ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda hələ də autizmli şəxsləri hərbi xidmətə çağırırlar

Autizmli övladı olan Aytən Eynalova bildirib ki, dövlətin ayırdığı vəsait problemləri həll etməyə yetmir, inklüziv təhsil isə yox səviyyəsindədir.
Sputnik. ünya Autizm Məlumatlandırma Günüdür. Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi “Dünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır.
Azərbaycanda vəziyyət necədir və bu cür şəxslərin cəmiyyətə inteqrasiyasında əsas problemlər nədən ibarətdir?
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalovanın övladı da autistdir. Həmsöhbətimiz ixtisasca bioloqdur. Amma 18 il öncə, övladı 2 yaşında ikən onun autizmli olduğunu bildikdən sonra işləməkdən imtina edərək həyatını ona həsr edib. 18 il autizmi araşdıran, övladına görə daha çox maariflənən ana zamanla daha da püxtələşib. 2013-cü ildə həyat yoldaşı ilə birgə adıçəkilən ictimai birliyi yaradan Aytən Eynalova bu sahədə daha sonra bir sıra irəliləyişlərə də nail olub. Artıq bu İctimai Birliyin nəzdində autizmdən əziyyət çəkən uşaqlar üçün pulsuz bir mərkəz də fəaliyyət göstərir.
Problemlər nədən ibarətdir?
A.Eynalova hesab edir ki, əsas problem autizmli şəxslərin inteqrasiyası üçün cəmiyyətimizin kifayət qədər maariflənmiş olmamasıdır: “Autizmli şəxslərin cəmiyyət tərəfindən qəbul olunmağa böyük ehtiyacları var. Onların həmçinin inklüziv təhsilə cəlb olunmağa da böyük ehtiyacları var. Təəssüf ki, inklüziv təhsil çox inkişaf etməyib, bunu biz sadəcə olaraq qanunvericilikdə kağız üzərində görə bilərik. Düşünürəm ki bu istiqamətdə daha vacib addımlar atılmalı, nəticəyönümlü layihələr icra olunmalıdır”.
Onun övladı da təhsil ala bilməyib: “Hazırda övladımın 20 yaşı var. Onun məktəb yaşında təhsil prosesi inklüzivliyə hazır olmadığından, o təhsil almayıb. Sadəcə, müəyyən kurslara yönəltməklə onun təhsil almasına nail olmuşam. Davamlı olaraq 18 il övladımı müxtəlif kurslara aparmışam”.
Eynalova digər problemin statistikanın aparılmaması olduğunu qeyd edib. Həmsöhbətimiz bildirir ki, dünyada hər 36 uşaqdan biri autizmlə dünyaya gəldiyi və bunun statistikası olduğu halda Azərbaycanda bununla bağlı rəqəmlər yoxdur.
Belə uşaqlara görə erkən yaşda müdaxilənin vacibliyindən danışan A.Eynalova bildirir ki, bu uşaqların təhsili, gələcək karyera imkanları çox önəmlidir. Çünki bu şəxslər başqa cür cəmiyyətdə heç cür özlərinə yer tapa bilmirlər: “Sahibkarlar bu mövzuda məlumatsızdırlar. Onlar ümumiyyətlə övladlarımıza qapı da açmırlar. Bu istiqamətdə də ciddi işlərin görülməsinə ehtiyac var”.
Ana qeyd edir ki, autizmli şəxslərin hərbi xidmətə çağrılması problem olaraq qalır: “Övladımız autizm xəstəsi kimi rəsmi qeydiyyatdadır. Onun hərbi xidmətə yararsız olmasını sübut etmək üçün dəfələrlə get-gələ düşdük. Təbii ki, yollarda qalmaq övladımız və bir ailə olaraq bizə çox çətin idi. Təəssüf ki, bu uşaqlar hərbi xidmətə çağrılırlar. Qanunvericiliyə bu istiqamətdə dəyişikliklər edilməlidir”.
Autizimli uşaqlarla bağlı digər problem isə kadr çatışmazlığıdır. Eynalovanın fikrincə, elmi əsası olmadan bu uşaqların həyatına hansısa müdaxilə edilməməlidir. Əks halda bu uşaqlara daha böyük zərbələr dəyəcək.
O, belə valideynlərə psixoloji və maddi yardımların da önəmindən danışıb. Bildirib ki, ailələrə bu uşaqların təhsil və səhiyyə xərcləri üçün yardımlar çox önəmlidir:
“Bu dəstəyin yetərli səviyyədə olması üçün qanunvericilikdə dəyişikliyə ehtiyac var. 18 yaşınadək autizmli şəxsərə görə aylıq 220 manat, onların qəyyumuna 80 manat ödənilir. Lakin bu uşaqların təhsil prosesi üçün xərclər 250 manatdan başlayır. Səhiyyə və s. xərclər də əlavə olunduqda, bu uşaqlara görə daha çox vəsaitin tələb olunduğunu görə bilərik. 18 yaşdan sonra isə bu şəxslərə görə pensiya verilir. Hazırda oğlum Həmzə 1-ci dərəcəli əlildir və 470 manat pensiya alır. Lakin belə şəxslərin xərcləri çoxdur, təhsil prosesi çox bahalıdır, odur ki, 470 manat heç nəyə çatmır”.
Qeyd edək ki, artıq “AzerGold” və Heydər Əliyev Fondunun dəstəyi ilə İctimai Birliyin Gəncədə də bir mərkəzi fəaliyyətə başlayıb.
Autizm nədir və statistika nədən ibarətdir?
Autizm sindromu ilk dəfə psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin olunub. Kanner 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək, bu sindroma “erkən uşaqlıq Autizmi” adını verib. Daha sonra 1944-cü ildə isə Avstriyalı psixiatr Hans Asperger də bir qrup uşaqda gördüyü bəzi davranışları “Autist Psixopatiya” olaraq adlandırıb.
Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi yəni 70 milyona yaxın insan autizmdən əziyyət çəkir. Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklər sırasında da bu sindromdan əziyyət çəkənlər çoxluq təşkil edir. Autizm sindromlu uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin ilkin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz uşağın 3 yaşında qoyula bilər. Lakin, valideynin uşaqda olan dəyişikliyi daha tez hiss etməsi mümkündür. Bu sindromun müxtəlif növləri var. Bunlardan Asperger sindromu, atipik autizm və uşaq autizmi son dövrlərdə daha geniş yayılıb. Uşaq autizmində 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər xarakterikdir. Bu xəstəliyin irsilik dərəcəsi çox azdır.
Ümumilikdə, autizm müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk üç ili ərzində ünsiyyət və sosial bacarığın olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks bir inkişaf pozuntusudur.
Autizmin ağır və yüngül dərəcələri var. Autizmin əsas xüsusiyyətləri nitqi qavramamaq, özünəqapanma, mümkün dəyişikliyə kəskin reaksiya vermək, eyniliyi davam etdirməyi tələb etmək, zaman və məkan anlayışlarının olmaması, insanlarla sosial münasibətlərin zəif olmasıdır. Bu sindroma səbəb olaraq irəli sürülən ehtimallar genetik faktorlar, genetik uyğunsuzluq, sosial faktorlar, psixoloji səbəblər olaraq sıralanır.
Qeyd edək ki, Azərbaycanda belə uşaqlarla bağlı konkret statistika yoxdur. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
qafqaz.ir.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button