ArxivXəbər lentiXəbərlər

“Bu dəfə Naxçıvan gedəcək…”

“Tövbə” Cəmiyyətinin sədri Bakıya gələn ermənilərlə “qardaşlaşsaq” da, çomağı əlimizdən verməməyi tövsiyə etdi…
“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdülün son vaxtlar ermənilərin Bakıya gətirilməsinə münasibət bildirərkən dediyi bu və digər fikirlər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəzi oxucularımız sosial şəbəkələr vasitəsi ilə buna kəskin münasibət ifadə edərək hətta Hacı Əbdülü vətənə xəyanətdə suçlayıblar.
Картинки по запросу hacı əbdül
Bir çox oxucularda elə təəssürat yaranıb ki, müsahibimiz belə bir fikri  ermənilərə rəğbəti olması səbəbindən ifadə edib. Əməkdaşımıza telefon açan “Tövbə” rəhbəri onun Azərbaycan paytaxtındakı ermənilərlə bağlı 1990-cı il Yanvar faciəsindən cəmi bir həftə öncə dediyi fikirlərin yanlış anlaşıldığını bildirərək söylədiklərinin mahiyyətini açan geniş müsahibə verib.
– Əbdül bəy, olan-qalan torpaqlarımızın 20 faizinin 26-ci ildir ki, nankor qonşularımızın tapdağı altında qaldığı, Xocalı soyqırımının baiskar və təşkilatçılarının cəzasını almadığı bir vaxtda ermənilər  barəsində az da olsa, rəğbət doğuran ifadələr söylənməsi Azərbaycan ictimaiyyətinin əskəriyyətində mənfi reaksiya doğurur. Sizin 1990-cı ilin Qara Yanvarından öncə ermənilərin Bakıdan çıxarılmasının yanlış olduğu haqda həmin faciə ərəfəsində Azadlıq meydanındakı çıxışınızda dediklərinizdən də ilk baxışdan belə nəticəyə gəlmək olur ki, həmin vaxt erməniləri himayə edən Moskva kimi siz də düşmənlərimizi himayə edirsiniz. Buna necə izahat verirsiniz?
– Oxucular dediyim cümlələrin mahiyyətinə varmadan məni yanlış anlayıblar… Nemət Pənahlı bu yaxınlarda  1990-cı il yanvarıın 13-də meydanda etdiyi çıxışın video-yazısını mediada təqdim etdirdi. O, öz çıxışında ermənilərin çıxarılması tələbini qoyur. Deyir ki, bizim 200 avtomatımız var, ermənilərlə döyüşə çıxaq, onları qovaq, fevralın sonunadək Azərbaycanda erməni qalmamalıdır… Aydındır ki, Nemət bunları özbaşına danışmırdı, onu yönləndirən, ona tapşırıq verənlər var idi. O, artıq buna köklənmişdi. O, xalqı radikallaşdırmalı və ayağa qaldırmalı idi. Amma xatırladım ki, Nemətin həmin çıxışından dərhal sonra mən çıxış edərək onun bu çağırışına etirazımı bildirmişdim. Təəssüf ki, mənim o çıxışımın videosu mətbuata təqdim olunmayıb. Mən bildirmişdim ki, bu, yanlış çağırışdı, təxribatdır. Xalqı boş yerə qırğına vermək omaz. İndiki gərgin vəziyyətdə erməniləri, yəhudiləri, rusları və digər xalqları buradan çıxarmaq doğru addım deyil. Ona görə ki, bu günədək həmin xalqlar bir Azərbaycan vətəndaşı kimi burada yaşayıblar. Bunlar, xüsusilə, ermənilər Azərbaycanda yaxşı yaşayıblar, hətta çox zaman bizdən də yaxşı dolanıblar. İndi siz Vətənin ağır günündə bunlara deyirsiz ki, çıxın gedin, biz vuruşaq, torpağımızı qoruyaq, ölək –qalaq, vəziyyət düzələndən sonra qayıdarsız. Bu, doğru deyil. Gəlin biz erməniləri də, digər xalqların nümayəndələrini də bir Azərbaycan vətəndaşı olaraq silahlandıraq, onlar da bizimlə bərabər torpaqlarımızın müdafiəsinə yollansınlar. Onlar cəbhədə təcavüzkarları öldürərlər lap yaxşı, özləri  ölərlər, ondan da yaxşı… Nə oldu axırı, erməniləri çıxartdıq, onların yerinə bizim oğullarımız getdi və qat-qat artıq da şəhid oldu, işgəncələrə məruz qaldılar, torpaq da işğal edildi. Üstəlik, 20 Yanvarda sovet qoşunu Bakıya yeridildi, xalqı qırdı, şəhid etdi. Bu hadisələr isbat etdi ki, ermənilərin çıxarılması yanlış olub.  Bu gün də dediklərimiz olur. Bakıda sabitliyi, firavanlığı görən ermənilər yenidən geri qayıtmağa çalışırlar. Biz də onlara şərait yaradırıq. Qarabağ da hələ işğal altnda…
Sözümün qayəsi odur ki, bu gün keçmişdəki səhvlərimizdən ibrət dərsi götürməli, onları təkrarlamamalıyıq. Təəssüf ki, biz heç zaman ibrət götürməmişik…Tarixdən yada salaq  ki, 20 Yanvardan 10 illər öncə 1905-ci, 1918-ci illərdə  Bakıda digər bölgələrimizdə məhz belə təxribatlar nəticəsində ermənilər bizə qarşı qırğınlar törədib. Biz də onlardan qırmışıq. Amma onlar daha çox qıraraq həmişə də sonda  qalib olublar. Çünki hər dəfə daha  çox torpağımıza yiyələniblər. Bir dəfə də ermənilər uduzmayıb. Üstəlik,  torpağımızı aldıqdan  sonra az keçib, biz hər şeyi unutmuşuq. Nəsillər dəyişib, ermənilərlə “qardaşlaşmışıq”. “Qardaş olub Hayastan –Azərbaycan”ı yazıb musiqi bəstələmişik.  Bizim gözəl müğənnilərimiz də onu oxuyub.
Azərbaycanlıların qırğınına başçılıq edən Stepan Şaumyanın adını şəhər, rayon, kəndlərimizə, prospektlərimizə qoymuşuq, onun heykəllərini ucaltmışıq. SSRİ dağılanda isə ermənilər yenidən  torpaq məsələsini qaldırdılar. Və aranın qarışmasından və bizim təxribatlara uymağımızdan istifadə edərək bu dəfə Qarabağı bizdən qopardılar. İndi 25 il keçib, bizi yenə də “qardaşlığ”a dartırlar. Qarabağı azad etməmiş barışıq yaratmağa çalışırlar. Bu minvalla belə getsə, torpaqları azad etməsək, bir müddət keçəcək, nəsillər dəyişiləcək, Qarabağ unudulucaq və  fürsət düşən kimi ermənilər yenə də bizim tədbirsizliyimizdən istifadə edərək 13 yanvar “talanına” bənzər bir təxribat yaratmaqla yeni torpaq iddalarına başlayacaqlar. Bu dəfə çox güman ki, Naxçıvan gedəcək.
Çünki ermənilərə yaxın olan o torpaqdır və son vaxtlar Naxçıvan barəsində beynəlxalq səviyyyədə  çox təbliğat aparırlar. Bax, mənim sözümün canı odur ki, biz düşmənimizin hiylələrinə uyğun tədbirli addımlar atmalıyıq. Necə oldu, hər dəfə “qardaşlıq”dan sonra biz uduzuruq. Bir dəfə də biz udaq da. Bizə yenə “qardaşlıq” təklif edirlərsə,  beynəlxalq təbliğat naminə buna gedək. Amma ağıllı tədbirli olaq, çomağımızı əldən verməyək ki, bu dəfə də biz udaq – torpaqlarımızı geri qaytaraq. Müharibə yoluyla mümkün deyilsə, “qardaşlıq”la qaytaraq. 1990-cı illərdə olduğu kimi, xarici güclərin yerli agentlərini fitvalarına uymayaq…Mənim xalqa da, xüsusən gənclərə də tövsiyəm budur…
– Ötən ilin dekabrında bir neçə erməni gəldi Bakıya və Azərbaycanın bir neçə QHT-si ilə birgə Sülh Platforması yaradıb Qarabağın azad edilməsi, soydaşlarımızın yurd-yuvalarına qayıtmaları tələbi ilə bəyanat verdilər. Sizcə,  30 il sonra Azərbaycan üçün belə canfəşanlıq edən ermənilərə etibar etmək olarmı?
