ArxivXəbər lentiXəbərlər

“Azərbaycanda olan-qalan tənqidçi jurnalistlər də əzilir”

Sərhədsiz Reportyorlar beynəlxalq hüquq müdafiə təşkilatı (RSF) Azərbaycanda mediaya təzyiqlərlə bağlı bəyanat verib. Təşkilat təzyiqlərin yeniləndiyini bildirir və bunu pisləyir. Qurum son vaxtlar ölkədə azı 15 bloqçunun və media nümayəndəsinin, o cümlədən müstəqil jurnalistlərin saxlandığını vurğulayır, onları dərhal azadlığa buraxmağa çağırır.

Yeni təzyiq kampaniyasının qurbanları siyahısında bu günlərdə 7 illik həbs cəzasına məhkum edilmiş jurnalist Fikrət Fərəməzoğlunun adı çəkilir. Bildirilir ki, onun jurnalist fəaliyyətinə iki illik qadağa da qoyulub. Jurnalist bir restoran sahibindən pul tələbetmədə təqsirli bilinsə də, özü və vəkili ittihamın qondarma olduğunu deyir. Həyat yoldaşı Fərəməzoğluna həbsdə işgəncə verildiyini açıqlayıb.
Bəyanatda jurnalist Nicat Əmiraslanova inzibati həbs cəzasının verilməsinə də toxunulur. Deyilir ki, jurnalist sosial şəbəkələrdə hakimiyyətlə bağlı tənqidi yazılarından sonra saxlanıb, 30 sutkalıq cəza alıb. Vəkili onun hədələndiyini, apellyasiya şikayətini geri çəkməyə məcbur edildiyini söyləyib.

“Həbs, işgəncə və qondarma ittihamlarla məhkumluq Azərbaycanda müstəqil jurnalistlərdən ötrü bir normaya çevrilib. Bu, hakimiyyətin ölkədə qalan tənqidçilərə yekun zərbə vurmaq istəyini göstərir.
Saxlanmış bütün jurnalistlər dərhal buraxılmalıdır. Bu, təcili həyata keçirilməlidir. Çünki onlardan bəzilərinə işgəncə verilir və ciddi sağlıq problemləri var. Biz Azərbaycan hökumətinin beynəlxalq tərəfdaşlarını ona insan haqları öhdəliklərini xatırlatmağa səsləyirik”, – deyə bəyanatda bildirilir.

Daha sonra sənəddə hazırda istintaqı gedən media nümayəndələrindən bəhs olunur. Bunlar Tbilsidə oğurlanıb Bakıya gətirilən jurnalist Əfqan Muxtarlı, “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucov və “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlidir.

RSF onlayn media orqanlarına təzyiqlərdən söz açır, onların «yenilənmiş enerjiylə» təqib olunduğunu bildirir. Qeyd edir ki, mayın 12-də məhkəmə beş müstəqil saytı bağlayıb.

Bəyanatda İlham Əliyevin ailə hakimiyyətini möhkəmlətmək üçün atdığı addımlara da yer ayrılır. Qeyd olunur ki, İ.Əliyev səlahiyyətlərini ötən ilki sentyabrda keçirilən referendumla artırıb. 2017-ci ilin fevralında isə həyat yoldaşını birinci vitse-prezident təyin edib. “Onun həyat yoldaşının birinci vitse-prezident təyin olunması rejimin hakimiyyəti öz əlində saxlamaq arzusunu göstərir”, – deyə sənəddə bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button