AktualSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistanda böhran çözülür

Ermənistan Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

Baş Qərargah rəisi Onik Qasparyanın, onun bütün müavinləri,  idarə rəhbərləri və bütün iri hərbi birləşmələrin komandirlərinin fevralın 25-də imzaladıqları bəyanatda deyilir ki, Baş Qərargah uzaqgörən olmayan və əsassız addımlara qarşı, əsasən Baş Qərargah rəisinin birinci müavininin işdən çıxarılmasına qəti etirazını bildirir.

“ER Silahlı Qüvvələri Baş Qərargahı Ermənistan Respublikasının milli və dövlət maraqlarını nəzərə almadan, yalnız şəxsi və ambisiyalı hisslərə əsaslanaraq həyata keçirilən uzaqgörən olmayan və əsassız səbəblərə görə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsilə bağlı qəti etirazını bildirir.

Baş nazir və Ermənistan hökuməti bundan sonra erməni xalqı üçün böhranlı və taleyüklü vəziyyətdə adekvat qərarlar qəbul etmək iqtidarında deyil.

Ermənistan Silahlı Qüvvələri mövcud hakimiyyətin Silahlı Qüvvələrin nüfuzdan salınmasına yönəlmiş “hücumları”na uzun müddət səbrlə dözüb, lakin hər şeyin öz həddi var.

Ermənistan Silahlı Qüvvələri öz borcunu şərəflə yerinə yetirib, düşmənə qarşı xalq ilə çiyin-çiyinə savaşıb.

Yaranmış vəziyyətlə əlaqədar Ermənistan Silahlı Qüvvələri ER baş naziri və hökumətin istefasını tələb edir, eyni zamanda Vətəni və “Arsax”ı müdafiə edərkən övladları həlak olan xalqa qarşı güc tətbiqindən çəkinmək barədə xəbərdarlıq edir.

Ordu hər zaman xalqla, xalq isə ordu ilə birlikdə olub”, – bəyanatda deyilir.

Paşinyanın istefası tələbini 40-dan çox yüksək vəzifəli hərbçi imzalayıb.

Yerevanda müxalifətin müntəzəm etiraz aksiyalarının fonunda bu, bir şeyi ifadə edə bilər – polis güc tətbiqinə cəhd etsə, ordu Yerevana daxil olacaq.

Görünür, hərbi etiraz Ermənistan SQ Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə baş nazirin fərmanının Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyasına daxil olması xəbərinə reaksiya olub. Sənədin qüvvəyə minməsi üçün prezident Armen Sarkisyanın imzası tələb olunur, lakin o, hələlik öz qərarını açıqlamayıb.

Bundan öncə Armen Sarkisyan Ermənistan SQ Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi haqda fərman imzalayıb. Müxalifət bildirir ki, bu, “İsgəndər” OTRK-nın (operativ-taktiki raket kompleksləri) guya effektiv olmaması barədə Paşinyanın bəyanatını şübhə altına qoyması ilə bağlıdır.

Demək lazımdır ki, hərbçilərlə baş nazir arasında münaqişə çoxdan yaranıb. Ötən il noyabrın 19-da Ermənistan Müdafiə Nazirliyinin Hərbi-Nəzarət Xidmətinin rəisi general-polkovnik Movses Akopyanın mətbuat konfransı keçirməsi,  ölkə və ordu rəhbərliyini səfərbərlik və hərbi satınalmalar zamanı yalan və kobud səhvlərdə, strategiya və taktikanın olmamasında ittiham etməsi, fərarilik və fəaliyyətdə olan orduya çağırışla bağlı problemlərdən danışması bunu göstərir.

Bundan əlavə, Akopyan bildirib ki, Dağlıq Qarabağ hərbi əməliyyatlar zamanı erməni tərəfi “İsgəndər” operativ -taktiki raket kompleksindən istifadə edib. “Müharibə zamanı” İsgəndər” tətbiq olunub, amma deyə bilmərəm ki, harada”, – Akopyan jurnalistlərə bildirib.

Akopyan həmçinin baş nazir Paşinyanın xanımı Anna Akopyanla münaqişədən və bundan sonra generalın Qarabağa girişinə qadağa qoyulmasından danışıb. Baş nazirin xanımı icazə olmadan Qarabağda komanda mərkəzinə daxil olub, təbii ki, kənar şəxslərin girişi ciddi şəkildə qadağan edilmişdi. Anna Akopyanı komanda mərkəzində görən general ondan oranı tərk etməyi tələb edib.

Paşinyanın 1in.am saytına verdiyi son müsahibə də onu hərbçilərin gözündə ucaltmayıb.  Eks-prezident Serj Sarqsyanın “Ermənistan tərəfi müharibənin dördüncü günündə “İsgəndər”i tətbiq edə bilərdi” bəyanatını şərh edən Paşinyan cavab verib: “Düşünürəm ki, o, bir çox suallara cavab verməlidir və cavabını bildiyi sualları verməməlidir. Bəlkə  cavab verəcək ki, “İsgəndər” raketi nə üçün partlamadı, yaxud cəmi 10% partladı?”

Beləliklə, Paşinyan, birincisi, Dağlıq Qarabağda müharibə zamanı “İsgəndər” operativ -taktiki raket kompleksinin tətbiq edilməsi barədə general Akopyanın məlumatını təsdiqləyib. Məlum olduğu kimi, Ermənistanın Baş Prokurorluğu bununla bağlı Movses Akopyana qarşı dövlət sirrinin yayılması  ittihamı ilə cinayət işi qaldırıb. İndi isə bu “dövlət sirri”ni Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı açıqlayır.

Ən başlıcası isə Paşinyan bu etirafla faktiki olaraq təsdiqləyib ki,  Azərbaycan şəhərlərinin yaşayış məhəllələrinin “İsgəndər” tipli raketlərlə atəşə tutulmasına görə şəxsən özü məsuliyyət daşıyır ki, bu da hərbi cinayətdir. Əgər “İsgəndər”lər Ermənistana göndərilibsə, o, məsuliyyət daşıyır. Ermənistanın silahlanmasında “İsgəndər”lərin olub-olmaması, yoxsa bunların Rusiyanın hərbi bazasının silahları olması hələ də aydın deyil.

Sual yaranır, əgər “İsgəndər” Ermənistanın silahlanmasında yoxdursa, onları Azərbaycana kim buraxılıb? Azərbaycana zərbə endirilməsinə kim sanksiya verib? Moskva? Şübhəlidir.

Belə çıxır ki, erməni baş nazir boş-boş danışır?

Hərbçilərlə böhrana qayıdaraq qeyd etmək lazımdır ki, bu böhran yalnız Baş Qərargahda istefalara səbəb ola bilməzdi. Çünki gələcək islahatlar haqqında bu gün məlum olmayıb. “Gəmidə üsyan” Rusiya “İsgəndər”lərinin effektli olmaması barədə Paşinyanın bəyanatından iki gün sonra baş verib. Odur ki, istisna olunmur ki, hərbçilərin üsyanı “İskəndər”lərin effektivliyini şübhə altına alaraq Rusiya HSK-ə (hərbi-sənaye kompleksi) işgüzar zərbə vuran erməni baş nazirə Moskvanın özünəməxsus cavabı ola bilər.

Paşinyan və Akopyanın bəyanatlarına inansaq, belə çıxır ki, Azərbaycan ərazisinə “İsgəndər” atılıb, lakin bu raket atışları  uğurlu olmayıb – çünki buraxılan raketlər ya partlamayıb, ya da HHM (Hava Hücumundan Müdafiə) sistemini keçə bilməyib.

Suriya, Liviya, indi də Qarabağda hərbi əməliyyatlar zamanı Rusiyanın “Pansir” (zenit raket-top kompleksləri) və “Tor” (zenit-raket kompleksləri), həmçinin “Krasuxa”nın (radioelektron mübarizə sistemləri) asanlıqla pilotsuz uçan aparatların qurbanına çevrilməsi fonunda belə çıxır ki, Rusiya HSK-nın istehsalı hərbi sənaye kompleksinin istehsalı “yararsızdır”. Görünür, belə antireklam Moskvada son dərəcə qıcıqlandırmaya bilməzdi.

Ermənistan baş nazirinin bəyanatını təxribatçı, Rusiya silahını və ümumilikdə strateji müttəfiqi nüfuzdan salmağa yönəlmiş bəyanat saymaq olar. Generalitetin qarşıda Ermənistan Silahlı Qüvvələrində gözlənilən islahatlara son dərəcə mənfi münasibətini, eləcə də onların Rusiya Müdafiə Nazirliyi və HSK ilə ənənəvi sıx əlaqələrini nəzərə alsaq, güman etmək olar ki, Kremldən onlara müqavimətlə bağlı siqnal verilib. Yeri gəlmişkən, Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan ötən gün bildirib ki, Baş Qərargahın tələbi orduda gözlənilən islahatlarla bağlıdır.

