ArxivIslamMüsahibəNardaranQadin və hicabSosialXəbər lentiXəbərlər

Siyasi məhbusları necə müdafiə edirik

Azərbaycan artıq illərdir ki, ən çox siyasi məhbusu olan ölkələr sırasındadır. Hər il azadlığa çıxanların yerini yeniləri əvəz etdiyindən, say da, demək olar ki, dəyişmir. Lakin son zamanlar bir çox siyasi məhbuslar və yaxınlarının daha çox yerli və bəynəlxalq ictimaiyyət, elədə də medianın ünvanına şikayətləri artıb. Onlar siyasi məhbus probleminə əvvəlki qədər diqqət göstərməməsindən giley edirlər.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində keçirdiyi və 6 nəfərin həlak olması ilə nəticələnən əməliyyatına etiraz etdiyinə görə həbs edilən Əhsən Nuruzadə, ölkədəki sayca 100-dən çox olan siyası məhbusdan biridir. Zeynəb Hüseynova 7 il həbs cəzası alan oğlununun haqqında kifayət qədər danışılmadığını, barəsində mediada yazılmadığını deyir:

“Mənim oğlum dindar olsa da, onu siyasi baxışlarına görə həbs ediblər. Əhsən həmişə haqsızlığa qarşı çıxış edib. Ancaq düşünürəm ki, bəlkə də dindar olduğuna görə onun həbsinə belə soyuq yanaşırlar”.

Azərbaycandakı siyasi məhbusların siyahısını ayrı-ayrılıqda müdafiəçilərindən ibarət iki qrup hazırlayır. Siyahılarda əsasən fərq bəzi dindar məhbuslarla bağlı fikir ayrılığı səbəbindəndir. Hər iki siyahını nəzərə alsaq, ölkədə ümumilikdə siyasi məhbus sayı 150-yə yaxındır və onların təxminən yarısı məhs cəmiyyətin dini kəsimdən olan məhbuslardı.

İlkin Rüstəmzadə və anası Atlas Hüseynova
İlkin Rüstəmzadə və anası Atlas Hüseynova

Amnesty beynəlxalq insan haqqları təşkilatının “vicdan məhbsusu” kimi tanıdığı gənc fəal İlkin Rüstəmzadə isə artıq 6 ildir ki, həbsdədir. Gənc fəalın anası Atlas Hüseynova deyir ki, İlkin son zamanlar əsasən həbsxanada ona hansısa təzyiqlər olunduğu halda gündəmə gəlir.

“Elə əksər siyasi məhbuslar yeni-yeni həbs olunarkən və hansısa problemlərlə qarşılaşanda yada düşürlər. Yəni olnarın müdafiəsi kortəbii şəkildə aparılır. Məsələn İlkin artıq altıncı ildir ki, həbsdədi. Əlbəttə ki, onun haqqında hesabatlarda da yazılır, lakin tez də unudulur. Amma siyasi məhbuslara davamlı və ciddi dəstək olmasa vəziyyətləri daha da pisləşəcək”.

Beynəlxalq səviyyədə təzyiq yoxdur!

Siyasi məhbusların ictimaiyyət tərəfindən dəstək görməsi, hüquqlarının müdafiəsi məsələsinə fərqli yanaşanlar da var. Digər vicdan məhbus, jurnalist Seymur Həzinin yoldaşı Nigar Həzi isə düşünür ki, yerli müdafiə və ya məlumatlandırma problemin həllinə ciddi kömək edə bilməz. Əsas dəstək beynəlxalq insan haqqları təşkilatları tərəfindən olunmalıdır, lakin son illər onların bir çoxu Azərbaycanda baş verən repressiyalar, siyasi həbslərə loyal yanaşır və müdafiəni zəiflədiblər:

Seymur Həzi və xanımı Nigar Həzi
Seymur Həzi və xanımı Nigar Həzi

“Başa düşüləndir ki, ard-arda həbs edilənlər var deyə sistemli müdafiə aparıla bilmir. Lakin açıqca görünür ki, beynəlxalq təşkilatların siyasi məhbuslara diqqəti xeyli azaldıb. Onlarla bağlı hökümətə təzyiqlər edilmir, rəsmi danışıqlara gedilmir.  Siyasi məhbus ailələrinin durumu get-gedə pisləşir. Həbsdə məhbsulara təzyiqlər artır”.

