ArxivIslamXəbər lentiXəbərlər

AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik edib.
qafqaz.az/Qurumun Mətbuat Xidmətindən daxil olan təbrik müraciətində deyilir:“Əziz həmvətənlərimiz, mömin qardaşlarımız və möminə bacılarımız! Sizi mübarək və bərəkətli Ramazan ayının gəlişi, Allahın bəndələrinə ziyafət ayının başlanması münasibətilə səmimi qəlbdən təbrik edirik. On bir ayın sultanı Ramazan həm də ayların ən məğfirətlisi, seçilmişidir. Allah-Təala məhz bu mübarək ayda bəşəriyyətə Özünün ən böyük hədiyyəsi olan Qurani-Kərimi nazil etdi.Allahın mərhəmət və bağışlanma ayı olan Ramazanda edilən dualar qəbul olunur, insanların Yaradandan istək və arzuları həyata keçir. Belə ki, İslam Peyğəmbəri (s) mübarək Ramazan ayı ərəfəsində möminlərə söylədiyi xütbələrdən birində bu ayın insanlar üçün əhəmiyyəti barədə belə buyurmuşdur: ”Ey insanlar! Allah-Təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allahın nəzərində bu ay ən bərəkətli aydır. Gündüzləri gündüzlərin, gecələri gecələrin ən yaxşısıdır. Bu ayda sizlər Allah-Təalanın verdiyi ziyafətə qonaq edilmiş, Tanrının kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz Tanrı dərgahında qəbul olunur, Allah dualarınızı müstəcab edir.”Mübarək Ramazan ayı mənəvi, elmi-fəlsəfi mahiyyət etibarı ilə cəmiyyətin ayrı-ayrı təbəqələri arasında hər cür sosial, yaşayış fərqlərin aradan qaldırılmasının göstəricisi, ruhun və bütövlükdə insan vücudunun təmizlənməsi ayıdır. Ölkəmizdə sosial-ictimai həyatın çətinliklərini yaşayan, ciddi ehtiyac içində olan insanları nəzərə alsaq, əziz Peyğəmbərimizin(s) buyurduğu kimi, bu ayda kasıblara, ehtiyac içərisində yaşayanlara əl tutmağın, kömək etməyin vacibliyini, böyük bir savab əməl olduğunu görərik. Bu, məhz biz müsəlmanlara ibadət edib oruc tutmaqla bərabər vacib bilinib.Mübarək Ramazan, qeyd olunduğu kimi, paklıq ayıdır. Bu ayın ən gözəl fəzilətlərindən biri insanın öz nəfsi istəkləri ilə mübarizəsi, cihad etməsidir. Məhz insanlar arasında bərabərliyin ən ümdə amili də nəfsi istəklərə qalib gəlməkdir.Hazırda əziz Ramazan günlərini məhbəsdə qarşılayan və oruc tutan dindar, ruhani qardaşlarımız barədə qondarma, saxta ittihamlar, hökmlər çıxaran səlahiyyət sahiblərinin üzərinə də yüksək ilahi məsuliyyət düşür. Haqsız həbs olunanların azadlıq haqlarının bərpa olunması onların cəzalanmasına rəvac verənlərin Allah tərəfindən bağışlanmasına bir fürsət olacaq. Dua edək ki, siyasi, vicdan məhbusları, ruhani alimlər, xalqını, Vətənini fikir və düşüncələrində daim əziz tutan vətənpərvər insanlar gələn Ramazanı evlərində, ailələrilə birgə keçirsinlər.Allah-Təaladan bir daha tutacağınız oruc və edəcəyiniz ibadətin qəbul olunmasını diləyirik. Arzu edirik ki, qəlblərinizin iman çırağı bu mübarək ayda daha çox parlasın, Vətənimizin xoş gələcəyi, bütün müsəlman torpaqlarında İslam bayrağının ucalması, doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi üçün edəcəyiniz dualar Allah dərgahında qəbul olunsun.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button