İslahatlar Moskvaya da lazım deyil – axı, aydındır ki, məsələ onunla Paşinyanın Moskvapərəst kadrlardan yaxa qurtarması ilə başa çatacaq.

Moskvanın hərbçiləri təhrik etməsini onun Yerevan hadisələrinə reaksiyası da təsdiqləyir.

“Kremldə Ermənistanda vəziyyətin inkişafını həyəcanla izləyirlər, amma bunu müstəsna olaraq ölkənin daxili işi hesab edirlər”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

2015-ci ildə hərbçilərin qiyama cəhdilə qarşılaşan Ankaranın məsələyə reaksiyası tam əksinədir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanda baş verənləri pisləyib, onu dövlət çevrilişinə cəhd adlandırıb. O, hərbçilərin demokratik yolla seçilmiş lideri istefaya çağırmasını qəbuledilməz adlandırıb.

“Biz dünyanın hər hansı bir yerində olursa-olsun,  istənilən dövlət çevrilişinə və ya dövlət çevrilişi cəhdinə qarşı çıxırıq. Biz Ermənistanda dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyirik”, – Türkiyə XİN rəhbəri bildirib.

Bu arada Paşinyanın əleyhdarları gündəlik itaətsizlik aksiyaları çərçivəsində səhərdən Yerevanın mərkəzində avtomobilin hərəkətini dayandırıblar. Əsasən Azatutyan prospektinin, Saralanc və Verin Antarain küçələrinin hərəkət hissəsində toplaşan bir qrup gənc “Nikolsuz Ermənistan!”, “Nikol xəyanətkar!” şüarlarını səsləndirir. Onlar Paşinyanın və onun komandasının istefasını tələb edirlər.

Ermənistanın indiki rəhbərliyinə “müxalifətdə olan” ölkənin keçmiş korrupsiyalaşmış yuxarı qolu Vətənin Xilası Milli Hərəkatı  (17 partiyanı birləşdirir) adı ilə çıxış edir. Onun motivləri göz önündədir – “yem yeri”nə qayıtmaq.

Hərəkatın liderləri arasında çox sayda “keçmişlər” var. Bunlar həm keçmiş baş nazir və keçmiş müdafiə naziri Vazgen Manukyan, Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, Ermənistan Vətən Partiyasının sədri Artur Vanesyan, Ermənistan Respublika Partiyasının sədri, keçmiş  prezident və keçmiş baş nazir Serj Sarqsyan (Ermənistan Respublika Partiyası öz ideoloji əsası kimi nasist Qaregin Njdenin təlimini– tsexakronizmi qəbul edib) və başqalarıdır.

Əvvəl onlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli bəyanatın əleyhinə çıxırdılar. Lakin sonradan başa düşdülər ki, bəyanatın denonsasiyası real deyil, onlara yalnız daxildən deyil, həm də xaricdən dəstək lazımdır və denonsasiyadan imtina etdilər. Bununla yanaşı, onlar əvvəlkitək Moskvanın Qarabağa dair  11 yanvar tarixli sazişinin (regionda iqtisadi problemlərin və nəqliyyat infrastrukturunun həllinə yönəlmiş) əngəllənməsilə bağlı planlar qururlar.

Paşinyan Baş Qərargahın bəyanatına operativ reaksiya verib. O, dərhal Facebook-a öz tərəfdarlarına müraciət edərək Respublika meydanına gəlməyə çağırıb və Baş Qərargahın bəyanatını hərbi çevriliş cəhdi adlandırıb.

Gündüz təxminən saat 14:00-da (nəzərdə tutulduğundan öncə) Respublika meydanında öz tərəfdarlarının qarşısına çıxıb. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevriliş cəhdi adlandırıb və  əlavə edib ki, proses artıq nəzarətdədir, Silahlı Qüvvələr xalqa və hökumət başçısına tabe olur.

“Düşünürəm ki, hərbçilərin bəyanatı emosional reaksiya olub, vəziyyət idarəolunandır. Vəziyyət gərgindir, biz qarşıdurmadan qaçmaq üçün razılığa gəlməliyik”, – o əlavə edib.

Daha sonra Paşinyan tərəfdarlarının yürüşünü keçirib. O, aksiyanın sonunda onun başa çatdığını bəyan edib və müxalifətə öz aksiyasını dayandırmağı təklif edib. Baş nazir opponentlərinə müraciət edərək onları gələcək fəaliyyətlərin müzakirəsinə dəvət edib.

