ArxivIslamXəbər lentiXəbərlər

Aqil Hümbətov Psixiatriya Xəstəxanasından buraxılmayıb

  • 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətov daha bir ay xəstəxanada qalacaq.

Bu barədə Turana  Hümbətovun həyat yoldaşı Aygün Hümbətova məlumat verib. “Həkimlər yoldaşıma demişdi ki, onu mayın 2-də evə buraxacaqlar. Dünən gözlədim sonra isə özüm dispanserə zeng etdim. Yoldaşımla danışdım. Aqil mənə dedi ki, həkimlər ona bir ay daha qalmalı olduğunu, sağlam olmadığını dedilər. Onu qondarma komissiyadan keçiriblər və belə deyiblər. Hələ bir ay sonra buraxılıb-buraxılmaması dəqiq bilinmir. Onların mənim yoldaşlmı buraxmaq fikirləri yoxdu. Aqil mənə demişdi ki, əgər onu ayın əvvəli buraxmasalar aclıq aksiyasını edəcək. İndi bilmirəm onun vəziyyəti necədir”.

Məsələ ilə bağlı 1 saylı Psixiatriya Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.

 

Aprelin 1-də Sabunçu rayon Məhkəməsinin hakimi Samir Talıbovun çıxardığı qərarda A.Hümbətovun məcburi müalicə üçün xəstəxanaya salınması barədə müraciətə “yox” deyilib. Bundan ötrü məhkəməyə ərizəni Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov verib. Baş həkim ərizəsində yazıb ki, Həkim-Məsləhət Komissiyası onun “şəxsiyyətin paranoyal tip pozuntusu” diaqnozuyla xəstəlikdən əziyyət çəkməsi, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib. Amma məhkəmə belə nəticəyə gəlib ki, komissiyanın rəyində A.Hümbətovun iradəsinə zidd şəkildə xəstəxanada saxlanmasının hansı zərurətdən irəli gəlməsi əsaslandırılmayıb.

Hakim bu qərarı aprelin 1-də elə xəstəxanada verib. Onda A.Hümbətov iki gün idi ki, artıq orada saxlanırdı. Məhkəmə qərarında göstərilib ki, A.Hümbətov həmin vaxt xəstəxanaya Xəzər rayonu, 1-ci polis bölməsinin məktubu əsasında salınıb. Polis məktubda yazıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var.

Bu məhkəmə qərarından dərhal sonra – aprelin 1-də axşam saatlarında A.Hümbətov evinə buraxılıb. Aprelin 2-də isə Apellyasiya Məhkəməsindən sonra yenidən xəstəxanaya salınıb.

Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə üç azyaşlı uşağını dolandırdığını vurğulayan A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi. Martın 31-də isə xəstəxanaya salınmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button