ArxivXəbərlər

Yaltaqlara “dur” deyən bloggerə 5 il 6 ay həbs cəzası verildi

“Bu hökm millətin namusuna qara ləkədir”

Əbdül Əbilov: “Bu ləkədə imza sahibi olmaqdansa, dəmir barmaqlıqlar arasında olmaq daha şərəflidir”

“Facebook”dakı “Yaltaqlara “dur” deyək” səhifəsinin admini, blogger Əbdül Əbilovun məhkəməsi yekunlaşdı. CM-nin 234.4.3-cü maddəsilə ittiham olunan blogger 5 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında əvvəlcə Əbdül Əbilovun vəkili Xalid Bağırov müdafiə nitqilə çıxış edib. Məhkəmə istintaqı zamanı Əbdülə qarşı ittihamların təsdiqini tapmadığını, əksinə onun “facebook”dakı fəaliyyətinə görə şərlənməsinin sübut olunduğunu deyən vəkil bloggerə bəraət verilməsini istəyib.
Daha sonra Əbdül Əbilov özü məhkəmədə son sözünü deyib. Yaltaqlara “dur” deyən bloggerin çıxışı kifayət qədər təsirli olub:

“Haram tikə yesəydim, haqq sözü deməyə cəsarətim olmazdı”

“Möhtərəm hakim! Hörmətli Məhkəmə Kollegiyası! Hörmətli məhkəmə iştirakçıları! Hörmətli vəkil! Hörmətli Prokuror!
İttiham olunduğum “milli” maddə ilə həbs olunduqdan sonra yaxınlarımdan, tanışlarımdan bəziləri mənə irad tutdular ki, “sənə bu lazım idi, çətin şərtlərdə də pis yaşamırdın. Həbs olunmağınla ən böyük zərbəni anana, ailənə vurmuş oldun”. Həbsxana həyatı elə bir məkandır ki, düşünmək üçün kifayət qədər vaxt var. Ağlım kəsən vaxtdan bəri elə bir hərəkət eləməmişəm ki, keçmişə baxıb onun peşmançılığını çəkim. Zamanı geri qaytarmaq mümkün olsaydı, zaman mənə yaltaqlıq və ona qarşı mübarizə aparmaq seçimini tanısaydı, sonu nə olursa olsun, tərəddüd etmədən yaltaqlığa qarşı mübarizə aparardım.
Kiçik yaşlarımdan atasız böyüdüyüm bu həyatda hər cür çətinliklər yaşamışam. Amma bu yaşıma qədər haram tikə yeməmişəm. Haram tikə ilə bəslənsəydim, haqq sözü demək cəsarətini özümdə tapa bilməzdim. Mövcud idarəetmə sistemi, xüsəsən məmur səriştəsizliyi ailəmin bir üzvünün ölümünə səbəb oldu. Min bir əziyyətlə aldığım avtomobilimə və sağlamlığıma vurulmuş ziyan hüquq-mühafizə orqanları əməkdaşlarının “səyi” nəticəsində bu günə qədər ödənilməyib.

“Şəxsiyyəti olan insan haqsızlığa, bügünkü repressiyalara susmaz!”

Mən zindanda çəkdiyim əzablardan daha ağır əzablar çəkmişəm. Amma anama və ailəmə əzab verməmişəm. Mənim həbsimə görə anamın və ailəmin çəkdikləri mənə əzab verir. Bu əzabları bizə yaşadanlar bu dünyada da olmasa, axirətdə mütləq cəzalarını çəkəcəklər. Həqiqətdən yüksək, qanun yoxdur.
Babam Əbülfəz İmaməliyev rayonun tanınmış ruhanilərindən olub. O, sovet idarəetmə sistemində haqq sözünü dediyi üçün 1937-ci ildə böyük şair Mikayıl Müşfiqlə bir yerdə güllələnib. Həmin dövrdə yaltaqlıq edən, repressiyaları alqışlayanların törəmələri bu gün gəncliyi boğaraq, söz azadlığımızı əlimizdən alıb, bizlərə 37-ci illəri təkrar yaşadırlar.
Yaltaqlığa qarşı çıxıb, haqq sözünü demək mənim qanımda var. Müstəqillik dövründə repressiyalara məruz qalmağımız faciədir. Bu repressiyaları “milli repressiyalar” adlandırardım. Bu gün baş verən milli repressiyalara göz yummaq yaltaqlıqdır, ikiüzlülükdür, laqeydlikdir, qorxaqlıqdır. Şəxsiyyəti olan insan haqsızlığa susmamalıdır.

