ArxivFatimi yaşayişIslammədəniyyatSosialXəbər lentiXəbərlər

İmam Museyi-Kazım (ə) kimdir? (I hissə)

*-Cə’fəri məktəbinin gözətçisi

*-İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər

*-Qanlı “Fəxx” faciəsi

*-“Qəlb”lərə hakim olmaq

 

İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat

O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva’ adlı bir yerd dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.

 

İmam Kazim əleyhissəlamın müasiri olmuş xəlifələr

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur:

Mənsur Dəvaniqi (137-158 h.q);

Məhəmməd – Məhdi adı ilə tanınmış (158-169);

Musa – Hadi adı ilə tanınmış (169-170);

Harun Ər-Rəşid (170-193).

İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1

İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cə’fər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin tə’yib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: “Cə’fər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini tə’yin etmişdir. O beş nəfər bunlardır:

Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;

(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;

Abdullah ibn Cə’fər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);

Musa ibn Cə’fər (İmam Kazim (əleyhissəlam));

Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);”

Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?

Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz![1]

İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış,[2] lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.

 

Cəfəri məktəbinin hamisi

O dövrün vəziyyətinə nəzər saldıqda mə’lum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (əleyhissəlam) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiq əleyhissəlamın təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.

Seyyid ibn Tavus yazır: “İmam Kazim əleyhissəlamın xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.”[3]

Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.[4] ”

Musa ibn Cə’fər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.

Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: “Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış, atasının fəzilət və kamalına malik olmuşdur. O, (cahil və nadan insanlarla) fövqəl’adə güzəşt və səbrlə davrandığına görə Kazim[5] ləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.[6]”

 

İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər

1. Məhdi Abbasi
Çirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü, onun ölümü ilə başa çatır və camaat iyirmi iki il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır.

Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o, hakmiyyətə gəldiyi ilk vaxtda “Yaşıl bağ”da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun, istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.[7]

Görkəmli tarixçi Məs’udinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və on dörd milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, “məzlumların beytül-malı” adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə, ya da onların varislərinə qaytardı.[8]

Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də, bu olmuşdur ki, hakimiyyət başına gələrkən Ələvilərin (Əli əleyhissəlamın nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri e’tirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq, əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki, əgər bu iş beləcə davam etsəydi, bir çox parlaq nəticələr verərdi, ancaq təəssüflər olsun ki, çox çəkmədi ki, proqram dəyişdi və yeni xəlifə özünün həqiqi simasını göstərdi. Beləliklə də, ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı.

 

Fəsad və əyyaşlıq mərkəzi

Məhdi xəlifə olduğu ilk vaxtlarda daşürəkli və düşüncəsiz Mənsurun saraya cəlb etdiyi, sarayda əsasən, eyş-işrət işlərinə baxan pozğun ünsürlərin saraya girməsinə yol vermir və eyş-işrətə yaxın düşmürdü. Ancaq bir il keçdikdən sonra tutduğu mövqeyi dəyişib eyş-işrət məclisləri təşkil edərək pozğun ünsürlərə xüsusi qayğı göstərməyə başlayır. Xeyirxah, ağıllı və xoş niyyətli olan adamlar Məhdiyə bu işin pis və acınacaqlı sonuclarla nəticələnəcəyini desələr də, bu, onda heç bir tə’sir bağışlamır. Məhdi onların cavabında deyir: “İnsanın o vaxtı xoşdur ki, kef-damağla keçsin, nədim adamlarsız həyat mənə şirin gəlmir.”[9] O, bu işə o qədər ifratla yanaşırdı ki, hətta öz ağıllı və fəzilətli vəziri Yə’qub ibn Davudun nəsihətlərinə belə qulaq asmırdı. Dövlət işlərində Yə’qubun sözlərindən bir addım da kənara çıxmayıb onun dediklərini yüz faiz dəqiqliklə yerinə yetirən Məhdi eyş-işrətdən söz düşdükdə, Yə’qubun məntiqi və qərəzsiz deyilən sözlərinə qulaq asmırdı.

