ArxivIslamXəbər lentiXəbərlər

 “Gəlinim 190 manat alacaqdı, gətirib ərzaq verdilər”

Çöpçülükdən qazanılan 5-10 manat pul, baba-nənənin pensiyası və bir süfrədən çörək yeyən 11 nəfərlik ailə…
“Oğluma dedilər ki, get kimə istəyirsən de, sənə çatan budur. Vallah, haqsız ölkədə yaşayırıq”, – pandemiya dövründə ailəsinə düşən yardımın azlığından şikayətlənən Ağsunun Elabad kənd sakini Elmira Əhədova Toplum TV-yə belə deyir.
51 ildir ki, qışın soyuğu, yayın istisi demədən həftədə iki dəfə Ağsudan Kürdəmirə qazanc dalınca yollanan Elmira xanımı rayon bazarında tanımayan çətin tapılar.
Alnındakı qırışlar, ağarmış saçı onun bu illər ərzində hansı əziyyətlərdən keçdiyini xəbər verir.
Rayona gəldiyi günlərdə səhərdən axşama qədər əynində nimdaş paltar, ayağında bir cüt başmaq, daş səkinin üstündə əyləşərək öz müştərilərini gözləyir.
Uşağının boğazında çöpü qalanların çoxu bu 70 yaşlı qadının yanına üz tutsa da, o, qazancının 11 nəfərlik ailəni dolandırmağa kifayət etmədiyini deyir: “Ailədə bir yoldaşım pensiya alır, bir də mən. Bir də həftədə iki dəfə bura gəlirəm. Elə olur 50 manat qazanıram, elə olur 60 manat. Birtəhər dolanırıq”.
Ağsuda yoldaşı, iki oğlu, gəlin və nəvələri ilə birlikdə yaşayan Elmira Əhədova ailəsində ondan başqa heç kəsin qazanc sahibi olmadığını deyir.
“Gündəlik süfrəmizdə də ya xəngəl olacaq, ya qreçka, ya da doğramac. Neynəyək, başqa cür çatdıra bilmirik. Əsas odur ki, acından ölməsinlər. Ancaq yenə də Allah hökümətdən razı olsun ki, pensiya alırıq.Yoxsa nə təhər dolanardıq?”, – o, təəssüf, amma bir o qədər də minnətdarlıq hissi ilə söyləyir.
“Gəlinim 190 manat alacaqdı, gətirib ərzaq verdilər”
Şikayətçinin sözlərinə görə, karantin dövründə bütün ailə baba-nənə pensiyası ilə dolanmağa məcbur qalıb.
Azərbaycanda işsiz və ya koronavirusla mübarizə nəticəsində işini itirmiş şəxslərə dövlət tərəfindən 190 manat birdəfəlik yardım nəzərdə tutulub.
Elmira Əhədovanın ailəsində də bir neçə nəfər yardım üçün müraciət etsə də, cavab ürəkaçan olmayıb: “Kənd nümayəndəsi siyahıya götürdü. Dedilər ki, oğlanlarımın adına torpaq var, onlara düşmür. Amma nə torpaq. Torpaq ildə bir ya iki dəfə məhsul verir. Əkmişik, eləmişik amma məhsul yoxdur”.
Şikayətçi 11 nəfərlik ailədən yalnız gəlininə yardım düşdüyünü bildirir: “Gəlinim 190 manat alacaqdı, gətirib ərzaq verdilər. Heç mayda  ərzaq da gətirməyiblər”.
Onun sözlərinə görə, Elmira Əhədovanın ailəsindən heç kəs 190 manatı ala bilməsə də, kənddə yaşan icra nümayəndəsinin qohumları artıq 3 dəfə yardım alıb.
Şikayətlə bağlı Ağsu rayon icra hakimiyyəti və Dövlət Məşğulluq xidməti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.
Azər Quliyev: “190 manatın əvəzinə ərzaq verilə bilməz”
 
Əmək məsələləri üzrə ekspert, hüquqşünas Azər Quliyev isə bildirir ki, heç kəs təyin olunan 190 manat birdəfəlik ödəmənin əvəzinə ərzaq verə bilməz.
O qeyd edib ki, dövlət tərəfindən edilən yardımda yalnız pul nəzərdə tutulub: “190 manat alanların 60-70%-i özü müraciət edə bilməyib. Bunun heç bir fərqi yoxdur ki, özü müraciət edib ya başqası. Verilən qərar göz qabağındadır. Təsdiq mesajı gəlibsə, müraciət edən şəxsə pul mütləq verilməlidir”.
Azər Quliyev yardım üçün müraciət edən şəxsin əvəzinə kiminsə pulu alaraq ona ərzaq verməsini isə tamamilə qanunsuz hal adlandırıb.
Hüquqşünas sonda əlavə edir ki, şikayətçi faktla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.
Natiq Cəfərli: “190 manatın verilməsində bilərəkdən sosial yardım kriteriyaları tətbiq edildi”
 
İqtisadçı ekspert Natiq Cəfərli işsizlərin sayının nəzərdə tutulan rəqəmlərdən daha çox olduğunu deyir.
Onun sözlərinə görə, 190 manatlıq yardımın əvvəlcə 200 min, daha sonra isə 600 min insana şamil olunmasının səbəbi müraciətlərin həddindən artıq çox olmasından irəli gəldi: “Bəzi məlumatlara görə10 minlərlə insana müxtəlif səbəblərdən imtina cavabı gəldi. Çox güman, müraciət edənlərin sayı 600 mindən də çox olub. Rəsmi statistikaya görə isə martın birində işsizlərin cəmi 90 700 nəfər olmalı idi”.
Ekspertin dediyinə görə, birdəfəlik ödəmənin verilməsində ən böyük problem  işsizlik müavinəti adı altında sosial yardım kriteriyalarının tətbiq edilməsidir.
“Yardım işsizlik kriteriyaları ilə verilsəydi, daha geniş çərçivəni əhatə edərdi. Amma bilərəkdən onu sosial yardım çərçivəsinə salıblar ki, adına torpaq və ya avtomobil olan şəxslər bu yardımı əldə edə bilməsinlər”, – Natiq Cəfərli əlavə edib.
Onun qənaətincə, 10 minlərlə insanın yardımdan kənarda qalmasına səbəb tətbiq edilən  yanaşmanın doğru olmamasıdır: “2012-13-cü ilə qədər insanların müddətsiz etibarnamə ilə avtomobil satma hüququ var idi. Bəziləri də 1990-cı illərdə bu hüquqla avtomobilini satmışdı. İndi də sistemdə adlarına avtomobil göründüyünə görə190 manat ala bilmədilər. Və yaxud da 90-cı illərdə paylanan torpaq sahələri var ki, insanlar o torpaqdan istifadə etmir. Amma adına torpaq var deyə o insanlara da yardım düşmədi”.
Rəsmi rəqəmlərə görə aprelin 9-dan etibarən 600 min şəxsə 190 manat birdəfəlik ödəmə verilib.
Son iki ay ərzində sosial şəbəkələrdə yüzlərlə insan işsiz olduğu halda yardım ala bilməməsindən şikayət edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button