“Yaltaqlıqla yaxşı yaşamağı özümə ar bildim”

Yaltaqların, qorxaqların ucbatından mən bu günə kimi həbsdəyəm. Mənim də yaltaqlıqla yaxşı yaşamaq imkanım vardı, amma bunu özümə ar bildim. Allahın verdiyi bir ömrü bu abırla keçirməyi özümə rəva bilmədim.
Bu milli repressiyalar insanları həbslərlə bezdirib, onları ölkədən getməyə vadar etməyə hesablanıb. Rejimin istədiyi budur ki, biz ya avtoritar idarəetmə sistemilə razılaşıb onlar üçün qul kimi işləməliyik, ya da ölkəni tərk etməliyik.
Xalqın haqqını tələb edənlər xalqın düşməni ola bilməz. Xalqın düşməni onun haqqını tapdalayanlardır.
Cəmiyyətimizdə, xüsusən vəzifəli şəxslər səviyyəsində yaltaqlıq o həddədir ki, hətta mərhum prezident Heydər Əliyevin qızı Sevil Əliyeva da dilə gəlib. O, müsahibələrinin birində deyir: “Atam Moskvada işlədiyi zaman vəzifəyə çəkdiyi adamlar, atam pensiyaya çıxanda ondan üz döndərdilər. Həmin adamlar öz sifətlərini göstərdilər. Biz artıq bunları görmüşük, bu mərhələni keçmişik. Ancaq bu gün görəndə ki, həmin adamlar necə yaltaqlanır, kitablar yazır, onun adından istifadə edib özlərinə piar qururlar…”
Sevil Əliyevanın müsahibəsi cəmiyyətə mesaj kimi qiymətləndirilməlidir. Yəni, prezident İlham Əliyevin bacısı hakimiyyətin daxilində olan bir çox məmurların onun atasının adından istifadə etdiyi, zəhməti, işgüzarlığı ilə vəzifəyə yüksələ bilməyənlərin yaltaqlıqla buna nail olub xalqa divan tutduğu, bu adamların xalqın deyil, öz maraqlarını düşündüyü, cəmiyyətin isə buna etiraz etməli olduğu mesajını verir.

Yaltaqlığa görə “Şərəf”lənənlər də var…

Admini olduğum “Yaltaqlara “dur” deyək” səhifəsinin əsas məqsədi yaltaqları cəmiyyətə tanıtdırmaq, onlara qarşı ictimai qınaq formalaşdırmaq idi. Bizim cəmiyyətimizdə yaltaqlıq son illərdə adi hal kimi qarşılanmaqdadır. Bir cəmiyyətdə ki, yaltaqlıq baş alıb gedir, deməli, orada qanunlar işləmir. Ölkədə yaltaqlıq elə bir iyrənc səviyyəyə çatıb ki, hətta yaltaqlıqla “Şərəf” ordeni alanlar da kifayət qədərdir. Geniş vüsət almış yaltaqlıq insanları kölləliyə doğru aparmaqdadır. Yaltaq insanlar, həqiqəti deyənlərin birbaşa düşmənidir. Səhifəmdə yaltaqlarla mərd şəkildə sözünü deyə bilən insanları müqayisə də edirdim. Bu müqayisələrdən biri də “youtube.com” saytından götürdüyüm, mərhum prezident Əbülfəz Elçibəyin Heydər Əliyev haqqında tənqidi fikirlər səsləndirdiyi video idi. Məni həbs edən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının da ən çox maraqlandıqları video bu idi. Onlar həmin videonu necə əldə etdiyimi öyrənmək istəyirdilər.

