ArxivXəbərlər

Bakıda satılan dönərlərlə bağlı ŞOK faktlar

Yəqin ki, bir neçə gün öncə dönərxanaların birində siçovulun dönər əti üstündə “əyləndiyini” izləmişdiniz. Bu hər kəsin narazılıq və narahatlığına səbəb oldu. Biz də FaktXəbər olaraq günümüzün ən sevimli fast fud yeməklərindən birinin keyfiyyəti və sanitar vəziyyəti barədə araşdırma aparmağa qərara aldıq. Ümumiyyətlə, görəsən, Bakının dörd bir yanında fəaliyyət göstərən bu dönərxanalar aidiyyatı qurumlardan sertifikat alıblarmı?
“Memar Əcəmi” metrosu ətrafında araşdırmaya start verdik. İlk araşdırmamız “Kardeşler” restoranındakı dönərxanada oldu. Küçədən dönərə baxanda insan restorana yaxınlaşmaq istəyir. Biz də yaxınlaşdıq və dönərin ətinin sertifikatının olub-olmadığını soruşduq. Özünü təqdim etməyən şəxs ilk əvvəl kobudluqla bizi qarşılasa da, jurnalist vəsiqəsini təqdim etdikdən sonra suallarımızı cavablandırdı. Bildirdi ki, həmin sənədlər var, lakin hazırda restoranda deyil, obyektin sahibindədir və mərkəzi ofisdə saxlanılır. Varlığını eşitsək də, sertifikatın özünü görməyib yolumuza davam etdik.

“Dayının Basdırma Dönəri”ni görmək üçün dayının yanına getdik. Bizi dayı deyil, cavan dönərçi qarşıladı. Ətin sertifikatını soruşduq və fürsətdən istifadə edib gigiyenik vəziyyətə baxdıq. Dönərçi sənədi axtrsa da, tapa bilmədi. Müdirə zəng edib sertifikatı soruşdu. Telefon danışığından sonra həmin cavan bildirdi ki, sertifikat müdirdədir, əti qarşıdakı dükandan alırıq. İçəridə gigiyenik vəziyyəti qənaətbəxş saymaq olardı.

Dönərə baxış üçün “Elif Marmaris”, “Antep Lahmacun” restoranlarına və “Arzu” şirniyyat evinə yaxınlaşdıq. Hər üç obyektin nəzarətçiləri sertifikatın olduğunu söylədi, ancaq sertfikatın müdirdə olduğunu bilsək də, müdirin harada olduğunu nə vaxt gələcəyini bilmədik. “Elif Marmaris”in administratoru dönərə yaxın gəlməyə qoymadı və hətta şəkil çəkməyə icazə vermədi. “Antep Lahmacun”un kassiri dönərə baxış keçirməyə imkan yaratdı. Gigiyenik vəziyyəti burada da qənatbəxş hesab etmək olardı.
“Arzu” şirniyyat evində xanım az qalsın, bizi döyəcəkdi. Ancaq vəsiqəni tələb etdikdən sonra xanım arada bir təbəssüm etməyə başladı. Burada gigiyenik vəziyyəti əvvəlkilərə nisbətən zəif olduğunu gördük.

Araşdırmanın davamında sertifikatı olan ilk dönərxana çıxdı. Açığı bizi bu hetrətləndirdi. Çünki əvvəlki araşdırma apardığımız dönərxanalara nisbətən bu obyektin bahalı və cəlbedici reklam lövhəsi yox idi. “Basdırma dönər” yazısı ilə dönər satan bu cavan oğlanı sertifikatla da şəklini çəkdik. Obyektin gigiyenik vəziyyəti normal idi. Daha bir sertifikatı olan “Türkoğlu” restoranı idi. Obyektin sahibi bizə sənədi göstərsə də, şəkil çəkməyə icazə vermədi. Burada da obyektin gigiyenik vəziyyətini normal gördük.

