Hüseyn Əmir-Abdullahiyan və Ceyhun Bayramov dekabrın 31-də ikitərəfli münasibətlərdə yaranmış son vəziyyəti müzakirə edib və fikir mübadiləsi aparıblar.
Azərbaycanlı həmkarı ilə telefon danışığında Əmir-Abdullahiyan Azərbaycan hakimiyyətinin qeyri-real bəyanatlarından narazılığını bildirib və deyib: “Bir sıra məsələlərin mediada gündəmə gətirilməsi nəinki problemin həllinə kömək etmir, həm də düşmənlərin sui-istifadəsinə zəmin yaradır”.
İranlı nazir həmçinin azərbaycanlı həmkarını regional məsələlərin diplomatiya yolu ilə həlli məqsədilə Tehranda keçirilməsi nəzərdə tutulan 3+3 iclasında iştirak etməyə dəvət edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da iki ölkə prezidentlərinin Astanada bu yaxınlarda keçirilmiş görüşünə toxunaraq, İran və Azərbaycan rəsmiləri arasında aparılan danışıqları və təmasları müsbət qiymətləndirib və Azərbaycan Respublikasının ikitərəfli münasibətləri gücləndirməyə hazır olduğunu vurğulayıb.
Noyabrın 8-də də Əmir-Abdullahiyan və Ceyhun Bayramov arasında telefon danışığı baş tutaraq orada bəzi ikitərəfli məsələlər, o cümlədən regional və beynəlxalq arenada ümumi maraq doğuran məsələlər müzakirə edildi.