ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Taleh Bağırzadənin xanımı: “Polislər bizə Şəhidlər Xiyabanına getməyə imkan vermədi”

“Dedim ki, uşaqlardan birinin atasını Nardaranda öldürmüsünüz, birini şikəst eləmisiniz, birini də şərləyib Kürdəxanıya göndərmisiz, necə gəlsinlər? 

Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin ailə üzvlərinə yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etməyə imkan verilmədiyi bildirilir. Bu barədə Meydan TV-yə danışan ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə deyir ki, Şəhidlər Xiyabanına gedəndə polislər onu və yanında olan 7 uşağı saxlayıb. Onun sözlərinə görə, hadisə yanvarın 20-də günorta saat 15.00 radələrində metronun “Elmlər Akademiyası” stansiyasının çıxışında baş verib.

Leyla İsmayılzadə danışır ki, həbsdə olan başqa bir dini inanclı fəal Ağəli Yəhyayevin xanımıyla öncədən razılaşmışdılar, “Elmlər Akademiyası”nın qarşısında görüşüb, Şəhidlər Xiyabanına birlikdə gedəcəkdilər.

“Mən metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası”na gəldim. Yanımda 7 uşaq vardı. Onlardan dördü öz övladlarım idi, biri 2015-ci ilin noyabrında Nardaran hadisəsində qətlə yetirilən Rəfael Bünyadovun oğlu, biri həmin hadisədə onurğasından güllələnərək şikəst edilən Əbülfəz Bünyadovun oğlu, biri də narkotik ittihamıyla şərlənərək həbsdə saxlanılan Mail Kərimovun oğlu idi. Eskalatordan çıxanda mülki geyimlilər bizi saxladılar. Biri dedi ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşıyıq. Əvvəl dedilər ki, sənədləri yoxlayırlar. Məni və 7 uşağı metronun qapısına yaxın bir otağa saldılar”, – Leyla İsmayılzadə bildirib.

Onun sözlərinə görə, telefonunu da alıblar, hətta görüşmək barədə öncədən razılaşdıqları və metronun qarşısında kiçik uşaqlarla birlikdə gözləyən qadına xəbər verməyə də qoymayıblar. Onları saat yarım metrodakı kiçik otaqda saxlayıblar:

Gah dedilər ki, uşaqlar itir, ona görədir bu yoxlama. Şəxsiyyət vəsiqələrini istədilər. Uşaqların vəsiqələri üstümüzdə deyildi, ona görə portala vurdular. Əvvəl mənim böyük oğlumu portalda guya tapa bilmədilər, sonra tapdılar. Bizi tapsalar da, guya mənə əmanət olunan 3 uşağın heç birinin vəsiqəsini portaldan tapa bilmədilər. Axırda da dedilər ki, “yox, sizi Şəhidlər Xiyabanına getməyə qoya bilmərik, uşaqların valideynləri gəlib onları təhvil alsınlar”. Dedim ki, uşaqlardan birinin atasını Nardaranda öldürmüsünüz, birini şikəst eləmisiniz, birini də şərləyib Kürdəxanıya göndərmisiz, necə gəlsinlər? Bu müddətdə otaqdakı mülki geyimlilərdən ikisi də sinəsinə telefonu tutub, bizi çəkir. Uşaqlara da zülm elədilər. 7 yaşlı oğlum Abbas otaqda ora-bura vurnuxur, 5 yaşlı Mehdi sürünür. Deyirəm ki, sizin uşaqlarınız yoxdur? Görmürsünüz ki, uşaq sürünür?

Leyla İsmayılzadənin sözlərinə görə, daha sonra onları məcburi şəkildə öz maşınlarına mindirib, üç uşağı bir-bir yaşadıqları evə aparıb təhvil veriblər. Onu da 4 övladı ilə birlikdə gətirib yaşadıqları evdə düşürüblər:

Onların özlərinə də dedim ki, nəyə lazımdır bu biabırçılıq? Bu, həm də şəhidlərə olan münasibətin göstəricisidir. Uşaqlar Şəhidlər Xiyabanını ziyarət edəndə nə olacaqdı?

Leyla İsmayılzadənin saxlanması haqda danışdıqlarıyla bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Taleh Bağırzadə 2015-ci ilin noyabrında Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, 6 nəfərin qətlə yetirildiyi əməliyyat zamanı həbs olunub. O, dövlət çevrilişinə cəhd, terrorçuluq, qəsdən adam öldürmə və s. ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin ilahiyyatçı və onunla birlikdə həbs olunanların hamısı bu ittihamları rədd edir, 6 nəfərin hamısı əməliyyatı keçirən polislərin özləri tərəfindən qətlə yetirildiyini bildirir.

Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın ümumilikdə 50-yə qədər üzvü həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. İnanclı fəallar bu ittihamın saxta olduğunu bildirir.

Daxili İşlər Nazirliyi həbsdə olan təşkilat üzvlərinin şərlənməsi, narkotik ittihamının böhtan olması haqda iddiaları rədd edir. Nazirlik həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button