Aktual

O məscidləri ki, “sözə baxmır”!

Bəli, o məscidlər ki, dinsiz padşahların məmurları tərəfindən idarə olunur…

İstədim ağıldan danışım. Mövzunu araşdıranda qarşıma çıxan ilk cümlə “Ağlı olan məscidə getməz”, oldu (melumat.xazar.com). Şeytana lənət. Əvvəl düşündüm ki, bu mənbədə ağıl barədə axmaq sözlər toplanıb. Gördüm yox, qalan nə varsa (məsələn: Ağlı olan qışın qeydinə yayda qalar) ənənəvidi. Öz savadsılığımdan heyrətə gəldim. Azərbaycanda belə bir atalar sözü varmış. Allah, Allah!

Ataların halına yandım. Hərçənd ki, bəzilərinin nəzərincə, bu qəbil atalar sözlərini bolşeviklər, sovet rejimi qatıb halal sözümüzə. Amma bugünkü rüşdilərə qandırmaq çətindir. Deyəcəklər və deyirlər ki, bizim atalar belə deyib: Ağlı olan məscidə getməz!

Dedim bir xeyir iş görüm bu gecə vaxtı. Ataların bu sözünü ya ataların adına yazılmış bu sözü yaxşıya yoxum. Axı söz də jele kimidir, dartılır, yığılır, formadan formaya düşür.

Bəli, ağlı olan məscidə getməz! Atalar doğru deyib. Atalar bunu da doğru deyib ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Birincisi qalsın, ikincidən danışım. Bu atalar nə qədər uzaqgörən olub ki, Azərbaycanın bu gününü də görüb, hay-haray salıb ki, ay azərbaycanlılar, bu ölkə yalnız ölmək üçündür, ölüm üçündür. Nə üçün axı səfalı Azərbaycan yox, səfasız Avropa ya Şərqdə gəzək? Çünki Azərbaycanda evdən çıxanı min bir bəla gözləyir. Səni qorumalı olan polisdən qoruna bilsən ataların həmin sözü üzərindən xətt çək. Polis yolda saxlayır, ilişir. Polis istirahət mərkəzlərində, bilvarda saxlayır, ilişir. Polis hava limanında, gömrükdə saxlayır, ilişir. Atalar bu qədər uzağı görüb və tapşırıb ki, nə qədər canın sağdır get xaricdə gəz, nə vaxt ölmək istəsən qayıt Azərbaycana, qoy öldürsünlər səni həbsxanalarda, çadırlarda, aclıqdan-susuzluqdan.

Qayıdaq məscid məsələsinə. Rəvayətlərdə var ki, zəmanə sahibi zühur edəndə bəzi məscidləri sökəcək. Peyğəmbər də (s) məscid söküb.

Tövbə surəsi:

(Quba məscidinə və müsəlmanlara) Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik”, – deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!

(Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!..

Bəli, həzrət Peyğəmbər (s) fitnə yuvasına çevrilmiş məscidə qarşı olub. Atalar da ehtimalən belə məscidləri nəzərdə tutub. O məscidlər ki, dinsiz padşahların məmurları tərəfindən idarə olunur, minbərə çıxanlar zalım padşaha mədhiyyə oxuyur. Belə məscidə gedənin ağlı var ya yox? Məncə yox! Allah Onun razılığı üçün çalışan atalara rəhmət etsin!

P.S. Zalım padşahlar da məscid sökür. O məscidləri ki, zülmə qarşıdır, o məscidləri ki, “sözə baxmır”!

Əbdülhəmid Aran

haqqyolu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button