Amma hərbçilərin çıxışından ruhlanan müxalifət dağılışmaq fikrində deyil- etirazçılar baş nazirin iqamətgahının və parlament binasının yerləşdiyi Marşal Baqramyan prospektini bağlayıblar və baş nazirin istefasına qədər orada qalacaqlarını vəd edirlər.

Etirazçılar parlamentin qarşısında meydanda çadırlar qurmağa başlayıblar. Onlar hökumətin istefaya getməsindən başqa bir şey haqda dialoq aparmaqdan imtina edirlər.

Müxalifət liderləri də ölkə prezidenti ilə görüş üçün nümayəndə heyəti formalaşdırıblar və növbədənkənar seçkilərin keçirilməsinə nail olmaq üçün parlamentdən növbədənkənar iclas keçirməyi tələb edirlər. Onlar ümid edirlər ki, seçkilərdə qalib gələcəklər və yeni Nazirlər Kabinetini formalaşdıracaqlar.

Lakin parlament çoxluğu – Paşinyana loyal fraksiya və deputatlar baş naziri dəstəkləyiblər. Beləliklə, Paşinyanın əleyhdarları onu hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi çevrilişi həyata keçirməli olacaqlar.

Əgər belə ssenari həyata keçirilərsə, Ermənistanın demokratik imicindən əsər-əlamət qalmayacaq. Ona Qərbdən iqtisadi yardım almaq çətin olacaq, demək olar ki, mümkün olmayacaq və beləliklə, ən azı bir müddət dayanacaq. Pandemiya şəraitində bu, Ermənistanın onsuz da çətin vəziyyətini daha da ağırlaşdıracaq.

Əgər Paşinyan qalib gələrsə, ona qarşı çıxan bütün generalları istefaya göndərəcək və Rusiyanın dəstəyilə orduda islahata başlayacaq.

“Ermənistan Rusiya ilə əməkdaşlıq şəraitində Silahlı Qüvvələrdə islahat konsepsiyasının hazırlanmasına başlayır, – respublikanın baş naziri Nikol Paşinyan fevralın 25-də bildirib.

No comments

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın orduya müraciəti (27 sentyabr 2020-ci il)

Erməni ordusunun mərd döyüşçüləri, sizin ruhunuzun şücaətini, əlinizin gücünü və sonsuz nifrətinizi köçəri və soysuz mağara qəbiləsinin qalıqlarına göstərməyin vaxtıdır.

Şanlı generallar, zabitlər, çavuşlar, əsgərlər, erməni ordusu, silahdaşlarım! Ermənistan Silahlı Qüvvələrinin şöhrətini bir daha təsdiqləməyin vaxtıdır. Minlərlə ən yaxşı erməni oğulun həyatı və qanı bahasına qazandığımız azadlıq və müstəqillik yenə də təhlükə altındadır.

Bizim köhnə düşmənimiz Türkiyənin hərtərəfli dəstəyindən ruhlanan Azərbaycan 2016-cı ilin aprelində Arsaxda və bu ilin iyulunda Ermənistan Respublikasının şimal-şərqində hərbi əməliyyatların sarsıdıcı məğlubiyyətləri ilə barışmayaraq yenidən müharibəyə başlayıb. Hazırda DQR müdafiə ordusunun təmas xəttinin bütün perimetri üzrə avia və artilleriya zərbələri həyata keçirilir, paralel olaraq yaşayış məntəqələri atəşə tutulur.

Müdafiə ordusunun bölmələri düşmənin planlarını müvəffəqiyyətlə pozur, ona əhəmiyyətli itkilər verir.

Mənim silahdaşlarım,

Sizi bundan sonra da öz güclü əlinizin qüvvəsinə arxalanaraq, təhlükə və düşmənə məhəl qoymadan, mətanətlə və fədakarlıqla vuruşaraq Vətənin müdafiəçisinin müqəddəs missiyasını şərəflə yerinə yetirməyə çağırıram.

Erməni ordusunun cəsur döyüşçüləri, sizin ruhunuzun şücaətini, əlinizin gücünü və sonsuz nifrətinizi köçəri və soysuz mağara qəbiləsinin qalıqlarına göstərməyin vaxtıdır.

Siz şanlı qələbələr əldə edən ordunun əsgərlərisiniz. Erməni adı və silahına layiq olacağıq.

Biz haqq işinə tərəfdarıq, əcdadlarımızın müqəddəs torpağını, erməni evini, bizim şərəfimizi və xalqımızın azad ölkədə sülh şəraitində yaşamaq hüququnu qoruyuruq.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button