ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycana qarşı hörmətsizlikdir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə cavab bəyanatı yayıb.

Qafqaz.ir-nin məlumatına əsasən, bəyanatda deyilir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir. Azərbaycan Ordusunun ölkənin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir.”

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb. Bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Ona görə də Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button