– Bilirsiniz, bu dünyada özündən başqa heç kəsə etibar etmək olmaz. Hətta vəziyyət o qədər mürəkkəbləşib ki, heç özümüzə, özümüzünkülərə də etibar edə bilmirik. Xüsusən torpaq məsələsi kimi ciddi işlərdə bəzən özümüzünkülərə də etibar etmək lazım deyil, onları da dərindən yoxlamaq lazımdır. Sülh təşəbbüsü ilk baxışdan yaxşıdır. Amma yenə də ehtiyatlı, tədbirli olmaq və fürsəti əldən verməmək gərəkdir. Sülhə getmək olar, bir şərtlə ki, işini möhkəm tutasan…
– Bəzi saytlar Ermənistandan guya Sarkisyan rejiminin əlindən qaçıb gələn erməniləri burada işə götürürlər. Buna münasibətiniz?..
– Erməniləri burda işə qəbul edirlər. Çox gözəl. Yəqin daha bizdə hamı, o cümlədən jurnalistlərin hamısı işlə təmin olunub. Artıq işə götürməyə adam tapılmır. Odur ki, ermənini işə götürürlər…
– Sizcə, bu gün 1990-cı ildəki kimi elə bir radikal millətçi qurum ortalığa çıxa bilərmi ki, paytaxtımızdakı 30 min erməni və erməni mənşəlini də Azərbaycandan çıxarmaq tələbini qoysun?
– Əgər bunların Naxçıvanı da ermənilərə vermək həvəsi olsa, Azərbaycandakı 30 min ermənini də burdan çıxartmağın fətvasını verərlər. Bakının bir guşəsində Sumqayıt, “13 yanvar” kimi bir hadisə yaradarlar, qırğın salarlar. Bunu etmək  elə də çətin deyil. Yenə də deyirəm ki, biz belə təxribatlara getməməliyik. Qoy Azərbaycanda erməni də, gürcü də, rus da yaşasın. Sən bir dövlət kimi dövlətçiliyini qorumalısan. Məgər başqa ölkələrdə yalnız bir millət yaşayır. Hər yerdə müxtəlif xalqlar yaşayır…
– Həmin gün siz mitinqdə çıxiş edəndən sonra nələrin şahidi oldunuz? Rəhbəri olduğunuz təşkilat 13 yanvar təxrubatlarının qarşısını almaq üçün hansısa bir iş gördümü? 
– Bəli, həmin gün mitinqdə oldum, çıxış etdim. Amma mən və bizim “Cəmiyyət” erməni talanlarında iştirak etmədik. Üzvlərimizə tapşırmışdım ki, ermənilərə qarşı heç bir təxrubatda iştirak etməsinlər.  Biz  meydandakı mitinqləri təxribatlardan qoruyurduq. O vaxt yeganə mütəşəkkil qurum bizim “Tövbə” Cəmiyyəti idi. Yüzlərlə üzvümüz vardı. Amma yanvarın 13-dəki mitinq zamanı bizə xəbər gəldi ki, Cəlilabadda rus qoşunları camaatı qırır. Ona görə biz məcbur olub oraya yollandıq.
Yalnız Hökumət Evunun arxasındakı binadan  bir erməni qadını yerə atmalarının şahidi oldum. Qadını yuxarı mərtəbənin eyvanından qaldıraraq aşağı atmağa hazırlaşanlar aşağıdakılara qışqırırdılar ki, bunun fotosunu çəkin. Yerdən biz, camaat nə qədər qışqırdısa ki, atmayın, xeyri olmadı, atdılar və  fotoları da çəkdilər. Kim üçün çəkdirirdilər o fotoları. Əlbəttə, ermənilərin xaricdə Azərbaycana qarşı təbliğat aparması üçün…
Bilirsiz, təxribat çox planlı və güclü şəkildə hazırlanmışdı. Həmdə bunu bir yerdə yox, çox yerdə etdiklərindən bizim də qarşısını almağa gücümüz çatmazdı…
– Bu gün Ermənistandan Sarkisyana müxalifətdə olan şəxs kimi gəlib Bakıda Xocalı abidəsinin qarşısında baş əyən Avetiyanların, Caqinyanların, Martirosyanların səmimiyyətinə inanmaq olar? 
