ArxivXəbər lentiXəbərlər

“APA Holding”in rəhbəri İranın İRNA xəbər agentliyində olub

Tehranda səfərdə olan “APA Holding”in prezidenti Vüsalə Mahirqızı səfərin son günü İran İslam Respublikasının İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Məhəmməd Xudadadi ilə görüşüb.  APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə M.Xudadadi V.Mahirqızının İrana səfəri və İRNA dövlət agentliyində qonaq olmasından məmnunluğunu dilə gətirib və  agentliyin  son nailiyyətləri və uğurları ilə bağlı məlumat verib.

M.Xudadadi İRNA-nın APA kimi fəal agentliklə birbaşa əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib: “APA agentliyi çox fəal agentlikdir və xəbər mübadiləsi, xüsusi ilə iqtisadi xəbərlərin mübadiləsi sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq.  Mən indiyədək 4 dəfə Azərbaycana səfər etmişəm və yenə də səfər etmək niyyətindəyəm. Bizim Azərbaycana olan baxışımız  qardaşlıq baxışıdır. Mən indiyədək İRNA agentliyində Azərbaycanı zəif göstərəcək ən kiçik bir xəbərin getməsinə belə icazə verməmişəm və verməyəcəyəm. Biz prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan görmək istəyirik. İki ölkə və xalqın arasında əlaqələrin inkişafında  mətbuatın rolu danılmazdır”.

 

Görüşdə “APA Holding”in prezidenti  Vüsalə Mahirqızı dəvətə görə İRNA-nın rəhbərliyinə təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumun əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib: “Ümid edirik bu əməkdaşlıqlar müsbət nəticə verəcək. Bizim agentlik üçün də iqtisadi sahədə xəbərlərin verilməsi önəmlidir və bu sahədə əməkdaşlıq etməyə hazırıq”.

 

V.Mahirqızı  “APA Holding”in müxtəlif bölmələri haqqında ətraflı məlumat verib və iki agentliyin əməkdaşlıq perspektivlərini iranlı həmkarı ilə müzakirə edib.

 

Görüşdə ikitərəfli əməkdaşlıq haqqında razılıq əldə olunub.

 

Qeyd edək ki, İRNA agentliyi xəbər yayımı sahəsində 83 illik təcrübəsi ilə İranda ən qədim xəbər agentliyi hesab olunur.  İRNA hazırda İranın müxtəlif şəhər və rayonlarında 60 nümayəndəliyi var, dünyanın müxtəlif ölkələrində isə nümayəndəliklərinin sayı 30-dan çoxdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button