ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlkin Süleymanov: “Mən törətmədiyim cinayətə görə cəza çəkmək istəmirəm…”

“Valideynlər istəyirlər ki, bu iş mənimlə bağlansın, məsələ bitsin”

4 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyit tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilməsi barədə hökmdən apelyasiya şikayəti verib. Şikayətə yarım ildir ki, Gəncə Apelyasiya Məhkəməsində baxılır.
“Bədənimə tok verirdilər, başıma, ayaqlarıma dəyənəklə vururdular”
Hakim Teyyub Muxtarovun sədrliyilə keçirilən məhkəmə prosesində İlkin Süleymanov özü çıxış edib. O bildirib ki, Nərmin Quliyevanın oğurlanmasına da, öldürülməsinə də heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxsin sözlərinə görə, əsl cinayətkarı tapa bilməyən və ya tapmaq istəməyənlər onu qurban seçiblər:
“Gəncə Ağır Cinayətlər Məhkəməsi saxta sübutlarla məni 18 il azadlıqdan məhrum edib. İttiham aktını köçürüb hökm çıxardılar, müdafiəçilərimin təqdim elədiyi sübutlara əhəmiyyət verilmədi. Məhkəmə bir sıra vəsatətləri təmin eləsə də, öz qərarına hörmət eləmədi – həmin vəsatətlər icra olunmadı. Məsələn, hal şahidi dindirilməliydi, vəsatət də təmin olunmuşdu. Adam məhkəməyə gəldi, amma onu dindirmədi. Cinayət işində mənim yanvarın 10-da saxlandığım yazılsa da, məhkəmədə dindirilənlərin hamısı ayın 6-dan tutulduğumu bildirdilər. Buna görə məcbur olub, məhkəmə də hökmdə etiraf elədi ki, məni ayın 6-dan tutublar. Amma 4 gün qanunsuz saxlanmağıma heç bir hüquqi qiymət vermədi”.
İlkin Süleymanov deyir ki, saxlanılandan sonra evlərində, həyətlərində hüquq-mühafizə orqanları axtarış aparıb. Lakin bu cinayətə aid heç nə tapılmayıb. Bu barədə 8 yanvar 2020-ci il tarixli protokol da var. O hesab edir ki, cinayəti kiminsə üstünə qoymağı hədəfləmişdilər. Bu səbəbdən onun bu cinayətə aidiyyəti olmadığını görsələr də, yenə buraxmayıblar.
İlkin Süleymanov deyir ki, Tovuz Rayon Polis İdarəsində amansız işgəncələrə məruz qalıb:
“Ən ağır işgəncələr yanvarın 9-dan 10-na keçən gecə oldu. Onlara artıq dözə bilmədim. 5 nəfər üstümə tökülüb, müxtəlif formada mənə işgəncə verirdilər. Ayaqlarımın altına, başıma dəyənəklə vururdular. Başıma qazan keçirib döyəcləyirdlər. Bədənimə tok verirdilər. Axırda dözə bilmədim, razılaşdım ki, dediyiniz ifadəni verirəm. Halbuki, məni yanvarın 8-də dindirmişdilər. Orada da göstərmişdim ki, bu cinayətin mənə aidiyyəti yoxdur. Sadəcə, çölə çıxanda evimizin qarşısında yanğını görüb yaxınlaşmışam. Mən bircə 10 yanvarda etiraf ifadəsi vermişəm. Ekspertizanın rəyində yazılıb ki, İlkin Süleymanov yalan danışmağa meylli adam deyil. Hökmdə də hakim buna istinad edib, 10 yanvar 2020-ci il tarixli ifadəmi sübut kimi qəbul edib. Bəs necə olur, yanvarın 10-da verdiyim ifadəni doğru sayırlar, ondan əvvəl və sonra – bu günə qədər verdiyim ifadələrin hamısını yalan sayırlar?”
“Ola bilməz ki, bir adamın 47 gün saxlandığı otaqdan heç bir sübut tapılmasın”
Təqsirləndirilən şəxs deyir ki, həbsindən sonra onu müayinə edən tibbi ekspert də, o dövrdə həbs qərarından verilmiş apelyasiya şikayətinə baxan hakimlər də, Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada qalan dustaqlar da üzərindəki işgəncə izlərini görüb. Kamera yoldaşları olmuş şəxslər Gəncə Ağır Cinayətlər Məhkəməsindəki ifadələrində də bunu təsdiqləyiblər. Buna baxmayaraq, məhkəmə onun işgəncəyə məruz qalmadığını iddia edib.
2020-ci ilin yanvarında İlkin Süleymanov haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə də hazırda Gəncə Apelyasiya Məhkəməsində işinə sədrlik edən Teyyub Muxtarov baxıb.
İlkin Süleymanov deyir ki, cinayət işində Nərmin Quliyevanın 47 gün bir otaqda saxlandığı iddia olunur. Amma hüquq-mühafizə orqanları o otaqda dəfələrlə axtarış aparsalar da, heç bir sübut-dəlil tapmayıblar:
“Ola bilməzdi ki, bir adam 47 gün eyni otaqda saxlansın, orada öldürülsün, amma heç bir iz qalmasın. Ya saçı, ya qanı, ya başqa bir izi mütləq olmalıydı. Yoxdur, ola da bilməzdi. Çünki o uşaq o evdə olmayıb”.
O, yanvarın 6-da saxlandıqdan sonra telefonunun alındığını, saxta sübutlar yaratmaqdan ötrü telefonuna müdaxilə edildiyini də vurğulayıb. Onun sözlərinə görə, ekspertiza rəyində də telefonuna müdaxilə edildiyi əksini tapıb.
“Mən tutulandan sonra qardaşım bazardan tuman-köynək alıb gətirib, idarəyə verib. Lifli ekspertizalarla bağlı rəydə göstərilib ki, guya onun üstündən Nərminə aid paltarların lifi tapılıb. Bu, necə ola bilər? Mən tutulandan sonra alınıb o paltar. Bu uşağın qulağındakı sırğalar, oğurlananda əlindəki torbada olan, atasına məxsus gödəkçə hardadır? Müstəntiq heç bunları məndən soruşmadı. Çünki bilirlər ki, uşağı mən oğurlamamışam, bu əşyaların da yerini deyə bilməyəcəm”.
“Ekspertizaya meyitdən götürülən yox, başqa adamın qanı verilib”
İlkin Süleymanov bildirib ki, tapılan meyitin də Nərmin olmasına əsaslı şübhələr var. Onun sözlərinə görə, uşağın qan qrupu, meyitin boyunun ölçüləri və başqa hallar meyitin Nərmin olmadığını düşünməyə əsas verir:
“İşin içində Nərminin şəxsiyyət vəsiqəsi var, oradan görünür ki, qanı IV qrup olub. Amma meyitin qanı II qrupdur. Vəkilim Zabil Qəhrəmanov sorğu göndərib, aldığı cavabda da Nərmin Quliyevanın qanının II qrup olduğu yazılıb. Deyirlər ki, genetik ekspertiza keçirilib, meyitin Aynurə və Şərif Quliyevin övladı olduğu təsdiqlənib. Ortada çox ciddi şübhələr var ki, ekspertizaya meyitdən götürülmüş qan yox, başqasının qanı təqdim olunub. Ona görə də son nəticədə genetik ekspertiza belə rəy verib. Ekspert bildirir ki, meyitdən müxtəlif ekspertizalar üçün cəmi 30 millilitr qan götürülüb. Genetik ekspertizanı keçirən ekspertin rəyinə görə isə ona 80 millilitr qan verilib. 30 necə gəlib 80 oldu? Deməli, başqasının qanı olub. Üstəlik, ekspert bildirir ki, qan donmuş vəziyyətdə göndərilib. Amma ekspertizanı keçirən deyir ki, ona ekspertiza üçün təqdim olunan qan maye halda olub”.
“Niyə ata qızını axtarmır, zəng eləmir, şadlıq məclisinə gedirdi?”
İlkin Süleymanov xatırladıb ki, bu şübhələrə görə onlar məhkəmə prosesinin əvvəlində məzarın açılmasını və yenidən ekspertiza keçirilməsini istəyiblər. Lakin Nərmin Quliyevanın valideynləri buna qəti şəkildə etiraz ediblər:
“Şərif Quliyevgil elə davranır ki, sanki bu işin onlara aidiyyəti yoxdur. İstəyirlər ki, elə mənimlə də bağlansın, məsələ bitsin. Yəni bu işə qanuni qiymət verilməsini istəməyənlərdən biri də onların özləridir. Görünür, başa düşürlər ki, qanuni qiymət verilsə, onların özlərinin də ziyanına ola bilər. Şərif Quliyev və həyat yoldaşı deyir ki, Nərmin itkin düşən gün məktəbdən icazə alıb tez gəlib, çünki xəstə idi. Sual çıxır, Şərif Quliyev niyə xəstə uşağı qardaşıgilə göndərib? Bir qədər sonra onun arxasınca böyük qızı Şəbnəmi göndərib. Şəbnəm də qayıdıb gəlib deyib ki, Şəbnəm əmisigildə yoxdur, çoxdan çıxıb. Məntiqlə atanın narahatlığı daha da artmalıydı, uşağını axtarmalıydı ki, hara yoxa çıxdı. O isə heç bir addım atmayıb, kiməsə zəng eləyib soruşmayıb. Axşam saat 6-da qardaşlarına qoşulub, qonşu kəndə şadlıq məclisinə gedib. Sən əgər həmin qardaşıngilə axşam gedəcəkdinsə, günorta niyə uşağı göndərirdin? Deyir ki, konturum olmayıb, ona görə zəng eləyib uşağı soruşa bilməmişəm. Yaxşı, axşamüstü qardaşlarınla birlikdə olanda onların telefonundan da istifadə edə bilməzdin? Sənədlərdən görünür ki, Şərif özünə lazım olanda kreditlə kontur götürürmüş. Bu dəfə də eləyə bilməzdi? Gedib yeyib-içir, gəlir, gecə saat 11-də iş-işdən keçəndən sonra polisə xəbər verir ki, uşaq yoxdur”.