Xilafət sarayının və eləcə də, xəlifənin pozğunçuluq, eyş-işrətlə gün keçirməsindən ciddi narahat olan Yə’qub Məhdinin ətrafındakılarının İslam hökuməti sarayında və xəlifənin hüzurunda kef məclisləri təşkil etmələrini müşahidə etdikdə deyirdi: “Bu işlərdən ötrü məni vəzir tə’yin edib buraya qoymusan? Gündə beş dəfə cami məscidində (mərkəz məscidində) camaat namazı qıldıqdan sonra şərab süfrəsinin başında oturmağın düzgündürmü?” Müsəlmanların beytül-malı hesabına kef məclisləri keçirməyə adət etmiş pozğun, nədim adamlar Yə’qubun bu sözlərinə istehza edib Məhdini badə qaldırmağa cəlb edərək bə’zi vaxtlar şe’rlə deyirdilər ki, Yə’qubun sözlərini qulaq ardına vur və gözəl şərabla kefini kökəlt.[10]

Məhdinin belə mövqe tutması İslam cəmiyyətində pozğunluq və əxlaqsızlığın artmasına səbəb olur, Bəşşar kimi şairlərin kef haqqında dedikləri ədəb pərdəsini qırmış şe’r və qəzəlləri ağızdan-ağıza gəzir və iffət, paklıq xırmanına od vurub yandırırdı. Bunun nəticəsində də hər tərəfdən qeyrətli insanların e’tiraz sədaları ucalmağa başlayırdı.[11]

Başı öz kefinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz oldu. Bunun nəticəsində də, fəsad, rüşvətxorluq baş alıb getdi, vergi müffəttişləri camaatı həddən artıq sıxışdırmağa başladılar. Xəlifənin özü də, camaatı sıxışdırmağa başlayaraq ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur.[12] Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir.[13]

Həzrət Əli əleyhissəlamın nəslindən olanlara qarşı həddən artıq təzyiqlər
Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki, o da hər ikisinin Ələvilərə (Əli əleyhissəlamın nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir, hətta bə’zi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə mə’ruz qoyurdu. Əli əleyhissəlamın övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir e’tirazın qarşısını almağa çılışırdı. O, şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı ciddi mübarizə aparırdı. Tarixçilər yazırlar: “Qasim ibn Məcaşi’ Təmimi ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə izmalatdırmaq üçün Məhdinin yanına göndərir. Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki Qasimin Allahın təkliyinə və İslam Peyğəmbərinin Peyğəmbərliyinə e’tirafından sonra Əli əleyhissəlamı İmam və Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişini kimi tanıması cümləsinə çatır, vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur.[14]

 

Quranda şərabın haram edilməsi

Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə, onun Mədinədə İmam Kazim (əleyhissəlam) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrini ziyarət etdikdən sonra İmam Kazim əleyhissəlamla görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Qur’anda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: “Şərab Qur’anda haram edilibmi?” Daha sonra əlavə edib dedi: “Camaatın əksəriyyəti şərabın Qur’anda qadağan olunmasını bilir, ancaq bu qadağanın mə’nasının haram olduğunu bilmir.”

İmam Kazim (əleyhissəlam) buyurdu: “Bəli, şərabın haram olması Qur’anda açıq-aşkar buyurulmuşdur.”

– Qur’anın harasında?

– Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu “De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri [zina etmək, lüt gəzmək və s.], hər cür günahı, haqsız zülmü… haram buyurmuşdur.”[15] ayəsində.

İmam Kazim (əleyhissəlam) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: “Allahın bu ayədə haram buyurduğu “hər cür günah” ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur: [Ya Məhəmməd!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür.”[16] “Ə’raf” surəsində açıq-aşkar haram buyurulmuş “hər cür günah” ifadəsi “Bəqərə” surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki, şərab Qur’anda açıq-aşkar haram buyurulmuş və qadağan olunmuşdur.” Məhdi, İmam Kazim əleyhissəlamın bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: “And olsun Allaha ki, bu, Haşimi fətvasıdır.” (Yə’ni bu, Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır, bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar verə bilərlər.[17]) Əli ibn Yəqtin də, öz növbəsində dedi: “Sizə – Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə belə elm vermiş Allaha şükr olsun!”

