ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həbsdə olan jurnalist 8 gündür aclıq edir

Bu gün, fevralın 6-da 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Polad Aslanov 8 gündür aclıq edir.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində bildirib ki, Polad Aslanov hələ də həkim nəzarətinə götürülməyib.

“Həyat yoldaşımın çəkisi aclıqdan əvvəl 44 kiloqram olub, ürək-damar xəstəsidir. O hər an komaya düşə bilər. Aidiyyatı üzrə müraciətlər etməyimə baxmayaraq Polad Aslanova heç bir qurum baş çəkmir və hələ də digər məhbus yoldaşları ilə birlikdə eyni kamerada saxlanılır,” o qeyd edib.

Bununla yanaşı, Gülmirə Aslanova jurnalistin koronavirusa yoluxub-yoluxmamasını öyrənmək üçün ondan test nümunəsi götürüldüyünü bildirib.

“Koronavirusa yoluxma adı ilə Polad Aslanovu antisanitariya mənbəyi olan Tubzona köçürmək (vərəmli məhbusların saxlandığı cəzaçəkmə müəssisəsi) istəyirlər. Beləliklə, həm onu virus adı ilə öldürmək və məhkəmə prosesini onun iştirakı olmadan keçirmək istəyirlər,” Gülmirə Aslanova belə güman edir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Polad Aslanovun səhhəti ilə hələlik şərh almaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə 2020-ci il noyabrın 16-da Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovu 16 il azadlıqdan məhrum edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Polad Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda – Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bu ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov məhkəmədə ittihamları qəbul etmədiyini və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button