Vicdanlılıq prinsipi

Siyasi məhbusların müdafiəsi ilə məşğul olan vəkil Yalçın İmanov siyasi məhbusların müdafiəsinin əsasən məhbusun çevrəsi məsələsinə çevrildiyini deyir:

“Hər siyasi məhbusun çevrəsindən, fəaliyyətindən asılı olaraq ona diqqət fərqli ola bilər, amma belə olan halda fərq aşkar görünməməlidir. Bir məhbusun adı hər gün hallansın ancaq məhbuslar var ki adı çəkilmir ya problemi qaldırılmır. Hətta xaricdəki aksiyalarda belə ancaq bir neçə bir qrup məhbusun şəkli göstrilir. Bu artıq çevrə məsələsinə çevrilib. Bu yanaşma ilə hansısa problemi həll etmək mümkün deyil.

Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov

Yalçın İmanov hesab edir ki, siyasi məhbusların müdafiəsi məsələsində əsasən vicdanlılıq prinsipi önə çəkilməlidir:

“Bu problemin həlli qarşıya qoyulmuş hədəfdirsə, siyasi məhbus kimi tanınan şəxslərin işinə xüsusi həssaslıqla yanaşılmalıdır. Beynəlxalq təşkilatlar da adlarını çəkdikləri hər bir adamla bağlı vaxtaşırı kompaniyaların aparılmasını təşkil etməlidirlər.”.

Siyasi məhbus məsələsində “monopoliya”

Siyasi məhbus ailələri barədə məlumatları toplayan, onları əlaqələndirən Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin sədri Zəfər Əhmədov da deyir ki, məhbsuaların müdafiəsində monopoliya var, amma təbii monopoliya:

“Siyasi fəaliyyətinə və baxışlarına görə həbs edilənlər şəxslərin yerli hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısına salınmasında hansısa bir problem yoxdur. Amma heç də onların gündəmdə saxlanılması, adlarının mediada, tədbirlərdə, hesabatlarda çəkilməsi məsələsi eyni qaydada baş vermir. Məsələn, hansısa partiyalar daha çox öz partiyadaşlarının məsələsini qabardırlar. Elə keçirilən etiraz aksiyalarındakı posterlərdən də görünən odur ki, daha çox tanınmış şəxslər önə çəkilir. Ailələr də, ictimai insanlar da bu işlərin bərabər şəkildə aparılmasına çalışmalıdır”.

Siyasi məhbus ailələrinə maddi yardım

Maddi sıxıntıları olan siyasi məhbusların hüquqi müdafiəsi və ailələrinə yardım bir sıra hüquq müdafiə təşkilatları ilə yanaşı, fərdi şəxslər tərəfindən də həyata keçirilir. Miütəlif qruplar tərəfindən pul toplama kompaniyaları aparılır. Bu cür kütləvi vətəndaş təşəbbüslərindən biri də xaricdə yaşayan bir qrup mühacirin ikinci ildir ki reallaşdırdığı “Mən də varam” adlı aksiyadır. Aksiyanın təşkilatçılarından olan mühacir Nahid Cəfərov hər ay mütəmadi olaraq təxminən 20 siyasi məhbus ailəsinə davamlı yardım etdiklərini bildirir. O siyasi məhbus ailəsi seçimində əsas meyarın maddi ehtiyac məsələsi olduğunu deyir:

''OYAN'' Hərəkatının Həm-təsisçisi Nahid Cəfərov
”OYAN” Hərəkatının Həm-təsisçisi Nahid Cəfərov

“Əsasən siyasi məhbus kimi tanınan şəxslərə yardım edirik. Onlar haqqda məlumatları Siyasi Məhbus Ailələrinin Koordinasiya Mərkəzindən alırıq və maddi durumu çətin olanlara üstünlük veririk. Yardım etdiklərimiz arasında həm dini baxışlarına görə həbs edilənlər, həm jurnalistlər, həm də müxtəlif partiyalardan olan fəallar var. Fərq qoymamağa və ədalətli olmağa çalışırıq. Amma bunu nə dərəcədə bacarırıq deyə bilmərəm”.

