Aktual

“Dindarların pozulmuş Konstitusion hüquqları və onların həlli yolları” barədə mətbuat konfransı keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Hicab məhbuslarının ailələrinin” təşkilatçılığı ilə “Dindarların pozulmuş Konstitusion hüquqları və onların həlli yolları” barədə mətbuat konfransı keçirilib. Tədbirdə hicab məhbuslarının ailə üzvləri ilə yanaşı ölkənin aktiv ictimai fəaliyyətdə olan xanımları, QHT nümayəndələri, hüquq müdafiəçiləri, media mənsubları və mövzu ilə yaxından maraqlanan vətəndaşlar iştirak ediblər. Tədbirdə çıxış edən hicab məhbuslarının ailə üzvləri ölkədə insan hüquqlarının bir parçası olan vətəndaşların inanclarına uyğun yaşaya bilmək haqqının mövcud vəziyyətindən ətraflı bəhs edib və bu sahədə müşahidə olunan problemlərin təfsilatını veriblər.

Daha sonra mövzu ilə əlaqədar fikirlərini bildirən konfrans iştirakçıları Azərbaycanda inanclı xanımların qarşılaşdıqları problemlərin vəziyyətini müxtəlif aspektlərdən dəyərləndirərək, fikir və təkliflərini irəli sürüblər. Azərbaycanda insan hüquqlarının tərkib hissəsi kimi dini çevrələrə, xüsusən də hicablı xanımlara qarşı ayrı-seçkilik edilməsi, maneələr törədilməsi hallarının təəssüfləndirici, acınacaqlı olduğunu önə çəkən natiqlər, vəziyyətin bu həddə çatmasını hökumətin vətəndaş hüquq və azadlıqlarına, dini dəyərlərə, tolerantlığa, plüarizmə dözümsüz münasibətindən, hörmətsizliyindən qaynaqlandığını bildiriblər.

Konfransın sonunda bəyanat səsləndirilib. Bəyanatda bildirilir.

“Azərbaycanın orta ümumtəhsil məktəblərində qanunsuz olaraq tətbiq olunan hicab qadağasına qarşı öz narazılıqlarını və etirazlarını ifadə etmək, vətəndaşların ölkə Konstitusiyası və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlərlə birmənalı təsbit edilən fundamental hüquqlarındandır. Vətəndaşlarımız dəfələrlə dinc, sivil yollarla bu qadağaya etirazlarını bildirmişlər. Lakin aksiyaların dinc və sivil keçirilməsinə baxmayaraq, hökumət nümayəndələri aksiyaçıları nəinki dinləmiş və etirazlarına diqqət etmiş, əksinə, onlara qarşı dərhal zor tətbiqinə başlanmış, sərbəst toplaşmaq azadlıqlarının pozulmasına üstünlük vermişlər. Bu azmış kimi aksiyaçılara qarşı qeyri-qanuni qüvvə tətbiq edilmiş, həbslər aparılmışdır. Qüvvədə olan qanunvericiliyin, o cümlədən AR Konstutsiyasının vətəndaşlarla bu cür rəftarı qəti sürətdə və birmənalı olaraq yolverilməz hesab etməsinə mahal qoymadan, aksiyaçılara qarşı qeyri-insani rəftar edilmişdir. Bu baş verənlərin təsirlərini bilavasitə hiss edən Azərbaycanın inanclı xanımları olaraq, buna qarşı öz qəti etirazımızı bildirik. Məmurları ölkə qanunlarına, insanların hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq. Həbsdə olan hicab məhbuslarının və şərlənərək, qeyri-qanuni həbs edilən dindarların azad olunmasını, qeyri-insani rəftara yol vermiş məmurlara qarşı sərt cəzaların verilməsini tələb edirik.

Eyni zamanda, 3 ildir davam edən hicab qadağasının bu cür halların əsas səbəbi olmasına diqqət çəkərək, hicabın köklü şəkildə (orta məktəblərdə, şəxsiyyət vəsiqələrində) təcili həll edilməsini istəyirik. Minlərlə insanın təhsil hüququ və inanc azadlığı pozulmaqdadır.

Bir daha bu problemlərin təcili həll olunmasına, insanların hüquq və azadlıqlarının təmin edilməsinə çağırırıq”.(faktxeber)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button