– Böyüklər deyir ki, yol yoldaşını yezid bil, imam olsa, lap yaxşı… Yəni heç vaxt birlikdə yola çıxdığın yoldaşa tam etibar etmə, işini ertibarlı tut. Yoldaşın imam olsa, lap yaxşı. Yezid də olsa, xatası yoxdu, çünki əvvəldən tədbirini görmüsən. Amma yenə də ermənilərdən də istifadə etmək lazımdır. 1991-ci ilin məşhur “Üzük” əməliyyatı zamanı Çaykənd və ətraf kəndlərin boşaldılmasında ermənilərin arasında bizimkilərə nə qədər kömək edənlər oldu.
Onu da yadımızdan çıxarmayaq ki, monqollar hər hansı bir ərazini işğal etməmişdən öncə tacirləri göndərib kəşfiyyat işlərini qurar, həmin dövlətlərin zəif cəhətlərini öyrənər, ondan sonra isə gözlənilmədən hücuma keçərdilər. Bu mənada Bakıya gələn ermənilərin nəinki səmimiyyətinə, heç bir sözünə etibar etmək olmaz. Onlar tarix boyu üzümüzə gülüb başımızı aldadıblar…
Bu yerdə “Tövbə” Cəmiyyətinin fəal üzvlərindən biri Hacı Əbdülün  yaxın silahdaşı Qulu Həsənov söhbətə qoşulmaq üçün izn istəyir.
Qulu Həsənov:
– Hacını ermənipərəstlikdə suçlayanlara xatırladım ki, onun başçılıq erdiyi “Tövbə” Cəmiyyəti 1988-ci ildən başlayaraq Qarabağda erməni quldurlarının hücumlarından əziyyət çəkən soydaşlarımıza kömək üçün əlindən gələni edib. Cəmiyyət üzvləri ən qaynar  nöqtələrə yollanıb ərzaq və silah yardımı aparıblar.
– Doğrudurmu, Hacı?
– Bəli. O kəndlərin sakinləri də yaxşı xatırlayar. Cəbhəçilər burda meydanda populist çıxşlar edəndə biz həftədə bir dəfə  vertolyotla Ağdama uçub, ordan da İmarənt-Qərvəndə həm yardım aparır, həm də üzvlərimiz növbə ilə gedib əllərində silah erməni kəndi ilə qonşu olan soydaşlarımıza gecə-gündüz keşik çəkirdilər…
Qulu Həsənov:
– Xalq Cəbhəsi Ağdam şöbəsinin rəhbəri Təhmasib Novruzov 2013-cü ildə Bakıda Beynəlxalq Mətbuat Mərkəzindəki bir ictimai tədbirdə camaata üzün tutub dedi ki, sizin çoxunuzun Hacı Əbdülün Qarabağ üçün gördüyü gizli işlərdən xəbəriniz yoxdu. Doğrudan da o vaxtadək bizim çoxumuzun  bundan xəbəri yox idi. Dedi, Hacı, yadınızda dəmiryol vağzalında yunla dolu kisələri gətirib vaqona yüklətdiniz ki, bunları aparın Ağdama lazımınız olar. Sonradan məlum oldu ki, həmin kisələrin içində yunun arasında silahlar var imiş…
“Tövbə” Cəmiyyətinin üzvləri Qarabağ uğrunda döyüşlərdə də fəal iştirak ediblər. Onlardan biri də Adil Həsənovdur. O, Şuşada qəhrəmancasına şəhid olmuş bakılı yəhudu Albert Aqarunovun da üzvü olduğu  Hacının yaratdığı könüllü batalyonun üzvü idi. Albert şəhid olandan sonra yoldaşlarından heç kəs onun tankına girib sürməyə  ürək etməmişdi. Adil həmin tankı sürərək camaatın Şuşadan salamat çıxmasına kömək etmişdi. 1993-cü ildə  Qızıl Kəngərli ilə Papravəndin arasındakı son döyüşündə  şəhid oldu. Hazırda Şəhidlər Xiyabanında uyuyur…
– Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
moderator.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button