Media da ayrıseçkiliyə yol verir

Ölkədə azad mediaya və müstəqil jurnalistlərə basqılar olduğundan siyasi məhbus  problemi haqda da yazanlar çox deyil. Bir çox siyasi məhbuslarla yanaşı Nardaran hadisələrinə görə həbs edilənlərin də məhkəmə proseslərini işıqlandırmağa çalışan müstəqil jurnalist Aytən Məmmədova bu mövzuda mediada da ayrıseçkiliyin olmasından danışır. Onun sözlərinə görə, bu ayrıseçkilik əsasən ictimaiyyətdəki fərli ideoloji yanaşmalar doğur:

“Xüsusən dini baxışlarına görə həbs edilən məhbuslara qarşı mediada, vətəndaş cəmiyyəti sektorunda fərqli yanaşma var. Bəzən bu yanaşma önyarğılar, steriotiplərə əsaslanır. Nəticədə bu ayrıseçkilik mediada da, hətta sosial şəbəkələrə də nəzər saldıqda da aydın gözə çarpır. Dini baxışına görə həbs edilən hansısa siyasi məhbusa qarşı ciddi qanun pozuntuları olsa da, jurnalistlər bu mövzuya diqqət etmirlər, dindarların məhkəmələrdə iştirak etmirlər. Hələ də bədənində güllələrlə gəzən ağırlar çəkən və hüquqları pozulan siyasi məhbuslar var ki, barələrində kimsə yazmır. Elə cəmiyyətin siyasi kəsimi də buna diqqət etmir”.

“Siyasi məhbus probleminin həlli üçün ciddi işlər görülür”

REAL partiyasının üzvü və ölkə üzrə siyasi məhbus siyahısının hazırlanmasını həyata keçirən işçi qruplarından birində fəal iştirak edən hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rəsul Cəfərov isə siyasi məhbuslarla bağlı informasiya yayımı və müdafiə işinin normal aparıldığını deyir:

Hüquq müdafiəçisi məhbus Rəsul Cəfərov
Hüquq müdafiəçisi məhbus Rəsul Cəfərov

“Ola bilər ki, Avropa Məhkəməsindən müsbət qərar olduqda və ya təşkilatlar tərəfindən daha çox diqqət olduğuna görə bəzi işlər daha çox önə çıxır. Lakin hansısa tədbirdə, görüşlərdə fiziki olaraq hər bir məhbusun adını çəkmək mümkün deyil. Əslində adların daha çox çəkilməsindənsə, problemin özünə diqqətin verilməsi daha önəmlidir”.

Hüquq müdafiəçisi əlavə edir ki, mütəmadi məlumatlar verilməsə də, beynəlxalq təşkilatlarda Azərbaycanın siyasi məhbus məsələsi müzakirə edilir:“Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli müqavilənin bağlanması yönündə danışıqlar gedir. Bundan da istifadə edib siyasi məhbusların azadlığa çıxması ilə bağlı işləri sürətləndirmək lazımdır. Avropa Parlamenti açıq şəkildə qətnamə qəbul edib, siyasi məhbusların azadlığa buraxılmayacağı təqdirdə Avropa Birliyi ilə Azərbaycanla arasında olan müqaviləni ratifikasiya etməyəcəyi haqda bəyanatını nəzərə alqsaq, bu, kifayət qədər ciddi mesaj hesab oluna bilər. Onu deyə bilərəm ki, siyasi məhbuslarla bağlı mümkün olan hər şey edilir”.

Beynəlxalq təşkilatların diqqəti niyə azalıb?

Freedom House təşkilatı Azərbaycan üzrə ümumilikdə insan hüquqlarının durumu ilə yanaşı, mətbuat və internet azadlığı üzrə illik hesabatlar hazırlayır. Təşkilatın sonuncu “Dünyada Azadlıq – 2018” adlı hesabatına görə, Azərbaycan 49  azad olmayan ölkələr siyahısındadı.

Freedom House təşkilatının Avrasiya üzrə direktoru Marc Behrendt həbsdə olan şəxslərə fərdi qaydada bəynəlxalq diqqətin həbsxanada onlara qarşı davranışa müsbət təsir edə biləcəyini qeyd edir. Onun sözlərinə görə, statistika da göstərir ki, hansısa məhbusun müdafiəsi olmadığı və ya baş verənləri kimlərsə nəzarətdə saxlamadığı təqdirdə, işgəncəyə məruz qalma ehtimalı daha çoxdur:

“Freedom House siyasi məhbusların hüquqlarını hökumətləri məsuliyyətə cəlb etmək üçün hesabat mexanizmləri, fərdi hallar üzrə bəyanatlar verməklə və insan haqqları müdafiəçilərinə bilavasitə yardımlar edərək dəstəkləməklə müdafiə edir.  Bəzən biz məhbuslara kömək etmək üçün maddi yardımlar edirik.

Amma doörudur ki, siyasi məhbusların hüquqlarının müdafiəsi çətindir. Ümumilikdə vətəndaşların hüquqlarına görə məsuliyyyəti hökumətlər daşıyır və bunu etmədikdə, onları məsuliyyətə cəlb etmək imkanları məhdud olur. Azərbaycandakı mövcud siyasi məhbus sayını nəzərə alasaq deyə bilərik ki, biz kifayət qədər uğurlu deyilik”.

