ArxivIslamXəbər lentiXəbərlər

Çətin başa düş(üm)ək

Bir neçə gündür Vətənimiz Azərbaycandan çıxaraq minlərlə zəvvarlarla bərabər Ərbəin ziyarətində iştirak etmək üçün İraqa gəlmişik. Bu səfəri və ya ziyarəti digərlərindən fərqləndirən onlarla səbəb saymaq olar. Ərbəin ziyarətinə qatılanlar bunu daha yaxşı bilir. Lakin bu kiçicik yazıda həmin səbəblərdən sadəcə biri barədə yazmaq istərdim.

Məqalənin adını da bu məqsədlə elə seçmişəm. Yəni başa düşmək şəxsən mənim üçün çox çətindir. Eləcə də əminəm ki, çoxları üçün.

Ərbəin ziyarətinə hər il milyonlarla zəvvar qatılır və milyonlar dedikdə söhbət 30 milyonun üstündən gedir. İnanmıram ki, dünyanın  hər hansı bir şəhəri bu miqdarda insan kütləsini eyni vaxtda qarşılaya və yola sala bilər. Lakin Kərbəla bunu edir, özü də infrastrukturu cəmi 3-5 milyon əhali üçün nəzərdə tutulmuş bir şəhər.

Lakin mənim qeyd edəcəyim bu deyil. 2 gündür Nəcəf şəhərindəyik. Otellərdə yer problemi olduğu üçün bir İraq ərəbinin evində qalırıq.

Muxənnəd adlı ev yiyəsi evinin qapılarını bizim üçün taybatay açıb, həm də hər hansı bir qarşılıq göstərmədən və həm də öyrənirəm ki, bunu hər il edir. Təxminən 3 sotun içərisində tikilmiş evin 2 girişi var. Aydın olur ki, ev tikiləndə qonaq-qaralı olacağı nəzərə alınıb. Həyətə girəndə yerin xalça ilə döşəndiyini gördük.

Bizi qarşılayan ev sahibi evinin tam olaraq ixtiyarımızda olduğunu söylədi.

Ev isə hər birimizin arzusunda olduğu bir evdir, yaraşıqlı, rahat, gündəlik həyat üçün nəzərdə tutulmuş şərait.

Həyətdə oturmuşduq, evin balaca uşaqları o yana, bu yana qaçışır, oynayırdılar. Bir qədər sonra balacaların əllərində gətirdikləri güllər ürəyimizə bir sevinc gətirdi. Bunu onlara valideynləri deməmişdi, desəydi, bir güldan da verib, çiçəkləri içərisinə qoymağı tapşırdılar. Lakin onlar gətirdikləri çiçəkləri içdiyimiz suyun balaca plastik qabına qoydular. Çox sevinirdilər.

Yeməkdən sonra istirahətə çəkilmişdik. Evin balaca qızı əlində 3 ədəd saqqız gətirib bizə uzatdı. Bunu sözlə ifadə etmək çətindir. Atasının ürəkgenişliyinə o da əlində olan 3 ədəd saqqızla dəstək olurdu.

Günortadan sonra həyətə başqa bir qrup zəvvar təşrif buyurdu. Onlar bir qədər oturub dincəldikdən sonra getmək istədilər və bundan ev sahibi bərk narahat oldu. Gözləri dolmuş halda, “nə bir qəbahət elədim ki, gedirsiz”, – deyə sual etdi. Gələn zəvvarlar başqa bir ev tutduqlarını, yolüstü burada dayandıqlarını, onun ailəsinə əziyyət vermək istəmədiklərini söyləyəndə isə bir qədər də narahat oldu və “mənim evimin o evdən nə əksikliyi var, ora gedirsiz. Mənim ailəm İmam Hüseyn zəvvarlarına xidməti özünə şərəf bilir “, – deyə bildirdi. Daha sonra isə bir şərtlə onların getməsinə icazə verəcəyini qeyd etdi; şam yeməyinə bu həyətə gələcəklər, əks halda, ancaq onun meyidinin üstündən gedə bilərlər.

Bax belə. 60-70 nəfərlik heyətə xidməti özünə borc bilən Muxənnəd buna görə, kimsədən ödəniş almır, öz qazancından xərcləyir. 

Ödəniş aldığını düşünmək olardı, amma o halda ki, belələrinin sayı 5-10 nəfər olsun, lakin bu say minlərlədir, əks halda Ərbəin zəvvarları küçələrdə qalardı…

Ödəniş aldığını düşünmək olardı, amma qaldığımız məhəllənin Hüseyniyyəsinin sahibi incik halda niyə gəlib, orada da namaz qılmadığımızı sual etməsəydi…

Düşünmək olardı o halda ki, Muxənnəd zəvvarlar gedərkən gözləri dolmasaydı…

…Baxın, bunu başa düşmək çətindir. 

Bir insan bir hadisə barədə düşünərkən, “Mən bunu edə bilərdimmi”, – deyə sual edir. Axı hər il 10-15 gün işini-gücünü atıb bu qədər insanın xidmətində durmaq asan deyil.

Başa düşmək ona görə çətindir ki, evə qonaq gələndə 2 gündən sonra narahat oluruq…

Başa düşmək çətindir ona görə ki, 10-15 gün ailən öz evində qonaq qismində olur…

Başa düşmək ona görə çətindir ki, Peyğəmbər ailəsinin qonaqlarının xidmətində durmağın qiymətini bilmirik…

Aqil Mehdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button