Məhdi, Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: “Ey rafizi, düz deyirsən![18] ”

 

2. Hadi Abbasi

Hicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün böhranlı, qaranlıq, qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil, xam və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdur.

Hadinin atasının yerinə keçməsi heç də təzə məsələ deyildi. Çünki hələ uzun müddət ondan əvvəl İslam hökuməti zalım xəlifələr tərəfindən irsi rejimi (mütləq monarxiya) şəklinə düşərək Əməvi və Abbasi xəlifələri arasında fırlanmış, camaatın acı və məcburi sükutunu ardınca daşıyan hakimiyyətin bu yolla dəyişilməsi adi bir hala çevrilmişdi. Təkcə təzə olan bir məsələ müsəlmanların taleyinin Hadi kimi xam, səlahiyyətsiz və kefli bir gənc adama tapşırılması idi. O, hakimiyyət başına gələrkən hələ iyirmi beş yaşı tamam olmamış,[19] çox məs’uliyyətli xəlifəlik və İslam məmləkətinin idarəçilik məqamını ələ keçirməyə qətiyyən səlahiyyəti yox idi. O, şərabxor, dardüşüncəli, laqeyd bir gənc olduğuna görə hakimiyyətə gəldikdən sonra da, qabaqkı işlərini tərk etmədi. O, hətta xəlifəliyin zahiri qayda-qanunlarına da əməl etmirdi.[20] Üstəlik daşürəkli, tərbiyəsiz, əzazil və nadürüst adam idi.[21]

Hadi Abbasilər sarayının pozğun mühitində tərbiyə almış və belə bir özünüsevər, zalım və mənəm-mənəm deyən rejimin “südünü əmmiş”di. Belə tərbiyə nəticəsində əgər xəlifəlik məqamı ona çatmasaydı, o da fikri-zikri ancaq kef ardınca olan, mənəm-mənəm deyən, lakin kütbeyin gənclərin sırasında olardı.

 

Eyş-işrət məclisləri

Hadi atasının hakimiyyəti dövründə qardaşı Harunla birgə bə’zi xanəndələri müsəlmanların beytül-malı hesabına təşkil etdiyi eyş-işrət məclislərinə çağırtdıraraq şərab içmək və kef çəkib əylənməklə məşğul olurdular. O, bu işdə o qədər ifrata varmışdı ki, bə’zi vaxtlar atası Məhdi buna dözə bilməyib Hadinin xoşladığı xanəndələri danlayırdı.[22] Hətta bir dəfə o dövrün məşhur xanəndəsi İbrahim Muselini Hadinin məclisində iştirak etməkdən çəkindirmiş, Hadi israr etdikdə, İbrahimi tutub həbs etdirmişdi.[23] Atasının hakimiyyəti dövründə bə’zi vaxtlar pis hərəkətlərinə görə atasının müxalifətçiliyi ilə üzləşən Hadi hakimiyyətə gəldikdən sonra açıq-aşkar əyyaşlıq edir və müsəlmanların ümumi beytül-malını gecələr eyş-işrət məclislərinə sərf etməyə başlayır. Tarixçilərin dediyinə görə, Hadi, İbrahim Muselini saraya də’vət edərək saatlarla onun mahnılarına qulaq asardı. Hadi, İbrahimi çox istədiyindən ona həddən artıq pul, mal-dövlət vermişdi. Hətta bir dəfə İbrahim xəlifədən yüz əlli min dinar pul almışdı. İbrahimin oğlu deyirdi: “Əgər Hadi bundan çox yaşasaydı, biz evimizin divarlarını da qızıl-gümüşdən düzəltdirərdik.”[24] Bir gün İbrahim Museli Hadi üçün bir neçə mahnı oxuyub onu bərk həyəcanlandırdı. Hadi onu alqışlayıb mahnını bir neçə dəfə təkrar etməsini istədi. Məclis qurtardıqdan sonra Hadi xidmətçilərdən birinə dedi ki, İbrahimi beytül-malın xəzinəsinə aparsın, o, (müsəlmanların ümumi malından) nə qədər istəsə, götürsün, əgər bütün beytül-malı götürmək istəsə də, onu azad buraxsın.

