düşünəndə, bu məşğuliyyət çox da ağır zəhmət tələb etmir. Hər bir işin tövrünü bilsən, asan olar. Bizim güc qurumlarının başında oturanlar, Allahın kəramətinə şükür, elə cocuq vaxtlarından bu işin tövrünü öyrəniblər deyə kütləni və narazıları ram etməkdə pərgardırlar.

Əvvəla, bu kütlənimi deyim, sürünümü deyim, pərən-pərən etmək lazımdır. Bütöv sürü parçalanmalıdır, çevrilməlidir bir-birilə amansız və barışmaz rəqabət aparan çoxsaylı partiyacığazlara. Hər bir belə partiyanın başına bir nəfər zəkadan kəm, iştahdan bol bir gədanı soxuşdurub, onu üfürmək lazımdır. O qədər üfürmək lazımdır ki, lap elə hava şarları kimi, onlar bir-birinə dəxi yavuq gələ bilməsinlər.

Hər bir belə liderə qarşı təsirli və işlək kompromat şəklində yönəldici noxta olmalıdır ki, vaxtın 99%-ni onlar hökuməti yamanlasınlar, lakin həlledici qərar anı yetişdikdə hakimiyyətin əmri ilə xalqı (kütləni, sürünü – istilahı özün seç) keçi qiymətinə satsınlar. Amma elə satsınlar ki, sonradan yenə heç bir şey olmayıbmış kimi çıxıb camaatı həqiqət, ədalət, özgürlük, qanunun aliliyi, demokratiya və sairə bu kumi dilxoşluqlar naminə savaşa səsləsinlər. Belə etmək üçün isə iki şey olmalıdır: liderlərin arsızlığı və kütlənin bişüurluğu. Hər ikisi olanda nəticə nur-əlanur alınır.

Fəqət elə xoşagəlməz hallar olur ki, bu halları aradan qaldırmaq üçün xeyli zəhmət çəkmək lazım gəlir. Məsələn, bir də görürsən ki, elə bir partiya yaranır və onun da başında elə adamlar peyda olur ki, həm zəkaları var, həm də vicdanları. Onda iş düşür düyünə. Onu açmaq mümkün olmayanda qılıncla kəsməli olursan. Yəni istintaqı və məhkəməni işə salmalı olursan. Bu iş isə bir az cəncəl işdir. Yəni hansısa qurama iş tikməlisən, üzə şahidlər durdurmalısan, prokuror ağa “qara” deməlidir, hakim qaranın qara olduğunu danmalıdır, oradan da müdafiə vəkilləri dalbadal vəsatət qaldırıb ağın ağ olduğunu sübut edən fiziki cihazlardan istifadə edilməsi tələbini qaldıranda onların vəsatətlərini rədd etməlidir.

Vəkillərin ram edilməsi əməliyyatı da asan məsələ deyil. Bəli, bəzi dilbilməz, vicdanı susmamış vəkillər tapılır ki, onlar heç cür “əhli-hal” olmaq istəmirlər. Onları, əlbəttə ki, Vəkillər Kollegiyasından çıxarmaq olar. Olar və çıxarılırlar da! Lakin bu iş də cox cəncəlli işdir, xaricdən elə-hey qapaz və təpik gəlir. Neynək, hakimiyyətimiz qapaz və təpiyə öyrəncəlidir. Lakin bu xaric və hətta daxil, tüpürürlər də! Düz sifətə tüpürürlər!

Amma sifət də artıq tüpürcəyə davamlı maddə ilə örtülüb. Bu maddəni dollardan və avrodan hazırlayırlar. Bahalı maddədir, amma möhkəm və davamlıdır. Bircə dəfə sürtdünsə, ömürlük bəs edir.

Vəkillərin ağzını istintaq sirri adlanan mala ilə möhkəm yummaq olur. Özü də heç kim dəqiq bilmir bu istintaq sirrinə nə daxildir. Bu sirrin tərkibini yalnız hakimiyyət müəyyənləşdirir. İstəsə, bu tərkibə Mendeleyevin cədvəli də salına bilər.

Vaxtilə məhkəmə istintaqının gedişinə ictimai vəkillər deyilən fəal və savadlı vətəndaşlar da burunlarını soxa bilirdilər. Lakin müstəqil hakimiyyətimiz bu mənfur sosializm qalığından vaxtında və qətiyyətlə xilas ola bildi və onu ləğv etdi. İndi müdafiəni iki qabaq ayaqları qısa kəndirlə bir-birinə möhkəm bağlanmış taqətsiz rəsmi hüquq yabıları həyata keçirir. Bu kəndir onları qaçmaq, çapmaq və hətta yeyin getmək imkanından məhrum edir.

Bax belə gözəl şəraitdə hakimiyyət bütün danışan ağızları qıfıllayıb öz əsas işi ilə məşğul olmaq səadətinə nəsib olur. Yəni nöyütdən, torpaq, milli mənafe və vəzifə satışından gələn pulları rahatca yumaqla, onları ağartmaqla, doğmaların və can-ciyərlərin gələcək iki min il ərzində həyatını təmin edə biləcək varidatın inanılmış yerlərə dürtülməsi ilə heç bir əngəl görmədən məşğul olur.

Hakimiyyətimiz öz məqsədyönlü siyasətini heç bir əngəl görmədən yürüdürdü, yürüdür və dövlətimiz, Osmanlı və Sovet imperiyaları kimi, yəni qəfildən və gurultu ilə, çökənə qədər, yürüdəcək!

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button