ArxivIslamXəbər lentiXəbərlər

“Hacı Cavad” məscidi dini icması Azərbaycan Prezidentinə müraciət etdi

Bakı şəhəri, Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən “Hacı Cavad” məscidi dini icması son günlər məscid ətrafında yaranmış söz-söhbətlərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

Hörmətli Cənab Prezident!

Müasir Azərbaycanımızın quruculuğunda daim iştirak etməyiniz hər kəsin gözü qarşısındadır. Bir sıra yeni təhsil, müalicə və digər ictimai müəssisələr bilavasitə Sizin təşəbbüsünüz nəticəsində ölkəmizin müxtəlif yerlərində ucaldılmışdır. Mədəniyyət və tariximizə göstərdiyiniz qayğı xüsusi ilə qeyd edilməlidir. Biz də öz növbəmizdə səmərəli fəaliyyətinizi rəhbər tutaraq “Sovetski” ərazisi kimi tanınan və Abulla Şaiq küçəsi 79 ünvanında yerləşən “Hacı Cavad” məscidi ətrafinda bu günlərdə baş verən prosseslərlə bağlı Sizə müraciət etməyə qərar verdik.
Bildiyiniz kimi ərazidə yenidənqurma işləri davam etdirilməkdədir. Şəhərimizin müasir standartlara cavab verən infrastrukturun yaradılması bizi sevindirməkdədir, lakin yuxarıda qeyd olunan məscid tarixi abidə (XIX-cu əsrin tikilisi, dövlət tərəfindən qorunan, inventar №-si 3511) olmasına baxmayaraq, sökülmə təhlükəsi ilə üzləşmişdir. Belə ki, 08.04.2017-ci il tarixində sözügedən əraziyə təşrif buyuran Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev abidənin yaxın günlərdə söküləcəyini bəyan etmiş və bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qərar qəbul edildiyini bildirmişdir. Bizdə olan məlumata görə isə belə bir qərar mövcud deyildir. Məscidin sökülməsinin səbəbi kimi isə ərazidə aparılan yenidənqurma işləri və yeni avtomagistral yollarının çəlikişi göstərilir.

Lakin nəzərinizə çatdırmaq istəyirik ki, avtomagistral yolları artıq çəkilmiş və məscid ərazisinə düşməmişdir.

Ərazidə yaşayan insanlar, məscidə gələn inanclılar və ictimaiyyətin bir çox nümayəndələri məscidin sökülməsi təhlükəsindən narahatçılıqlarını bildirmiş və Sizə rəsmi şəkildə edilən müraciəti dəstəkləmişlər.
Sizin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməniz, yaxın günlərdə ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının və digər beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi yalnız simvolik yox, həm də tarixdə iz qoyacaq hadisələrdən hesab edilir. Tarix və mədəniyyətimizin ayrılmaz hissəsi İslam dininin atributu olan məscidin sökülməsi bu həssas dönəmdə Azərbaycanımızın dostlarının kədərinə, düşmənlərin isə sui-istifadəsinə səbəb ola bilər.

Hörmətli Cənab prezident!

Yuxarıda qeyd olunan məsələ ilə bağlı bizə köməklik etməyinizi xahiş edirik. Sizin vasitəniz sayəsində tarixi abidənin qorunması bir çox insanın sevincinə səbəb olacaqdır. Uca Yaradan görülən hər gözəl işin mükafatını heç vaxt əvəzsiz qoymaz.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button