“Başkent Lahmacun”da araşdırmamızı davam etdirdik. Burada gigiyenik durum normal olsa da, gigiyenik sertifiatı görə bilmədik. Özünü təqdim etməyən şəxs bildirdi ki, ət və gigiyenik qaydalarla bağlı sertifikatların obyektin sahibindədir. Həmin şəxsin icazəsi ilə içəridə dönərin şəkillərini çəkdik.

Növbəti araşdırmamız paytaxtın bir çox yerlərində fəaliyyət göstərən “Çudo Peçka” şirniyyat şəbəkəsində davam edir. Burada hər bir şəraitlə tanış edən administrator sertifikatların surətinin dönərin satıldığı yerdə divara vurulduğunu söylədi. Biz də həmin sertifikatları müdirlərin evlərində deyil, məhz dönərin satıldığı yerin divarında gördük. Gigiyenik vəziyyət də gözqabağında idi.

“Çudo Peçka”dan ayırıb “möcüzə” dolu dönərxanaya getdik. Bu dönərxananın xüsusi özəlliyi bu idi ki, sağında zibil yeşikləri , solunda isə tualet var idi. Yaxınlaşıb dönərə baxmaq istədim. Dönərin satışının olmadığını görəndə sevindim. “3-cü mikrorayon” dairəsindəki dönərxanalar avtobus dayanacaqlarının qarşısında idi. Tüstüdə insanlar bu dönərlərdən yeyirdilər. Gigiyenik qayda da bərbad idi. Dediklərinə görə isə sertifikatlar dönərxana sahiblərindədir.

Daha acınacaqlı vəziyyət “Velotrek” ticarət mərkəzindəki dönərxnalar idi. Burada da insanlar dönər alırdılar. Sumqayıt maşınlarının və avtobusların yarımmetrliyində fəaliyyət göstərən dönərxanaların gigiyenik vəziyyətinə baxmaq isə hər oğulun işi deyildi. Tüstüdən və tozdan hər şey görünürdü. Üstəlik həmin yerdə ətin necə hazırlandığını da gördüm. Kaş görməsəydim…

Gigiyena və Epidemiologiya Mərkəzindən – RƏSMİ AÇIQLAMA
Araşdırmanı sona çatdırıb Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev ilə əlaqə saxladıq. İmran Abdullayev bildirdi ki, indiyənədək 5 müəssisəyə çiy dönərin istehsalı ilə bağlı sertifikat verilib. Sumqayıt şəhərində Sultan restoranı nəzdində fəaliyyət göstərən dönərxanaya sertifikat təqdim edilib. Ancaq müəssisə daxilində çiy dönərin satışına icazə verilib, kənar yerlərə çiy dönərinin satışına ixtiyar verilməyib. Abşeron rayonu Məhəmmədi kəndində Hilal Aqro müəssisəsinə sertifikat verilib və bu müəssisə çiy dönərin istehsalı və topdansatışına icazə vermişik. Ötən il Böyük Fırat restoranlar şəbəkəsi və Çudo Peçka şirniyyat mərkəzlərinə sertifikat verilib. Bundan əvvəlki illərdə də sertifikat verilib, ancaq həmin müəssisələr hazırda fəaliyyət göstərmir. Dönər istehsalına icazə verilən müəssisələr yalnız bunlardır. Yoxlamalar zamanı mərkəzin iş prinsipi dönər ətinin mənşəyinin müəyyənləşməsidir. Yəni dönər satılan yerdə ətin sertifikatsız hazırlanması qanunsuzdur. O ki, qaldı dönərxanaların özlərinin gigiyenik durumuna biz onlarla daim tədbirlər görürük, bir çoxlarını bağlayırıq. Ancaq burdan bağlayırsan, gedib ayrı yerdə dönərxana açır. Bu işdə məsuliyyətin böyük bir hissəsi də ticarət mərkəzlərinin sahiblərinin üzərinə düşür. Çünki onlar mənfəət əldə etməyə xatir 2-3 kv.metrlik bir yer verir və nəticə də göz qabağında olur./birlik/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button