İbrahim deyir ki, mən beytül-malın xəzinəsinə girib yalnız əlli min dinar pul götürdüm.[25]

Hadinin bu cür hərəkətlərindən mə’lum idi ki, o, ağır məs’uliyyəti olan İslam cəmiyyətini idarə etməyin öhdəsindən gəlməyəcək. Məhz buna görə də, onun hakimiyyəti dövründə əvvəl-əvvəl bir az sakit olan və bütün vilayətləri mərkəzi hökumətə tabe olan İslam məmləkəti, Hadinin alçaq və şəriətdən kənar hərəkətləri nəticəsində əxlaqsızlıq və pozğunluqlara mə’ruz qaldığı üçün nəhayət, hər tərəfdən ümumi e’tiraz sədaları ucalmağa başlayır. Düzdür, bu e’tirazlara bir çox amillər səbəb olmuşdu, lakin camaatın e’tirazına səbəb olan ən əsas amil Hadinin Bəni-Haşim və Əli əleyhissəlamın övladlarına qarşı ciddi təzyiqi idi. O, elə hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə mə’ruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi. Həmçinin, onları tə’qib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki, onları harada tutsalar, Bağdada göndərsinlər.[26]

 

Qanlı Fəxx faciəsi

Bu təzyiqlər Bəni-Haşimin cəsur və igid kişilərini qəzəbləndirib onları zalım Abbasi hökumətinin aramsız və sərt yürüşlərinə qarşı müqavimət göstərmək məcburiyyətində qoyur. Bu özbaşnalığa cavab olaraq yavaş-yavaş Abbasi hökumətinə qarşı İmam Həsən əleyhissəlamın nəvələrindən olan Fəxx sahibi[27] (Fəxx şəhidi) Hüseynin rəhbərliyi altında qiyam şö’ləsi alovlanmağa başlayır. Bu qiyam hələ başlamamış və yalnız həcc mövsümü vaxtı onun başlanması üçün münasib idi. Ancaq Mədinə şəhərinin valisinin ağır təzyiqləri bu qiyamın daha tez başlamasına səbəb oldu. Peyğəmbər (səlləllahu əleyhi və alih) sülaləsinin müxaliflərindən olan Mədinə valisi xilafət mərkəzinə olan sədaqətini və öz vəzifəsini layiqincə yerinə yetirdiyini sübut etmək üçün hər gün Bəni-Haşimin adlı-sanlı şəxsiyyətlərini bir bəhanə ilə incidirdi. O cümlədən, o, bu şəxsiyyətlərdən hər gün şəhərin hökumət binasına gəlib özlərini təqdim etmələrini tələb edir, bununla kifayətlənməyib onlardan birini digərinin gəlməsinə zamin edir və biri oraya gəlmədikdə, onun yerinə zamin durmuş şəxsi incidirdi.[28] Bir gün Mədinə valisi Fəxx şəhidi Hüseyn və Yəhya ibn Abdullahı Bəni-Haşim böyüklərindən birinin hökumət binasına gəlmədiyi üçün tutub əziyyət verərək girov götürür. Onun bu hərəkəti barıt anbarına vurulmuş od kimi alovlanıb Haşimilərin qəzəblənməsinə, bunun nəticəsində də, onların qiyamının vaxtından tez başlayıb Mədinədə döyüş yaratmasına səbəb oldu.

 

Fəxx şəhidi kimdir?