Marc Behredt həmçinin qeyd edir ki, avtoritar ölkələr dünyada başqalarının onlar haqda nə düşündüklərini veclərinə almayırlarmış kimi davranırlar:

“Avtoritar ölkələrdə bizim tətbiq etdiyimiz istənilən hansısa bir vasitələri istifadə etməklə onları məsuliyyətə cəlb etmək şanslarımız azalır. Bununla belə mən hesab edirəm ki, bizim əksəz hallarda göründüyündən daha çox təsir etmək imkanlarımız var. Bu səbəbdən də hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu hökumətlərin insan haqqları ilə bağlı öz üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetrimələri üçün onlarda onlarla şəxsi və ictimai qaydada qarşılıqlı əlaqələrini davam etdirməlidirlər”.

Kim, niyə susur və ya nə etmək olar? 

Vicdan məhbusu, bloqqer Mehman Hüseynovun artıq 10 gündən çoxdur ki, həbsxanada aclıq aksiyasına başlaması, ümumilikdə ölkədəki siyasi məhbus problemini bir daha diqqəti cəlb etmiş oldu. Mehman Hüseyov həbsdən çıxmasına təxminən iki ay qalmış barəsində yeni cinayət işi açıldığına görə etiraz edir. Hadisə xarici mətbuatın da diqqətini cəlb etməklə yanaşı, beynəlxalq insan haqqları təşkilatları və qurumları tərəfindən kəskin bəyənatlara səbəb olub. Mehman Hüseynovu dəstəkləmək üçün gənclərdən tutmuş, bəzi siyasilərə qədər ölkədə və xaricdə keçələrə çıxaraq etiraz edənlər, video müraciətlər yayanlar və hətta aclıq aksiyasına qoşulanlar var. Elə sosial şəbəkələrdə də “Mehman Hüseynova daha necə dəstək ola bilərik?” sualı ətrafında davamlı müzakirələr aparılır. Lakin gənc bloqqerin  qardaşı, siyasi mühacir Emin Hüseynov isə yerli ictimaiyyət nümayəndələrini, partiyaları susmaqda, hadisəyə aktiv reaksiya verməməkdə qınayır:

Mehman Hüseynov və Emin Hüseynov
Mehman Hüseynov və Emin Hüseynov

“Müxalifət partiyalar ilin ən böyük hadisəsinə reaksiya verməlidirlər. Partiyalar susmamalıdırlar. Söhbət insan haqqlarından getmir təkcə. Bu, dövlətin etdiyi cinayətdir və siyasi kəsim mütləq reaksiya verməlidir. Siyasi qiymətləndirilmə aparılmır. Qeyri Hökümət təşkilatları da susurlar”.

“Siyasi məhbusların hər birini cəmiyyət tanımalıdır”

Keçmiş siyasi məhbus, jurnalist və siyasi analitik Rauf Mirqədirov da deyir ki, müdafiənin pərakəndliyinin bir neçə səbəbləri olsa da, sistemli şəkildə siyahıdakı bütün məhbuslar barədə məlumatlar yayılmalı və daha effektiv müdafiə işi qurulmalıdır:
“Təəssüf ki, siyasi məhbusların hüquqularının qorunmasında hər zaman fərq olub. Bu, onların şəxsən tanınmış biri olub olmaması,  aid olduqları partiyaların gücü, istər fəaliyyətlərinin miqyası və ya idealogiyasındakı fərqdən irəli gəlir. Məsələn, nə qədər hüquq müdafiəçiləri etiraf etməsələr də, dindarların müdafiəsinə bərabər yanaşma belə yoxdu. Bu problemi aradan qaldırmaq üçün siyahı üzrə media və ya hüquq müdafiəçiləri hər siyasi məhbusla bağlı məlumat yaymağa çalışmalıdırlar. Bunu bölgü ilə etmək olar. Hər ay 4-5 məhbusa həsr edib onları gündəmə, diqqətə gətirmək mümkündür”.

Rauf Mirqədirov həmçinin əlavə edir ki, partiyasından, çevrəsindən asılı olmayaraq ölkədə siyasi məhbusların müdafiəsi üçün mənəvi və maddi resurslar da qıtdır. Məsələn, vəkillərin lisenziyası əllərindən alınır, və yaxud ölkədə hüquq müdafiə təşkilatlarının işinə ciddi əngəllər yaradılır. Bu da məhbusların olsa effektiv müdafiəsinə ciddi təsir göstərən amillərdəndir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button