Dustaq dustağa necə kömək edə bilər ki?!

Prosedur qaydalara uyğun olaraq, məhkəmədən mənə bəraət verilməsini istəməliyəm. NİDA-çı dostlarımızın təbirincə desək, hazırkı məhkəmə prosesində bu rejimin qurbanları təkcə mən deyiləm. Çünki bu sifarişli cinayət işinə sizin hakim və prokuror kimi təyin edilməyiniz sizi də qurbana çevirib. Əslində, biz bu qəfəsdə, siz isə azadlıqda – hamımız özü boyda qəfəsə çevrilmiş Azərbaycanda girov və qurban həyatı yaşayırıq. Ona görə də sizdən, məcbur edildiyinizdən artıq bir şey tələb etmək mənim üçün də çətindir. Dustaq dustağa necə kömək edə bilər ki?! Fərqimiz yalnız ondadır ki, mən bütün bu gerçəklikləri görürəm, anlayıram, lakin qəbul etmirəm. Amma mənim şərlənərək həbs olunmağım və burada qarşınızda qondarma “milli” maddə ilə ittiham olunmağım bu rejimin girovunda olan şəxslər kimi, sizin mərhəmət hissinizə təsir edə bilməz. Peyğəmbər balası İmam Hüseyni qətlə yetirmək istəyənlərə İmam nəsihətlərinin sonunda belə demişdi: “Mənim haqq sözüm sizə ona görə təsir eləmir ki, bədəniniz haram tikələrlə bəslənib”.
Lənətlik Yezidin əmrini yerinə yetirərək İmamı qətlə yetirən dəstənin başçısı, Ömər ibn Səidə vəd olunan vilayət rəhbərliyi də ona verilmədi. Axirətindən məhrum olunmuş Ömərin bu dünyası da puç oldu. Sizlər bu gün rejimin qanunsuz əmrlərini yerinə yetirməklə mən və mənim timsalımda şərlənərək həbs olunan NİDA-çılar başda olmaqla, İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, Qurban Məmmədov, Anar Məmmədli, Taleh Bağırzadə, Abgül Süleymanov, Əvəz Zeynallı, Hilal Məmmədov, Ömər Məmmədov, Elsevər Mürsəlli, Rəşad Ramazanlı, Rauf Mirqədirov, Pərviz Həşimli kimilərin barəsində hökm verməklə, bu dünyanızı abad etdiyinizi düşünürsünüz. Amma Ömər ibn Səidin aqibətini unutmamağı tövsiyə edirəm. Gün gələcək, sizlər də Fərhad Əliyevin, Əli İnsanovun aqibətini yaşayanda, hakimiyyətin sizi ittiham edəcəyi əməllərdən biri də şərlənərək həbs olunmuş şəxslər barəsində verdiyiniz hökmlər olacaq.

“Bu hökm millətin namusuna yazılacaq qara ləkədir”

Həbs olunduqdan sonra ictimaiyyətə göndərdiyim ilk qısa müraciətimi bir daha xatırlatmaq istəyirəm. Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan dəstək gözləyirəm. Mən günahsızam, məni şərləyiblər. Bu müraciətimdən sonra müdafiəmə qalxan və qalxmağa çalışan hər bir insana minnətdarlığımı bildirirəm.
Məhkəmələr millətin vicdanıdır. Mənə oxuyacağınız hökm sizə görə bir neçə səhifəlik kağızdan ibarət ola bilər. Amma tarix baxımından, verəcəyiniz hökm millətin vicdanına, namusuna yazılacaq qara ləkədir. Bu ləkədə imza sahibi olmaqdansa, dəmir barmaqlıqlar arasında olmaq daha şərəflidir”.

***

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən vəkil Xalid Bağırov bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək./azadliq.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button