Qeyd etdiyimiz kimi bu hərəkata “Fəxx şəhidi” adı ilə tanınmış Hüseyn ibn Əli – İmam Həsən əleyhissəlamın nəvəsi başçılıq edirdi. O, Bəni-Haşim tayfasının seçilmiş, fəzilətli, cəsur və hörmətli kişilərdən biri olub təqvalı, səxavətli və yüksəkməqamlı bir şəxs idi. Hüseyn ibn Əli yüksək insani sifətlər baxımından tanınmış və seçilmiş simalardan biri hesab olunurdu. O, öz yüksək insani sifətləri sayəsində “zövci-saleh” ləqəbi ilə tanınmış pak, təqvalı və fəzilətli ata-anadan dünyaya gəlmiş, fəzilət, təqva və hünər ailəsində tərbiyə almışdır. Onun atası, dayısı, babası, anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqinin əmri ilə şəhadətə yetirilmiş, İslam düşmənləri ilə mübarizədə neçə-neçə oğlunu qurban vermiş bu böyük ailə əbədi və dərin qəm dəryasına qərq olmuşdu.[29] Belə bir ailənin tərbiyəsini görmüş Hüseyn (Fəxx şəhidi) Mənsurun cəlladları tərəfindən qətlə yetirilmiş atasının və digər qohumlarının ölümünü heç vaxt unutmur, onların şəhadət xatirəsi onun Abbasilərə qarşı ziddiyyətlə dolu olan böyük və qorxmaz ruhunu bərk narahat edirdi. Ancaq vəziyyət və şəraiti münasib olmadığından, o, zillətli sükuta məcbur idi.

Hadi Abbasinin, xüsusən də, Mədinə hakiminin özbaşınalıqları ürəyi dağlanmış Hüseynin səbr kasasını doldurmuş, onu Hadinin hökumətinə qarşı qiyam etmək astanasına gətirib çıxarmışdı.

 

Hərəkatın məğlubiyyəti

Hüseyn qiyam edən kimi Bəni-Haşim tayfasının və həmçinin, Mədinə camaatının böyük əksəriyyəti ona bey’ət edib Hadinin qüvvələrinə qarşı mübarizə etməyə başladı. Hadinin Mədinədəki qoşununu geri oturtduqdan sonra bir neçə gün fasilə verib yeni qüvvələr topladı. O, müsəlmanların həcc mövsümündə Məkkəyə yığışmasından istifadə edib bu şəhəri hərəkatın mərkəzi qərar verərək mübarizəni daha da genişləndirmək məqsədilə Məkkəyə tərəf hərəkət etdi. Mədinədəki döyüşün və Hüseynin ordusunun Məkkəyə tərəf hərəkət etməsini Hadiyə çatdırdıqda, o, onlara qarşı vuruşmaq üçün bir ordu göndərdi. Fəxx adlı yerdə iki ordu bir-biri ilə üzləşdi və qızğın döyüş baş verdi. Döyüş zamanı Hüseyn və Bəni-Haşim tayfasının adlı-sanlı şəxslərindən bir neçəsi şəhid oldu. Hüseynin ordusunun bir hissəsi dağıldı və bir hissəsi də, əsir düşərək Bağdada gətirilib qətlə yetirildi.

Onları öldürməklə kifayətlənməyən cəlladlar cənazələri basdırmayıb başları bədənlərdən ayıraraq Hadinin hüzuruna göndərdilər. Bə’zi tarixçilərin dediyinə görə e’dam olunanların sayı yüz nəfərdən artıq idi.[30]

Fəxx şəhidinin məğlub edilməsi çox acı və kədərli bir faciə idi. Bu faciə bütün şiələrin, xüsusən də, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin qəlbini bərk yaraladı və yaddaşlarda bir daha Kərbəla faciəsini xatırlatdı.

Bu faciə o qədər ürəkağrıdıcı və fəlakətli idi ki, İmam Cavad (əleyhissəlam) (İmam Məhəmməd Təqi (əleyhissəlam)) bu hadisədən neçə il keçdikdən sonra buyurmuşdur: “Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır.”[31]

 

Yeddinci İmam və Fəxx şəhidi

 

Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazim əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki, onun fikrincə pərdə arxasında olsa da, bə’zi cəhətlərdən bu əməliyyata İmam Kazim (əleyhissəlam) başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: “And olsun Allaha, Hüseyn (Fəxx şəhidi) Musa ibn Cə’fər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cə’fər əleyhissəlamdır. Əgər mən onu sağ qoysam, Allah məni öldürsün!”[33]

Bu təhdidlərə İmam Kazim (əleyhissəlam) soyuqqanlı yanaşsa da, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi, şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.

