ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tehranla Bakı anlaşılmazlıqlara ağıllı şəkildə son qoydular

 Təsnim yazır ki, qonşu ölkələr arasındakı fikir ayrılıqlarının, problemlərin danışıqla, kənar qüvvələrdən təsirlənmədən aradan qaldırılması mümkündür. Bu, onların maraqlarını təmin etməklə yanaşı, düşmənlərin təxribat və planlarının qarşısını da alır.

Agentlik bildirir ki, İran hər zaman dinc, yanaşı yaşamaq, qonşularının suverenlik hüququna hörmətlə yanaşılması prinsipindən çıxış edib. Bu mənada o, hərtərəfli əlaqələri inkişaf etdirmək üçün əlindən gələni əsirgəməyib. Məsələn, Ermənistanla Azərbaycan arasında bir zamanlar işğal altında olmuş Qarabağ bölgəsində baş vermiş son müharibədə Tehran konstruktiv mövqe sərgiləyib. Rəsmi Tehran münaqişənin dinc yolla həll olunması istiqamətində diplomatik danışıqların aparılmasına çağırış edib, işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıb.

Müəllif qeyd edir ki, İran rəsmilərinin bu yanaşması ortaq dəyərlərə və nəticə etibarı ilə sülhə əsaslanır. Amma bu yanaşma bəzən regionda sabitliyi pozmağa çalışan bəzi bədxahların şər əməlləri və müdaxiləsi nəticəsində anlaşılmazlıqlara da səbəb olur. Nəticədə qonşu ölkələr arasında o qədər də yaxşı görünməyən ritorikaya rast gəlinir. Azərbaycan rəsmilərinin son həftələrdə İrana qarşı istifadə etdikləri ifadələr də buna nümunə idi. Təəssüf ki, qonşular arasında dinc münasibətlərin olmasını istəməyən, regionda çaxnaşma və böhran yaratmağa çalışan qüvvələr belə hallardan istifadə edir. Amma Tehranla Bakı müxtəlif amilləri, həmçinin iki ölkə arasındakı ortaq mədəni və dini dəyərləri, aralarındakı siyasi-iqtisadi əlaqələri nəzərə almalıdırlar. Odur ki, onlar bu anlaşılmazlıqları aradan qaldırmağa, münasibətləri inkişaf etdirməyə, ikitərəfli əlaqələrin əvvəlki, arzuolunan səviyyəyə qayıtmağa çalışmalıdırlar.

Təsnim qeyd edir ki, bu gün tərəflərin sayıqlığı, mövcud gərginliyi azaltmaq üçün atdıqları birgə addımlar iki ölkə arasındakı qədim isti münasibətlərin bərqərar olması üçün əlverişli şərait yaradıb. Başqa sözlə, tərəflər münasibətlərin normallaşması, anlaşılmazlıqların aradan qalxması istiqamətində mühüm addımlar atır.

Yazının sonunda bildirilir ki, İsrailin regionda mövcud olub-olmadığı, fəaliyyət göstərib-göstərmədiyi məsələsində şəffaflıq, şübhəsiz ki, iki dövlət arasında münasibətlərin yaxşılaşmasında mühüm rol oynayacaq. Çünki bu, İrana və ümumilikdə regionun təhlükəsizliyinə təhdiddir. Xarici münasibətlər elə tənzimlənməlidir ki, bölgəyə kənar, xəbis və təhlükəsizliyi pozmaq niyyəti güdən ölkələrin ayağı açılmasın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button