“Polis rəisi hardan bilirdi ki, həmin gecə yandırılmış meyit tapılacaq?”
O, Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov haqqında da danışıb. Xatırladıb ki, yanmış meyit tapılan gün səhər saat 10 radələrində Şərif Quliyevgil polis rəisinin yanına gedib:
“Aynurə xanım məhkəmədə dedi ki, uşağımızdan xəbər olub-olmadığını öyrənmək üçün getmişdik. Yaxşı, həmin gün siz getdiniz, qayıtdınız, günorta niyə polis rəisi yenidən sizə gəlirdi? Aynurə xanım məhkəmədə bildirdi ki, polis rəisi günorta onlara gələndə soruşub ki, “uşağınız tanınmaz halda tapılsa, onu nədən tanıyarsız”? Polis rəisi hardan bilirdi ki, həmin axşam tanınmaz halda tapılacaq? Yazıblar ki, guya meyit 2 dəqiqə ərzində yanıb o vəziyyətə düşüb. Ekspert məhkəmədə dindiriləndə dedi ki, 2 dəqiqəyə o vəziyyətə düşməsi mümkün deyildi. Ən əsası, meyitin kürək nahiyəsi torpağın üstündə ola-ola o hissə də kömürləşmə həddində yanıb. Bu isə mümkün deyil. Hesab edirik ki, meyit əvvəl bir dəfə yandırılıb. Gətirib ora atandan sonra ikinci dəfə orada yandırıblar”.
“Cinayətkarı tapa bilmirlərsə, o demək deyil, mən cəza çəkməliyəm”
İlkin Süleymanov çıxışının sonunda məhkəmədən bəraət istəyib. O vurğulayıb ki, illərdir törətmədiyi cinayətə görə, başqasının yerinə cəza çəkir. Lakin əmindir ki, tez-gec bəraət alacaq:
“Mən əsassız yeri cəza çəkməməliyəm. Cinayətkarları tapmırlarsa, tapa bilmirlərsə, o demək deyil ki, cəzanı mən çəkməliyəm. Əslində, hamısı mənim təqsirsiz olduğumu bilir. Müstəntiqə də dedim ki, siz də bu işə aidiyyətim olmadığını bilirsiz. Mənə cavab verdi ki, “neyləyək, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, hətta buraxılmayanlar da olur”. Mən inanıram ki, tez və ya gec mən bəraət alacağam. Necə ki, Amerikada 29 ildən sonra bəraət alan oldu. Azərbaycanda iki nəfərin qətlinə görə ömürlük azadlıqdan məhrum edilən şəxs 9 il 5 ay sonra bu yaxınlarda bəraət aldı. Mənim vəkilim Zabil Qəhrəmanovun müdafiə etdiyi başqa bir adam da qətldə ittiham olunaraq 4 il idi həbsdə idi, bəraət aldı. Mənim də təqsirsizliyim nə vaxtsa təsdiqlənəcək. Çox istərdim ki, bunu öz ölkəmizin məhkəmələri eləsin. Mənim haqqımda qəddar, qanunsuz və əsassız hökmü ləğv eləsinlər”.
Daha sonra zərərçəkmişin hüquqi varisi qismində məhkəmədə iştirak edən, Nərminin atası Şərif Quliyev çıxış edib. O bildirib ki, İlkin Süleymanovun etiraf ifadəsi, daha sonra hadisə yerində çəkilmiş etiraf videosu var:
“Boynuna alıb, etiraf eləyib. Əgər bu adam boynuna alıbsa, bu cəzalansın. Mənim başqa deyəcəyim yoxdur”.
Şərif Quliyevin nümayəndəndəsi və vəkili isə bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu işə obyektiv baxılmaması, hərtərəfli araşdırma aparılmaması fikrilə razılaşmır. Onun sözlərinə görə, kifayət qədər araşdırma aparılıb.
“Apelyasiya şikayətimiz cəza məsələsilə bağlıdır. Hesab edirik ki, İlkin Süleymanova həddindən artıq yüngül cəza verilib”, – vəkil əlavə edib.
Prokuror isə bildirib ki, onlar cəza məsələsini mübahisələndirmirlər. Çünki Gəncə Ağır Cinayətlər Məhkəməsi orada prokurorun istədiyinə yaxın cəza təyin edib.
Prokuror vurğulayıb ki, ittihamı təkzib edən ciddi sübut yoxdur. Dövlət ittihamçısı meyitin Nərmin olmadığı haqda deyilənlərə də münasibət bildirib. Deyib ki, ortada genetik ekspertizanın rəyi var. Orada göstərilib ki, bu meyit Aynurə İsmayılova və Şərif Quliyevin övladıdır.
İlkin Süleymanovun apelyasiya şikayəti üzrə məhkəmə martın 5-də davam edəcək.
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində iki il davam edən məhkəmə prosesinin nəticəsində İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button