 

3. Harun ər-Rəşid

Əsrlərlə İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mə’nəvi nüfuz tapıb camaatın yanında e’timadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şər’i bir vəzifə bilsinlər. Əqidə, zor gücü ilə yaradılası, yaxud da aradan aparılası bir şey olmadığından, onlar mə’nəvi nüfuz tapmaq üçün aldadıcı yollardan istifadə etmək məcburiyyətində qalmışdılar. Bu sahədə zahiri nöqteyi-nəzərdən Abbasilərin bəxtləri gətirmiş və əllərində bir bəhanələri var idi ki, bu da onları Əməvilərdən tamamilə fərqləndirirdi. O da onların İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə olan qohumluq əlaqələri idi. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər. Buna baxmayaraq, onların bu qədər apardığı təbliğat şiə məzhəbinin pak İmamları qarşısında çox tə’sirsiz idi. Çünki əvvəla, xəlifəlik məsələsində varis olmaq məsələsi nəzərə alınmır və ən əsas şey rəhbər və xəlifənin öz səlahiyyəti, paklığı və əzəmətidir. İkincisi, lap xəlifəlik mövzusunda varis olmaq nəzərə alınsa da, yenə Əli əleyhissəlamın övladları hamıdan üstündürlər. Çünki onlar Peyğəmbərə (səlləllahu əleyhi və alih) daha yaxın olublar. Həm şəxsi ləyaqətləri olan, həm də Peyğəmbərə (səlləllahu əleyhi və alih) daha yaxın olan şiənin mə’sum İmamları həmişə camaatın nəzərində olmuş, camaat daima onlara hörmət etmişdir. Əməvi və Abbasi xəlifələrinin mə’nəvi nüfuz tapmaları üçün apardıqları sə’ylərə baxmayaraq, tarix göstərmişdir ki, ümumi məhəbbətin ölçüsü həmişə İmamların tərəfində olmuşdur.

 

Qəlblərə hakim olmaq

Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mə’nəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. “Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cə’fər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış, Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” – xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə İmam Kazim əleyhissəlamı Kə’bənin kənarında gördükdə, ona deyir: “Camaatın gizlicə bey’ət edib rəhbər bildikləri şəxs sənsən?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Mən camaatın qəlb və ruhuna hakiməm, sən isə onların quru bədənlərinə hakimsən.”[34]

 

Peyğəmbər övladı kimdir?

Yuxarıda qeyd etdik ki, Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O, bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alih) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki, qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (əleyhissəlam) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki, rəngi dəyişib ixtiyarsız olaraq dedi: “Doğrudan da bu bir şərəfdir.”[35]

O, təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir, üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O, bir gün İmam Kazim əleyhissəlama dedi: “Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil, ata babasına nisbət verilir.” İmam Kazim (əleyhissəlam) onun cavabında aşağıdakı ayəni qiraət etdi: “Biz İshaqı və Yə’qubu ona əta etdik. Onların hər birini hidayətə [peyğəmbərliyə] çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri [yaxşılıq edənləri] belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da [hidayətə çatdırdıq]. Onların hamısı əməlisalehlərdən idi.”[36] İmam Kazim (əleyhissəlam) sonra əlavə edib buyurdu: “Bu ayədə İsa (əleyhissəlam) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub, halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli, bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları hesab olunuruq.”[37]

Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı.

İmam Kazim əleyhissəlamın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki, nəyə görə sizi Əli əleyhissəlamın övladları yox, Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları adlandırırlar? İmam Kazim (əleyhissəlam) onun cavabında buyurur: “Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) dirilib sənin qızınla evlənmək istəsə, qızını ona verərsənmi?” Harun dedi: “Nə təkcə qızımı verərəm, hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.”

İmam Kazim (əleyhissəlam): “Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz, nə də mən qızımı ona vermərəm.”

Harun: “Nəyə görə?”

İmam Kazim (əleyhissəlam): “Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.”

Harun: “Afərin, tamamilə doğrudur!”[38]

 

Bu saray kimindir?

