ArxivXəbər lentiXəbərlər

“Heç vaxt indiki kimi bahalaşma olmamışdı” – Dərman alıcıları

Dolların rəsmi məzənnəsinin gündən-günə artması bütün sahələrdə bahalaşmaya səbəb olduğu kimi, əczaçılıqdan da yan keçməyib. Hazırda apteklərdə dərmanların qiyməti durmadan artıq. Paytaxtın mərkəzində fəaliyyət göstərən bir neçə aptekdə apardığımız müşahidələr də göstərdi ki, qiymətlər günbəgün artır.

Paytaxtın mərkəzindəki apteklərin demək olar ki, hamısında kifayət qədər alıcılara rast gəlmək mümkündür. Mövsümi xəstəliklərin yayılması, eyni zamanda dərmanların satışında yaranan problemlər, bəzi dərmanların tapılmaması, habelə daha ucuz almaq istəyi insanların aptek-aptek dolaşmasına səbəb olub.

İlk növbədə “Avropmed” şirkətinin əsas mərkəzi apteklərindən birinə baş çəkdik. İçəridə təxminən 10 nəfərdən çox alıcı vardı. Söhbət etdiyimiz alıcıların demək olar ki, hamısı qiymətlərin həddindən artıq yüksək olmasından şikayətləndi.

Dərmanlar ərzaqdan da sürətlə bahalaşır - əməkdaşımızın paytaxt apteklərindən qeydləri
Uşağına dərman almağa gələn Kərim adlı şəxs qiymətlərin bir ay öncəsi ilə müqayisədə çox fərqləndiyini dedi: “Həkim uşağın dişi üçün maz yazıb. 5 ml həcmi olan kiçik maza 8 manat verdim. Uşaq dərisi üçün müalicəvi kremi hər zaman 7 manata alırdım, indi 10 manatdır. Ən sadə vasitələrin – spirtin, yodun, vazelinin belə qiyməti bahalaşıb. Əgər bunlar ölkədə istehsal olunursa, niyə qiyməti artır?”

Aptekdə satıcı işləyən Namiq Kərimov da dərmanların gündən-günə bahalaşdığını etiraf etdi: “Bildiyiniz kimi, dərmanların 90 faizi xaricdən gətirilir. Azərbaycanda yalnız bəzi dərmanlar və tibbi vasitələr və bitki çayları istehsal olunur. Ən çox 3 ölkədən dərman idxalı həyata keçirilir: Almaniya, Polşa və Hindistan. Almaniya dərmanları keyfiyyətli olsa da, çox bahadır. Keyfiyyətinə görə isə digərlərindən yaxşıdır. Keyfiyyətcə ən zəifi Hindistan dərmanlarıdır. Ancaq alıcıların maddi durumuna görə bunları da idxal edirlər ki, Avropa dərmanına imkanı çatmayanlar ala bilsin. Avro və dollar bahalaşdıqca qiymətlər də qalxır. Bütün apteklərdə qiymətlər mərkəzdən tənzimləndiyi üçün onların dediyi qiymətlərlə işləyirik”.

Satıcı bu vəziyyətdən yeganə çıxış yolu kimi, ölkədə əczaçılıq şirkətlərinin sayının artmasını göstərdi: “Bu məsələdə bizim əlimizdən heç nə gəlmir. Dərman hansı qiymətə gəlirsə, biz də üzərinə 10-20 qəpik əlavə edib satırıq. Yaxşı olar ki, ölkədə dərman istehsalı olsun. Yerli şirkətlər yaransa, dərmanlar nisbətən ucuz başa gələr”.
Evdə xəstə valideynlərinin olduğunu deyən başqa bir alıcı isə dərmanların son günlər 20 faiz bahalaşdığını bildirdi: “Mən uzun illərdir valideynlərimə görə apteklərdən asılıyam, hər ay dərman alıram. Heç vaxt indiki kimi bahalaşma olmamışdı. Adicə analgin iynəsi 1 manatdan aşağı idi, indi 2.50 manat olub. Uşaqlara aldığım ”Suprastin”, “Ketotifen”, “Pulmokson”, “Nurofen” hamısı bahalaşıb. 4 manata satılan dərmanlar 5-6 manat olub”.
Baş çəkdiyimiz başqa bir aptekdə isə dərmanların keyfiyyəti ilə maraqlandıq. Satıcılar bildirdilər ki, bahalaşmadan sonra daha çox keyfiyyətsiz dərmanlar apteklərə ayaq açıb. Bəzi dərmanlar var ki, alıcılar istifadə edir, sonra gəlib bizə heç bir nəticənin olmaması ilə bağlı şikayətlənirlər. Ancaq dərmanın keyfiyyətinə biz nəzarət etmirik. Ölkəyə buraxılan bütün dərmanlar yoxlanılır. Ancaq bu yoxlamanın nə dərəcədə ciddi aparıldığını biz deyə bilmərik. Bu cəmiyyətə açıq olmayan bir prosesdir”.

Image result for Seyfəddi Əsəd
Tanınmış həkim Seyfəddin Əsəd də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yalnız Azərbaycanda yeni əczaçılıq şirkətlərinin yaradılması bu sahədəki problemləri həll edə bilər: “Əgər ölkədə yeni dərman şirkətləri yaradılsa, keyfiyyətli dərman istehsal olunsa, bu əhalinin əczaçılıq məhsulları ilə təminatı baxımından müsbət rol oynayar. O zaman dərmanlar daha ucuz və əlçatan olar. Bu şirkətlər nə qədər çox olsa, daha yaxşı olar, həm də rəqabət yaranar. Dərman sahəsində idxaldan asılılıq yaxşı hal deyil. Çünki əgər idxal prosesi dayansa, əhali üçün çətinlik yarana bilər. Bu mənada yerli istehsala üstünlük vermək lazımdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button