ArxivIslamXəbər lentiXəbərlər

İmam Xomeyni şəxsiyyətinin dünyaya bəxş etdiyi ali dəyərlər

Akif Heydərli: “İnqilabi yol keçən imam Xomeyni, inqilabın qələbəsi ilə İslam dünyasına yeni bir töhfə verib”

Akif Nağı: “İmam Xomeyni olduqca əzəmətli bir şəxsiyyətdir”

Bu gün İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümüdür. İran İslam İnqilabının banisi Ayətullah Ruhullah Musəvi Xomeyni 1902-ci ildə dünyaya gəlib və 1989-cu ilin iyununda vəfat edib. İnqilabı ilə dünyada misilsiz siyasi zəlzələ yaradan bu arif və fəqih ömrünün 15 ilini sürgündə keçirib. Onun mübarizəsinin yüksəlişi İmam Xomeyninin İrana əzəmətli qayıdışı və İslam İnqilabının 1979-da zəfər çalması ilə bağlıdır.

Bəs İmam Xomeyni şəxsiyyəti dünyaya və müsəlman aləminə nələri bəxş edib?

Azərbaycan İslam Partiyasının funksioneri, politoloq Akif Heydərli bildirib ki, imam Xomeyninin inqilabi ideyaları, zülmə qarşı etiraz və ədalətli cəmiyyət qurmaq istəyi, onun  İslam elmlərinə dərindən yiyələnməsindən qaynaqlanıb: “ Məhz bu keyfiyyət imam Xomeynidə dönməzlik, iradə mətinliyi və əqidəsinə sədaqətlik hissləri yaradıb.  İnqilabi yol keçən imam Xomeyni dünyada yeni bir səhifə açaraq, inqilabın qələbəsi ilə İslam dünyasına yeni bir töhfə verib. Qütbləşmiş dünyada heç bir qütbə aid olmayan ədalət himni yaradıb”.

Akif Heydərlinin sözlərinə görə,  imam Xomeyninin rəhbərliyi altında İran İslam İnqilabının qələbəsi bir hikmət və Allahın təqdiri idi: “ Bu tarix bəşəriyyətə təkrarsız bir töhfə verdi. İslam dünyası bu gün də həmin töhfənin təsiri altındadır. Bu gün dünyada ədalətsizliyə, zülmə qarşı mübarizə İslam İnqilabının töhfəsi sayəsindədir. İmam Xomeyninin bəşəriyyət üçün atdığı bu addım, İslam dininin real həyatla təmasına, nüfuzunun artmasına səbəb oldu”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da, imam Xomeyni şəxsiyyəti ilə bağlı fikirlərini səsləndirib. O, bildirib ki, İslman İnqilabı dünyanın nizamını dəyişən bir hadisə idi: “ İmam Xomeyni olduqca böyük şəxsiyyət idi. Tarixdə bu cür şəxsiyyətlərin rolu həddindən artıq böyükdür. 1970-ci illərin sonu dünya üçün olduqca çətin bir dönəm idi. İranda gedən proseslər isə təhlükə saçırdı. İranın müstəqilliyi formal idi və İslam dəyərləri məhv olmuşdu. Bu baxımdan İslam İnqilabı həm dünya, həm də İran üçün çox vacib bir hadisə oldu. İslam dəyərləri yenidən bərpa olundu. Ümumiyyətlə İslam İnqilabı dünyanın inkişafında yeni br xətt rolunu oynadı”.

Akif Nağı bildirib ki, bu gün İslam dünyasının güclənməsi ilə əlaqədar olaraq , müsəlman dövlətlərinə basqı artıb: “ Bu güclənmə də məhz imam Xomeyninin dövründən başlayıb.  Ona görə də, dünyada gedən proseslərin fonunda İslam İnqilabı çox ciddi bir hadisə oldu. Bu gün də, həmin proses davam edir”.

Akif Nağı əlavə edib ki, imam Xomeyni olduqca əzəmətli bir şəxsiyyətdir: “ Özü və əməli uyğun gələn bir şəxsiyyətdir. O,  Peyğəmbərimiz, imamlarımız kimi həyat tərzi seçən, dünya nemətlərində gözü olmayan, axirət üçün çalışan bir insan idi. Yəni o bir insanlıq nümunəsi qoydu. İmam Xomeyni dünyada yeri olan və yeri hər zaman görünən dahi bir şəxsiyyətdir”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button