Bir gün İmam Kazim (əleyhissəlam) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: “Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim (əleyhissəlam) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: “Bu ev fasiqlərin evidir. Hansı ki, Allah-taala onların haqqında buyurur: “Yer üzündə haqsız yerə [layiq olmadıqları halda] təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam [mane olacağam]. Onlar nə mö’cüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.”[39]

Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: “Onda bu ev kimindir?” İmam Kazim (əleyhissəlam) buyurdu: “(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir, ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.”

Harun: “Əgər bu ev şiələrindirsə, bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?”

İmam Kazim (əleyhissəlam):“ Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır, indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa, onu yenidən geri alacaq.”[40]

 

Ardı var…

 

Mənbə: Mehdi Pişvayi, İmam Museyi-Kazim əleyhissəlamın həyatı

Qeydlər

1 Tarixül-xüləfa, səh.259.

[1] Üsuli-kafi, c. 1, səh. 310-311; Biharül-ənvar, c. 47, səh. 3; E`lamül-vəra, səh. 299.

[2] İrşad, səh. 304-306; Biharül-ənvar, c. 47, səh. 253. c. 48, səh. 16-17.

[3] Əl-ənvarül-bəhiyyə, səh.170.

[4] Müxtəsəri-tarixil-ərəb, səh.209.

[5] Kazim ərəb dilində “qəzəbini boğan” deməkdir.

[6] Əs-səvaiqül-mühriqə, səh.203.

[7] Tarixi-Yə’qubi, c.3, səh.132.

[8] Müxtəsərü-tarixil-ərəb, səh.213.

[9] Tarixül xüləfa, səh.277.

[10] Əl-Kamilu fit-tarix, c.6, səh.73.

[11] Həyatül-imam Musa ibn Cə’fər (əleyhissəlam), c.1, səh.436.

[12] Tarixi-Yə’qubi, c.3, səh.137.

[13] Həyatül-imam Musa ibn Cə’fər (əleyhissəlam) c.1, səh.442.

[14] Əl-Kamilu fit-tarix, c.6, səh.84.

[15] “Ə’raf” surəsi, ayə 33.

[16] “Bəqərə” surəsi, ayə 219.

[17] Ola bilsin Məhdinin bu cür deməkdən məqsədi bu olub ki, Bəni–Haşimlə Bəni–Abbas arasındakı qohumluq nəticəsində imam Kazim əleyhissəlamın bu elmi onun üçün də fəxrdir.

[18] Əl-Furu’u min əl-kafi, c.6, səh.406. Sünnilər şiələri rafizi adlandırdığı üçün Məhdi də Əli ibn Yəqtinə belə deyir.

[19] Mürucuz-zəhəb, c.3, səh.324.

[20] Yenə orada, səh.325.

[21] Tarixül-xüləfa, səh.279.

[22] Əl-Kamilu fit-tarix, c.6, səh.102.

[23] Əl-Əğani, c.5, səh.160.

[24] Əl-Əğani, c.5. səh.163.

[25] Əl-Əğani, c.5.

[26] Tarixi-Yə’qubi, c.3, səh.142.

[27] Hüseyn İmam Həsən əleyhissəlamın nəvələrindən olub Məkkədən altı mil aralıda yerləşən Fəxx məntəqəsində Abbasi xəlifəsinin qoşunu ilə mübarizədə öldürüldüyü üçün Fəxx şəhidi, yaxud Fəxx sahibi ləqəbi ilə məşhur olmuşdur.

[28] Tarixül-üməmi vəl-mülük, c.10, səH.25.

[29] Məqatilüt-talibin, səh.285.

[30] Əl-Kamilu fit-tarix. c.6, səh.93.

[31] Biharül-ənvar, c.48, səh.165.

[32] Biharül-ənvar, c.48. səh.169.

[33] Biharül-ənvar, c.48. səh.151.

[34] Əs-Səvaiqül-mühriqə, səh.204.

[35] Əl-İrşad, səh.298.

[36] “Ən’am” surəsi, ayə 84-85.

[37] Nurul-əbsar, səh.149.

[38] Biharül-ənvar, c.48. səh.127.

[39] “Ə’raf” surəsi, ayə 146.

[40] Biharül-ənvar, c.48, səh.138.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button