ArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

AİP mübarək Ramazan ayının sona yetişməsi və Fitr bayramının gəlişi münasibətilə xaiqımızı təbrik etdi. Qurumun Mətbuat Xidmətindən redaksiyamıza daxil olan təbrikdə deyilir:

“Əziz həmvətənlərimiz, qardaş və bacılar! Sizi on bir ayın sultanı mübarək Ramaz ayının sona yetişməsi və Fitr bayramının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirik. Allahın bu rəhmət və məxfirət ayında ibadətlərinizin, tutduğunuz orucun, etdiyiniz duaların, Yaradan qarşısında hər növ itaətlərinizin qəbul olunmasını, günahlarınızın bağışlanmasını arzulayırıq. Allahdan  evlərinizə, ailələrinizə bu ayın fəzilət, bərəkət, rəhmət və mərhəmətinin nazil olmasını diləyirik.

Ramazan Allahın buyurduğu hikmət dolu bir aydır. Bu ayın əməlləri insanları və ümumən cəmiyyətləri paklığa, birliyə, bərabərliyə, fərdləri nəfslərilə mübarizəyə çağırır. Başqa sözlə, Ramazan İlahi, mənəvi kamillik yolunun açarıdır. Bu ayın bütün fəzilətlərilə bəhrələnən insanlara Allahın böyük və tükənməz rəhməti nəsib olur.

Ramazan ayının ən başlıca ilahi dəyəri bu ayda müqəddəs Qurani-Kərimin yer üzünə nazil olmasıdır. Məhz bu ayın Qədr gecələrinin birində insanlığa ən doğru yolu göstərən, bu yolu xilqətə açıq dəlilləri ilə aydınlaşdıran, haqqı batildən ayıran Qurani-Kərim lövhi-məfhuzdan tam şəkildə nazil olub. İlahi ziyafət ayı Ramazan həm də müsəlmanların vəhdət ayıdır. Bu ayda İslamın əzəməti daha da güclənir, insanların öz fitrətinə qayıdışı baş verir. Bu yüksək dəyərli əlamətlər qarşısında müsəlman torpaqlarına göz dikən, onlara zülm edən qəsbkar düşmənlər çox zəifdirlər. Qüdsün, Fələstin torpaqlarının, İraq, Suriya,Əfqanıstan, Kəşmir, Yəmən, Bəhreyn, Dağlıq Qarabağ torpaqlarının azad edilməsi məhz müqəddəs dinimizin, Ramazan ayının bizə təlqin etdiyi bu vəhdətdən, birliyimizdən keçir, bizi qələbəyə yaxınlaşdırır. Ramazan mərhəmət ayıdır. Fitr gecəsi hər kəs yoxsul, ehtiyac içərisində olan bəndələri düşünərək onlara əl uzatmağa çalışır. Ona görə də yer üzünün bütün müsəlmanları mübarək Ramazan ayının sonunu, Fitr gününü səbirsizliklə gözləyir, bu bayramı sevinclə qeyd edirlər.

Amma onu da qeyd etməliyik ki, dünyanın hegemon qüvvələri ölüm caynaqlarıyla müsəlman torpaqlarında kəndləri, şəhərləri dağıdır, insanları evsiz-eşiksiz qoyur, ailələri, valideynlərini itirmiş körpələri vətənlərindən didərgin salırlar. Ədalətsiz müharibələrin qurbanları bu əziz bayramı sevinclə qeyd etməkdən məhrum olurlar. Təəssüflər olsun ki, ölkəmizdə də ədalətsizliyə məruz qalan  bir çox insanlar bu mübarək günləri cəmiyyətdən təcrid olunmuş şəkildə- məhbəsdə qarşılayır,  baş verən haqsızlıq ucbatından bir çox  ailələr bayramı niskil içərisində keçirir.  İslamın müqəddəs dəyərlərinin daşıyıcıları olan ruhanilərin  terrorçulardan fərqləndirilməməsi İslam düşmənlərini sevindirir.  Arzu edək ki, günahsız yerə həbs olunmuş siyasi, vicdan, İslam  məhbuslarının haqqı tezliklə bərpa olunsun, ailələrinə qovuşsunlar.

Bir daha bərəkətli və mübarək  Ramazan Bayramı münasibətilə xalqımızı  təbrik edir, tutulan orucların, ibadət və itaətlərin qəbul olunmasını Uca Allahdan  diləyirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button