Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Moskvaya işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunub.
Söhbət zamanı qurumlar arasında mövcud ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlıq, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmalar, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılıb.