ArxivXəbər lentiXəbərlər

AİP Baş Məclisinin növbəti iclası keçirilib

FaktXəbər-in verdiyi məlumata görə, bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin növbəti toplantısı keçirilib. Baş Məclisin gündəliyində əsasən ölkədə ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məbusların problemləri və digər məsələlər olub.

 AİP-in sədr əvəzi İlham Əliyev partiyanın qarşıdakı hədəf və planlarını açıqlayıb. Azərbaycanın müstəqillik qazanmasından sonra AİP-in təsis edilən ilk siyasi partiya olduğunu söyləyən İlham Əliyev bildirib ki, partiya bundan sonra da xalqın maraqlarının, rifahının və milli mənəvi dəyərlərinin qorunması istiqamətində fəaliyyətlərini daha da gücləndirəcək.

 Daha sonra Allah-təalanın Qurani-Kərimdə əvvəldən axıra kimi keçmiş ümmətlərin tarixinə nəzər yetirməyə dəvət etdiyini və dərs almağı tapşrdığını deyərək, bildirib ki, ancaq bəsirət əhli bundan dərs ala bilər: “Deyir bax, gör, əvvəlki ümmətlərin, Allaha qarşı hiylə işlədənlərin aqibəti nəylə nəticələndi? Yaxşıdan yaxşı ibrət alın, pis yollardan da çəkinin. Hədəf budur ki, insan yaxşını, pisi başa düşsün. Bu yöndə ən gözəl nümunə Əhli-beytin həyat yoludur. Bu yolu hər kəs öyrənsə, həqiqəti tapar. İmam Əlinin (ə) həyatına diqqət etsək görərik ki, bu qədər müsibətlərə, təzyiqlərə məruz qalmasına baxmayaraq susmuşdu. Amma bu susmaq ülvi bir hədəfin təqibi üçün idi. İmam Xanım Zəhraya (s.ə) deyirdi ki, əgər istəyirsən Qiyamətə kimi minarələrdən Rəsulallahın adı çəkilsin, bu gün mənim vəzifəm sükut etməkdir. Və ya götürək İmam Həsənin (ə) həyatını. İmam daim ətrafındakı şiələrdən zərbə görüb. Bu cür təcavüzlərin nəticəsi olaraq İmam sülhnaməni imzaladı. İmzaladı ki, həqiqi İslamı qorusun. Bu gün biz də vəzifəmiz olduqca ciddidir. Hər bir işə diqqətlə yanaşmalıyıq, ətrafımızda baş verən hadisələrə dayaz yanaşmağa haqqımız yoxdur.”

 Həbsdə olan partiya lideri Mövsüm Səmədovun vəkilinin dəyişdiyini, onunla görüşdüklərini deyən İlham Əliyev, yaxın vaxtlarda yenidən Avropa Məhkəməsinə müraciət ediləcəyini bildirib. Rayon komitələri ilə mütəmadi görüşlər keçiriləcəyini deyən partiya rəsmisi üzvlərin də fikirlərini dinləməyə hazır olduqlarını söyləyib.

 Çıxış edən partiyanın sədr müavini Akif Heydərli ölkənin sosial həyat şəraitinə mənfi yöndə təsir göstərən devalvasiyadan danışaraq, xaricdən gələn investisiyanın lazımı yöndə istiqamətləndirilməməsinə işarə edərək, insanların əlabaxımlılığa öyrəşdirildiyini bildirib. O, əhalinin sosial həyat şəraitinin bir qədər də pisləşməsinə səbəb kimi ölkə boyu monopoliyanın olmasını göstərib: “Bir ölkə çərçivəsində biz buna nəzər salsaq görərik ki, sosial vəziyyətin pisləşməsi inhisarçılıq və korrupsiya halları ilə yanaşı, həm də daxili istehsalın, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməməmsinə bağlıdır. Bəzi iş adamlarının özlərinin də etiraf etdiyi kimi əkilən sahələrin becərilməsində yaranan və yaradılan çətinliklər bizi xarici ölkələrdən asılı vəziyyətə gətirib. Ölkə üzrə mövcud nöqsanların həlli üçün islahatlatlar tələb edilir və buna da gücülü iradə lazımdır. Əlbəttə, demək olmaz ki, işlər görülmür. Son zamanlar verilən qərarlar müəyyən addımların atıldığının göstəricisidir. Ümid edək ki, uzun illərdir öz bildikləri kimi işləyən bəzi yerli icra hakimiyyəti orqanları qəbul edilən qərarları yerinə yetirəcəklər.”

 A.Heydərli son zamanlar ATƏT-in Minsk Qrupunun Qarabağ problemti ətrafındakı fəaliyyətinə də toxunaraq bildirib ki, uzun illər əvvəl AİP-in söylədikləri nəhayət özünü göstərməyə başlayıb: “Biz daim Minsk Qrupunun Qarabağ probleminin həlli yönündə heç bir faəliyyət göstərmədiyini, onların işlərinin münaqişənin uzadılmasına xidmət etdiyini söyləyirdik. ATƏT-in sözügedən siyasəti bu gün tam çılpaqlığı ilə ortadadır. ABŞ-ın ATƏT nümayəndəsinin Varşavada erməni lobbisinin təşkil etdiyi konfransdakı çıxışı da buna misaldır.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button