ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bəxtiyar Hacıyev: “İlham Əliyev mənə xəbər göndərmişdi ki, gənclər siyasəti sahəsində…”

“Bayaqdan pişikdən danışıram, diqqətlə qulaq asırsınız, sözümü kəsmirsiniz”

Bir il dörd aydır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, o, Prezident İlham Əliyevin çağırışına inanaraq Azərbaycana qayıdıb və buna görə özünü günahkar sayır. Onun sözlərinə görə, 2015-ci ildə Çexiyanın paytaxtı Praqada yaşamaq qərarı versə də, ölkə başçısı ona məmurlar vasitəsiylə xəbər göndərərək, Bakıya qayıtmağa çağırıb.
“İşimi, şəxsi həyatımı Praqada qurmaq, orada yaşamaq qərarı vermişdim. İlham Əliyev məmurlar vasitəsilə xəbər göndərib, məni Bakıya çağırdı. Administrasiyadan mənimlə əlaqə saxladılar. Ölkəyə qayıdıb, gənclər siyasəti sahəsində kömək etməyimi istədilər. Mən də inanıb, Bakıya qayıtdım. Mənim yeganə günahım budur ki, buna razılıq verdim. Gələndən sonra Azərbaycanda təhsil, tələbələrlə bağlı müəyyən işlər qurdum. Bir müddət sonra artıq sıxışdırmağa başladılar. Ölkəyə qayıtmasaydım, bunlar baş verməyəcəkdi”, – Bəxtiyar Hacıyev məhkəməsində danışıb.
İctimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.
Aprelin 5-də keçirilən məhkəmə prosesində Bəxtiyar Hacıyevin onun işi üzrə iclasların tez-tez keçirilməsini, prosesin qısa müddətdə yekunlaşmasını istəyib.
“16 ay istintaq gedib, 5-ci aydır məhkəmə gedir. Proses sonsuza qədər uzana bilməz. Mən bu sistemin qurbanı olmaq istəmirəm”, – ictimai fəal bildirib.
Azərbaycanda baş verən son siyasi proseslərə toxunan Bəxtiyar Hacıyev ABŞ Dövlət katibi Entoni Blinkenlə Prezident İlham Əliyev arasındakı telefon danışığı zamanı Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması məsələsinin müzakirə olunduğunu xatırladıb. Bu zaman hakim onun sözünü kəsib və çıxışını davam etdirməsinə imkan verməyib. Hakim ondan ittihamların mahiyyəti barədə danışmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi
“Bu, hüquqi proses deyil, siyasi prosesdir, ona görə də mən də siyasi məsələlərdən danışacağam”,– deyən Bəxtiyar Hacıyev söyləyib ki, heç hüquqi sualları da cavablandırmayacaq:
“Bu cinayət işi saxta, qondarma, primitiv şəkildə hazırlanmış bir işdir. Bu işdə hüquqdan nəsə yoxdur ki, mən də bu barədə danışım. İttihamların əsassızlığıyla bağlı eyni şeyləri təkrarlamaqdan yorulmuşam”.
Prokuror Eldar Həmzəyev ondan beynəlxalq təşkilatlardan qrant vəsaitlərini necə alması barədə soruşub.
“Narkotiklərdə necə olur, bu da elə. Dedilər, Binəqədidədi, mən də getdim, götürdüm…”, – ictimai fəal ironiya ilə cavab verib.
O bildirib ki, Gürcüstanda bank hesabının olması, oradan vəsaitləri qaçaqmal yoluyla Azərbaycana gətirməsi barədə ittihamda yazılanlar yalandır:
“Mənim orada bank hesabım olmayıb. Bunu Gürcastanın hüquq-mühafizə orqanlarının Azərbaycana göndərdiyi məktublar da təsdiqləyir. Qaçaqmal yoluyla pul gətirməyimə gəlincə, göstərsinlər ki, nə vaxt, harada olub? Mən xaricdən gələndə üstümdə 50-100 dollar nağd pul olurdu. Çünki ödəmələri adətən kartdan eləyirdim. Mən 2019-2022-ci illərdə ümumiyyətlə, Gürcüstana getməmişəm. Tamamilə yalandır yazılanlar”.
Bəxtiyar Hacıyev sualları cavablandırarkən bloger Ülviyyə Alovlu (Muradova) ilə əlaqədar ona verilmiş xuliqanlıq ittihamı haqda danışıb. O bildirib ki, Ülviyyə Alovlunu nə vurub, nə də təhqir edib:
“O, bilə-bilə yalan danışır. O, Daxili İşlər Nazirliyinin mənə qarşı təxribat planının bir parçası olub. Baş verənlər də məni təxribata çəkmək üçün xüsusi qurulmuş əməliyyat olub”.
İddia olunur ki, Ülviyyə Alovlu ilə Bəxtiyar Hacıyev arasında qalmaqal onların hər ikisinin pişiklərinin balasına görə başlayıb. İctimai fəalın sözlərinə görə, Ülviyyə Alovlu Prezident, Vitse-prezident, Ədliyyə naziri, Daxili İşlər naziri və s. qurumlara məktublarında da bu barədə yazıb. Hakim Bəxtiyar Hacıyevdən pişik balasına görə başlanan mübahisə barədə soruşub, o da baş verənləri danışıb.
“Mən siyasi məsələlər barədə danışanda, hansısa siyasi fiqurun adını çəkəndə dərhal sözümü kəsirsiniz. Amma bayaqdan pişikdən danışıram, diqqətlə qulaq asırsınız, sözümü kəsmirsiniz”, – Bəxtiyar Hacıyev əlavə edib.
Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi aprelin 18-də davam edəcək.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib. İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button