ArxivXəbər lentiXəbərlər

Azərbaycan İslam Partiyası Pakistan xalqına başsağlığı verdi

Azərbaycan İslam Partiyası martın 27-də Pakistanın Lahor şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən teror aktına görə Pakistan xalqına başsağlığı verib.

 Başsağlığında deyilir.

 Dost və qardaş ölkə kimi tanıdığımız Pakistan xalqına Lahor şəhərində baş verən və çoxsaylı insanların faciəli tələfatı ilə nəticələnən terrakta görə kədərləndiyimizi bildirir, bu amansız vəhşiliyi törədənləri, onları himayə edənləri lənətləyir, müsəlman Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik.

Biz Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan olan Pakistan xalqının vaxtilə erməni qəsbkarlarının və terrorçu dəstələrinin xalqımıza qarşı törətdikləri vəhşiliklər zamanı yaşadıqları acı hissləri yaşayır, dərdinizə şərik oluruq. Dünyanı lərzəyə gətirən bu qeyri-insani fəsadların ən faciəlisinin məhz Lahorda baş verməsi bütün müsəlmanları, həmçinin bizi də dəhşətə gətirmişdir. Baş verən terrordan daha çox körpə uşaqların tələf olması onu törədənlərin nə qədər amansız olmasının göstəricisidir.

 Digər tərəfdən dildə terrora qarşı çıxış edən, amma Pakistanda baş verən bu ağır terraktın dinc ölkədə törətdiyi qanlı faciəyə görə gözlənilən reaksiyanı verməyən ölkələrin bu soyuq davranışı bizi təəccübləndirir. Müsəlmanları müharibə və terrorlarla üz-üzə qoyan güc mərkəzlərinin niyyəti bəllidir-müsəlmanları və İslam dövlətlərini zəiflətmək.

 Hesab edirik ki, istər hər hansı bir terror hərəkatlarına və terroru yaradan səbəblərə, istərsə də bu ideologiyanı yaradan mərkəzlərə qarşı birgə mübarizə aparmaq üçün müsəlman birliyinə nail olmaq lazımdır. Bundan ötrü ilk növbədə İslam dininin əsl mahiyyətini öyrənməli, mənimsəməli, əməlimizdə ona itaət etməliyik. Guman edirik ki, azadlığımızı ancaq bu yolla əldə edə bilərik.

Biz Lahordakı faciə qurbanlarına Allahdan bir daha rəhmət diləyir, bütün Pakistan xalqına başsağlığı veririk. Allah rəhmət eləsin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button