ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hacı Sərdar Hacıhəsənlinin vətənpərvərliyinə, onu tanıyan hər kəs bələddir…

Bu gün mətbuatda əziz dostum və qardaşım Hacı Sərdar Hacıhəsənli haqqında qərəzli və sifarişli xarakterli bir yazıya rast gəldim.

Bununla bağlı bəzi qeydləri etməyi özümə mənəvi bir borc bilirəm:

– Əvvəla, materialın tonu və üslubu ötən əsrin 30-cu illərində “xalq düsmənlərinə” qarşı başladılan, “Pravda” kimi qəzetlərdə gedən “ifşa” kampaniyası ilə tam uyğundur. Bununla bağlı böyük təəssüfümü bildirirəm.

Cəmiyyətimizin inkişafı – o cümlədən, polemika mədəniyyətinin formalaşmasından, opponentin şəxsiyyətinə hörmətlə yanaşmaqdan bilavasitə asılıdır. Biz bu tonla Stalin “təmizləmələrindən” tutmuş, Xruşov “buzəriməsinə”, Brejnev “durğunluğuna” qədər gedən sürəcdə kifayət qədər tanış olmuş, o cümlədən, müşahidə də etmişik.

Məhz bu cür yanaşmalar, opponentə qarşı dözümsüzlük – Sovetlər Birliyi üçün fatal səciyyə daşıdı.

Gəlin keçmişə qayıtmayaq, naftalin qoxulu klişelərdən istifadə etməyək.

– Hacı Sərdar Hacıhəsənli məqalədə təqdim olunduğündan tam fərqli olaraq, namaz məhbusu olub. Yəni, Masallıda rəsmi dini qurumun dəvəti ilə Cümə namazına imamlıq etdiyinə görə həbs edilib. Bütün məhkəmə proseslərində Hacı Sərdar Hacıhəsənliyə qarşı hər hansı başqa ittiham irəli sürülməyib. Onun müdafiə prosesinə ölkənin 5 peşəkar vəkili qatılmışdı. Üstəlik, 60-a yaxın ruhani və 50-yə yaxın ictimaiyyət nümayəndəsi onu vicdan məhbusu kimi tanıyıb və azadlığa buraxılması üçün müraciətə imza atıb. Bundan əlavə, onun məhkəmə işi ölkədə bütün mərhələləri keçərək, Avropa məhkəməsi mərhələsindədir.

Material müəllifi isə, faktlarla manipulyasiyaya yol verib və ictimai fikri yanlışlığa yönəldib. Bu, jurnalistikanın obyektiv olmalılığı ilə bağlı ana prinsiplərə tam ziddir.

– Yazıda qeyd olunduğundan fərqli olaraq, Hacı Sərdar Hacıhəsənli çox vətənpərvər şəxsdir. 44 günlük müharibənin qələbəsi, məhz onun kimi ruhanilərin yetişdirdiyi Vətən övladlarının şəhidlik ruhiyyəsinin bərəkətinə təmin olunub.

Əminliklə vurğulamalıyıq ki, Hacı Sərdar Hacıhəsənlinin vətənpərvərliyi əqidəvi səciyyə daşıyır və onu real tanıyan hər bir kəs bilir ki, bu dəyərli ruhaninin qəlbi daima Qarabağ yanğısı ilə döyünür.

– Qeyd olunan beynəlxalq Qarabağ tədbirinə Hacı Sərdar Hacıhəsənlinin dəvət olunması – zatən ən təbii haldır və o, Vətəni bu kimi mötəbər tədbirlərdə təmsil etməyə ən layiqli şəxslərdəndir. Sözügedən beynəlxalq Qarabağ konfransında da, çox yüksək mənəvi səviyyədə təmsil missiyasını həyata keçirmişdir.

– Sonda bir daha qeyd etmək lazımdır ki, fərqli yanaşmalar, paradiqmal müxtəliflik üzərində köklənən ictimai situasiyada fəaliyyət göstərmək, həllər axtarmaq – bir cəmiyyətin həqiqi və dayanıqlı inkişafının zəruri və kafi şərtlərindəndir. Bunun əksi Şimali Koreya və bəzi Mərkəsi Asiya ölkələrində bərqərar olunan üsuli-idarə fenomenində bariz şəkildə görünməkdədir.

Belə isə, səhv yoldan imtina etmək və böhtan səciyyəli, opponentin şəxsiyyətinə iftira ilə xarakterizə olunan yanaşmaları bilmərrə bitirmək lazımdır.

Material müəllifinin Hacı Sərdar Hacıhəsənlidən üzr istəməsi – düzgün və məntiqli yol olardı.

Uca Allahdan mübarək Şəban ayında xüsusi lütflər diləyirik.

Hacı İlqar İbrahimoğlu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button